Rusiya Prezidenti illik mətbuat konfransında gündəmi dəyişəcək açıqlamalar verib
Putin bildirib ki, Karlovun ölümü Türkiyə ilə münasibətlərə təsir etmir
Dünən Rusiya Prezidenti Vladimir Putinin ənənəvi böyük mətbuat konfransı keçirilib. Konfransda 1500-ə yaxın jurnalist iştirak edib. Jurnalistlərin suallarını cavablayan Putin bəyan edib ki, o, Nemtsovun, Karlovun öldürülməsiylə bağlı istintaqın gedişini izləyir: "Bütün səs-küylü olayları, o cümlədən Boris Nemtsovun öldürülməsiylə əlaqədar istintaqın gedişini izləyirəm”.
"Türkiyənin bu arqumentinə şübhə edirdim, səfirin qətlindən sonra fikrimi dəyişdim”
Prezident Putin Türkiyə ilə əməkdaşlıq və bu istiqmətdə yaradılan problemlər barədə sualı da cavablandırıb: "Səfirin qətli Rusiyaya qarşı sui-qəsd idi. Mən əvvəl təyyarəmizin türk hərbçiləri tərəfindən vurulması ilə bağlı deyilən arqumentə şübhə ilə yanaşırdım. Səfirin qətlindən sonra mən fikrimi dəyişdim. Belə görünür, müəyyən qüvvələr Türkiyə ordusuna nufuz ediblər. Mən heç kimi ittiham etmirəm. Amma bu faktdır”. Putin bildirib ki, Rusiya səfirinin qətli Türkiyə ilə münasibətlərə təsir etmir: "Biz son illərdə kompromis tapmağa nail olmuşuq”. Putinin sözlərinə görə, Hələbdə situasiyanın tənzimlənməsində Türkiyə və İran Prezidentləri böyük rol oynayıb: "Bizim iştirakımız olmadan, bu, mümkün olmayacaqdı. Üç tərəfli format böyük rol oynadı. Hazırda Hələbdə döyüş əməliyyatı aparılmadan minlərlə insan çıxarılır. Söhbət 100 min adamdan gedir. Bu, nəhəng miqyaslı beynəlxalq humanitar aksiyadır”. Putin qeyd edib ki, bununla yanaşı, Suriya problemini Səudiyyə Ərəbistanı, Misir, İordaniya, ABŞ-ın iştirakı olmadan həll etmək mümkün deyil. O vurğulayıb ki, Qazaxıstan problemin həlli ilə bağlı danışıqlar aparmaq üçün Astananı təklif edib: "Biz problemin siyasi həlli üçün praktik danışıqların başlanmasını istəyirik”.
Putin ABŞ-dakı seçkilərə müdaxilə ittihamını rədd edib
BBC-nin Moskvanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı sualını cavablandıran Putin bildirib ki, uduzan tərəf həmişə günahkarı kənarda axtarıb: "Demokratlar seçkidə uduzmağının səbəbini özlərində axtarsınlar. Partiyanın kompüterinə Rusiyadan olan haker hucumu barədə səslənən ittihamlar yersizdir. Bəlkə o hakerlər başqa ölkədə olublar? Bu bəyəm əsas məsələdir? Əsas məsələ başqadır. Hakerlər Demokrat Partiyasında baş verən manipulyasiyanın üstünü açdılar? Bundan sonra Demokratlar Partiyasının seçki komitəsinin rəhbəri istefa verdi.
Bu onu göstərdi ki, hakerlərin ortaya çıxartdığı düzdür. Demokrat Partiyasının rəhbərləri Amerika xalqından üzr istəmək əvəzinə, hay-küy salırlar”. Putin həmçinin, ABŞ Prezidenti Barak Obamanın ona seçkiyə müdaxilə etməmək barədə "qırmızı telefon”la zəng vurması barədə yayılan məlumata da toxunub. Putinin sözlərinə görə, o, heç vaxt Obama ilə göz-gözə danışdıqlarını publik şəkildə danışmır. "Mənim guya Obama ilə danışıdığımı onun köməkçisi söyləyib. Mənim Obama ilə nə danışdığımı köməkçimdən soruşa bilərsiniz”.
"ABŞ-ın silahı çoxdur, amma biz güclüyük”
Putin canlı yayımda bəyan edib ki, Rusiya ona hücum edə biləcək istənilən ölkədən güclüdür. AzVision.az-ın məlumatına görə, Putin deyib ki, Rusiyada yeni sualtı qayıqlar və təyyarələr düzəldilir. Onun sözlərinə görə, ABŞ-ın silahı çoxdur, lakin Rusiya heç bununla mübahisə belə etmir. Putin bir daha vurğulayıb ki, Rusiya istənilən qüvvədən güclüdür: "Trampa gəldikdə isə o, daha əvvəl də ABŞ-ın nüvə silahının artırılmasından danışırdı. Ən təəccüblüsü isə hazırkı ABŞ Administrasiyasının bəyanatıdır. Onlar dərhal ən güclü silahlı qüvvələrin ABŞ-da olduğunu sübut etməyə çalışırlar. Heç kim buna dair mübahisə aparmır”.
"Heç kim Trampın qələbəsinə inanmırdı”
Putin canlı yayımda deyib ki, hazırkı ABŞ administrasiyasında sistemli problemlər var: "ABŞ Administrasiyası öz uğursuzluqlarının səbəbini xarici faktorların üzərinə atmağa çalışır. Bizdən başqa heç kim Trampın qələbəsinə inanmırdı. Uduzanda da şərəflə uduzmaq lazımdır”.
Putin yenidən Prezident olub-olmayacağı barədə danışıb: "Dünyada, ölkədə baş verənlərə baxacağam”
Rusiya prezidenti bildirib ki, prezidentliyə namizədliyini verib-verməyəcəyi barədə hələ qərar verməyib: "2018-ci ildə namizədliyimi irəli sürüb-sürməyəcəyim barədə düşünüb-daşınacam. Dünyada, ölkədə baş verənlərə baxacam”.
İsmayıl