Sərhədlərimizin qorunmasında mülki əhalidən istifadəyə ehtiyac yoxdur

Amma sərhəd boyu kənd və qəsəbələrimizdə məskunlaşan hər bir vətəndaş ayıq-sayıq olmalıdır



İran parlamenti ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi barədə proqram qəbul edib. Məlumata görə, doqquzuncu çağırış Məclisin qəbul etdiyi proqram 9 bənddən ibarətdir. Sənəddə qeyd edilir ki, proqram potensial işğalçının qarşısının alınmasına yönəlib.

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə görüləcək tədbirlər sırasında sərhəd rayonlarında nəzarətin təmin edilməsi üçün ordu qüvvələrinin könüllülər və yerli özünümüdafiə birlikləri ilə birgə hərəkət etməsi məsələsi də yer alıb. Bir sözlə, İran sərhədlərin qorunmasında sərhədyanı kənd və qəsəbələrdə yaşayan mülki vətəndaşlardan istifadə edəcək.

İran parlamentinin qərarını şərh edən millət vəkili Elman Məmmədov "Şərq”ə söyləyib ki, ölkəmizdə belə bir addımın atılmasına ehtiyac yoxdu. Amma sərhəd boyu kənd və qəsəbələrimizdə məskunlaşan hər bir vətəndaş ayıq-sayıq olmalıdır: "Təhükəsizliyimizin qayğısına qalmaq bizim vətəndaşlıq borcumuzdur. Sərhədlərimizin pozulmasının qarşısını almaq üçün vətəndaş kimi fəal olmaq lazımdır. Bu işlərdə diqqətli olmalıyıq. Amma bizim sərhəd qoşunlarımız var və sərhədlərimizi qoruyur. Hər dövlətin özünəməxsus qayda-qanunu var. Azərbaycan müharibə vəziyyətində yaşayır. Qonşu dövlətlərlə münasibətlərində müəyyən spesifik məsələlər var. Sərhədlərimizi çox yüksək səviyyədə döyüş hazırlığına və yüksək hərbi təminat və təchizata malik qoşunlarımız qoruyur. Düzdü, harada yaşamasından asılı olmayaraq vətəndaşlar fəallıq göstərib, borcunu yerinə yetirməlidir. Ancaq sərhədçilərimiz sərhədlərimizin keşiyindədir”.

Ayyət Əhməd