Şeirdə tənbəllər tənqid olunur

"Ona görə də belə məzmunda şeirlərə tamamilə başqa rəng vermək lazım deyil"



3-cü sinif dərsliyinə salınan şeir sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. "Otuz altı, altı” adlı şeir xüsusən valideynlərin narazılığına səbəb olub. Valideynlər şeirin şagirdlərin dərsdən yayınmasına səbəb ola biləcəyini deyirlər.

Şeiri tərcümə edən dərsliyin müəlliflərindən biri olan Gülşən Orucovadır. Müəllif deyilənlərlə razılaşmayaraq bildirib ki, şeirdə şagirdlərə heç də dərsdən yayınma aşılanmır. Bu dərsi tədris edən müəllimlər, əslində, şagirdlərə nəticə çıxarmağı öyrətməlidirlər.

G.Orucova qeyd edib ki, şeirin əks olunduğu dərslik artıq 10 ildir ki, şagirdlərə tədris olunur və şeirlə bağlı heç bir problem yaşanmayıb.

Mövzunu dəyərləndirən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında müəllifin haqlı olduğunu deyib. Ekspert bildirib ki, sözügedən şeir uşaqların dərsdən yayınması üçün deyil, əksinə, onların nələrdənsə nəticə çıxarmaları üçündür: 

"Aydın məsələdir ki, şeirdə müəllifin tənqid obyekti tənbəllərdir. Yəni ki, tənbəl şagird hətta öz canına belə qıymağa hazırdır ki, təki dərsə getməsin. Müəllifə irad bildirənlərin əleyhinəyəm. Vaxtilə sovet dövründə də buna bənzər şeirlər var idi. Həmin şeirlərdə də tənbəllər tənqid olunurdu. Ona görə də belə məzmunda şeirlərə tamamilə başqa rəng vermək lazım deyil”.

Yeganə Bayramova