Şəhərdaxili avtobuslarda gündənqorunma pərdələri olmalıdırmı ? - AÇIQLAMA

Ərşad Hüseynov: "Pərdələr adətən uzun müddət stabil hərəkət edən, rayonlararası avtobuslarda quraşdırılır. Ona görə də çalışıb, 2-3 ay istilərə dözmək lazımdır”


"Şəhərdaxili avtobuslarda pərdələrin olması yalnız Azərbaycanda yox, dünyanın hər yerində aktual deyil”.

Bunu Sherg.az-a yay aylarında isti hava şəraiti ilə əlaqədar şəhərdaxili avtobuslarda pərdələrin istifadə olunmamağına münasibət bildirərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

O bildirib ki, pərdələrin quraşdırılmamağının səbəbi insanların əksəriyyətinin qısa məsafələr getməsi və sərnişinlərin ətrafı daha yaxşı görməsinə şərait yaradılmasıdır:

"Buna görə tək bizdə deyil, dünyanın bütün ölkələrində şəhərdaxili avtobuslarda pərdələr nadir hallarda olur. Çünki sərnişinlər qısa məsafələr gedirlər, bu qısa müddətdə günəşdən çox təsirlənməzlər. Bəzi avtobuslarda pəncərələr tündləşdirilir ki, günəş şüalarını qaytara bilsinlər. Əsas məsələ normal havalandırma sistemlərinin quraşdırılmasıdır. Bu zaman pərdələrə də ehtiyac qalmaz”.

Bir ciddi məsələ odur ki, şəhərdaxili avtobusların pəncərələri də çox böyük olur. Pərdələr adətən uzun müddət stabil hərəkət edən, rayonlararası avtobuslarda quraşdırılır. Şəhərdaxili avtobuslarda həmin pərdələri saxlamaq, zədələnməsinin, cırılmasının qarşısını almaq da çətin olur. Onlar mikrob və toz mənbəyidir, yuyulması və təmizlənməsi lazımdır. Ona görə də çalışıb, 2-3 ay istilərə dözmək lazımdır”.

Aysel Aslan