Şəhər sakinləri istidən parklara qaçır

Milli Elmlər Akademiyasının parkında isə oturacaqlar “can üstədir”
Vüqar Tofiqli: “Yay mövsümündə şəhər rəhbərliyi çalışmalıdır ki, sakinlər yaşıllıqlardan, parklardan, istirahət yerlərindən geniş istifadə edə bilsin”


Şəhərin yay günləri isti keçir. Hətta qızmar. Günlər var ki, hava boğanaq, nəfəs almaq çətindi. Belə günlərdə əlbəttə şəhər əhalisi təmiz, mülayim hava həsrəti ilə parklara, bağlara üz tutur. Şəhərimizdə son illər yaşıllıq sahələri də artıb, parklar, bağlar da. Gözoxşayan məkanlarımız çoxdur.

Gözəllik öz yerində. Amma gözəlliyə, səliqə-səhmana xələl gətirən nüanslar da var, təəssüf ki. Yasamal rayonu ərazisində yaşayanlar dincəlmək, istirahət etmək üçün Hüseyn Cavid parkını, ya da Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkı seçir. Seçməyinə seçir, di gəl ki, əyləşməyə yer tapmır. Oturacaqların - skamyaların yoxluğundan deyil, oturacaqlar sınıq olduğundan. Elmlər Akademiyasının qarşısındakı parkda qoyulmuş oturacaqların əksəriyyətinin məhz orta taxtası qırıqdı. Şəhər sakinləri oturacaqlarda məcbur qalıb, türkün məsəli, yanpörtü əyləşir. 

Daha bunun harası istirahət oldu?! Parkların səliqə-səhmanına cavabdeh olanlar bu problemi niyə həll etmir?

"Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli isə yay mövsümü ilə bağlı şəhər infrastrukturunda ciddi dəyişikliklər edilməsini vacib sayır:

- Cavabdeh qurumlar - Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri, Mənzil Kommunal Təsərrüfatı İdarələri, Gigiyena və Epidemiologiya Mərkəzi hər mövsümlə bağlı xüsusi tədbirlər planı işləyib hazırlamalıdırlar, o cümlədən yay fəsli ilə də bağlı. Yay mövsümündə şəhər rəhbərliyi çalışmalıdır ki, sakinlər yaşıllıqlardan, parklardan, istirahət yerlərindən geniş istifadə edə bilsin. Bəzən görürük ki, fontanlar işləmir. Yay fəslində şəhərin əsas gözəlliklərindən biri məhz fontanlardır. Fontan yalnız yaraşıq üçün deyil ki. İsti havalarda fontanlar fasiləsiz işləməli və ətrafda sərin hava yaratmalıdır. Amma baxırsan ki, isti havadır, bürküdür, fontanlarsa "quruyub”. 

Deyirsiz, parkda skamyalar sınıqdı. Bunu mənzil kommunal-təsərrüfatı idarələri həll etməlidir. Skamyanı bərpa etmək nə çətin işdir ki. Parklar da, bağlar da, istirahət guşələri də mütəmadi yoxlanmalıdır, baxılmalıdır nə əyər-əskik var. Digər məsələ, sakinlərə xidmət növlərinin təşkili ilə bağlıdır. Əslində, bu, yerli bələdiyyələrin öhdəsinə düşən vəzifədir. Türkiyədə, Avropa ölkələrində yerli bələdiyyələr bu işlərlə ciddi məşğul olur. Amma bizdə bələdiyyələrin büdcəsi çox kiçik olduğundan, maliyyə resursları olmadığından bu işləri görə bilmirlər. İcra orqanları da onlara dəstək vermir. Halbuki bunlar yerli əhəmiyyətli məsələlərdir. Tutalım, əhalinin gur olduğu yerlərdə, metro stansiyalarında əhaliyə pulsuz su paylanmasını təşkil etmək olar. Birdəfəlik istifadə olunan stəkanlarda su paylaya bilərlər. Eləcə də küçələrdə, parklarda bulaqlar quraşdırılmalıdır. Bəzi yerdə bulaqlar var, amma onlar elə natəmiz haldadır ki, insanlar yaxınlaşıb su içmək belə istəmir.

Xatırlayırsınızsa, sovet vaxtı küçələrdə içməli su "avtomatları” vardı. 3 qəpiyə bir stəkan su içirdin. Niyə indi belə avtomat qurğular quraşdırmırlar? İnsanlar isti havada belə xidmət növlərinə çox ehtiyac duyur. Digər vacib məsələ, küçə satışının ləğv edilməsidir.

 İsti havada açıq şəraitdə hazırlanan dönərlərin üzərinə gün ərzində nə qədər milçək qonur, toz hopur. Bir də görürsən, biri yerə göyərti töküb satır, biri meyvə-tərəvəz satır. Belə olmaz. Cənab Prezidentin göstərişi ilə Bakı şəhər İcra Hakimiyyəti küçə satışını qadağan edib. Amma qadağalar pozulur. İnsanların ayaqları altında, tozun içində bazar açırlar, satış təşkil edirlər. Nəzərə almaq lazımdır ki, havalar istiləşdikcə mikroorqanizmlər də sürətlə çoxalır və açıq şəraitdə olan qidaların üzərinə hopmaqla insan həyatı üçün təhlükəyə çevrilir. Bizim camaatda da günah var. Gərək açıq havada satılan qidaları almasınlar.

Məlahət Rzayeva