Sənəd qəbulu başlayıb

Bu il 41 minə yaxın 5 yaşı tamam olmuş uşağın elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur


Respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayevanın sözlərinə görə, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir:

"Ərizələrin onlayn qeydiyyatı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumtəhsil məktəblərini, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.

İ.Abdullayeva bildirib ki, bu il 41 minə yaxın 5 yaşı tamam olmuş uşağın elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.

Sektor müdirinin sözlərinə görə, yalnız Bakı şəhərinin bir sıra ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır: "Digər rayon və şəhərlərdə, o cümlədən həmin rayon və şəhərlərdə yerləşən məcburi köçkün məktəblərində ərazi prinsipi tətbiq olunmur. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 82 məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər”.

İ.Abdullayeva deyib ki, məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur: 

"Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq”, "Savad təliminə hazırlıq və nitq inkişafı”, "Bədii təfəkkürün inkişafı”, "Məntiqi və riyazi təfəkkürün inkişafı”, "Təsviri fəaliyyət”, "Musiqi”, "Fiziki mədəniyyət” məşğələləri keçirilir”.

Təhsil Nazirliyi Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarının hansı məktəblərdə təşkil edilməyəcəyini açıqlayıb. Belə ki, Binəqədi rayonu üzrə 83 və 299 nömrəli məktəb-lisey, 126,179, 205, 298 və 306 nömrəli, Nərimanov rayonu üzrə 304 nömrəli məktəb-lisey və 93, 193 nömrəli, Səbail rayonu üzrə 50 və 162 nömrəli, Nəsimi rayonu üzrə 14 nömrəli, Pirallahı rayonu üzrə 131 nömrəli, Qaradağ rayonu üzrə 195 nömrəli, Sabunçu rayonu üzrə 4, 22, 71, 81, 113, 192, 198, 255, 296 və 311 nömrəli, Suraxanı rayonu üzrə 316 nömrəli, Xətai rayonu üzrə 264 nömrəli məktəb-lisey, 221, 249 və 269 nömrəli, Xəzər rayonu üzrə 92, 149, 216, 218 və 326 nömrəli və Yasamal rayonu üzrə 167 və 175 nömrəli tam orta məktəblərdə 2018/2019-cu tədris ilində məktəbəhazırlıq qrupları təşkil edilməyəcək.
Bunun səbəbi həmin məktəblərin şagird tutumunun məktəbəhazırlıq qruplarının fəaliyyətinə imkan verməməsidir.

Yeganə Bayramova