Separatçılar artıq təlxəklərdən istifadə edir: "İşğaldakı ərazilərimizə əcnəbilərin səfəri ilə bağlı rəsmi Bakının mövqeyi qətidir"



Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizə siyasi klounların və təlxəklərin qastrolları davam edir. Ərazilərimizə qanunsuz səfər edən budəfəki şəxs Avropa Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, marginal Martin Sonneborndur. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Sonnebornun siyasi təbliğat posterinə baxmaq kifayətdir ki, onun necə biri olduğu aydınlaşsın: 

"Brüsseldəki erməni lobbisinin rəhbəri Kaspar Karampetyan çoxlu pullar xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir. Çünki sağlam düşüncəli insanlar münaqişənin əsl reallıqlarını, işğal və qanlı etnik təmizləmə faktlarını öyrənərək kimin kim olduğunu dərk edir və ondan kənar dururlar. Hətta deyərdim ki, erməni lobbist Karampetyan öz biznes pulları hesabına əvvəllər bu kimi səfərlər təşkil edərək, özü də bilmədən işğalın əsl həqiqətlərinin bəzi lazımı insanlara çatdırılmasına xidmət edib. 

Maraqlıdır, görəsən klounlar paradında növbəti kim olacaq, Kardaşyan bacılarımı?”.

Arzuolunmaz səfərlə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya görə, Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi prinsipial mövqe öz nəticəsini verməkdədir

"Bir məqamı qeyd edim ki, Almaniya Buntestaqının üzvü Albert Vayler alman nümayəndə heyətinin tərkibində Azərbaycana səfər edəcəkdi. Lakin rəsmi Bakının əsaslı və qəti mövqeyi nəticəsində həmin deputat heyətin tərkibindən çıxarıldı. Baxmayaraq ki, bu qərar Almaniya kanslerinin ölkəmizə səfərinə müəyyən problemlər yarada bilərdi. Ancaq buna baxmayaraq, həssas məsələ olduğu üçün Azərbaycan tərəfi prinsipial mövqe sərgilədi. Çünki Albert Vayler Qarabağa qanunsuz səfərlə yadda qalıb. Rəsmi Bakının sərt mövqeyi Ermənistanın və xaricdəki erməni lobbisinin imkanlarını məhdudlaşdırır. 

Məcbur olurlar ki, ordan-burdan təmannalı vasitələrlə tapdıqları klounları, təlxəkləri işğal altındakı torpaqlarımıza gətirsinlər. Bu, onu göstərir ki, artıq düşmənin əli hər yerdən, hər kəsdən üzülüb. Ciddi adamlar, tanınmış siyasətçilər Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində ermənilər tərəfindən işğal edilən ərazilərimizə getməkdən çəkinirlər. Azərbaycan tərəfi bu istiqamətdə apardığı uğurlu siyasəti daha da genişləndirməlidir ki, ermənilər Qarabağ gətirmək üçün kloun da tapmasınlar”.

İsmayıl