
Sərt ər obrazı yaratmaq istəyirlər, yoxsa?..
“Kişilər var ki, xanımları ilə xaricdə rahat çimərliyə gedir, amma Bakıda olmaz”

Artıq yay mövsümü gəlib. Bütün ilin yorğunluğunu çıxarmağa çalışan insanlar müxtəlif vasitələrlə yayı səmərəli keçirməyə, öz istirahətlərini düzgün təşkil etməyə çalışırlar. Çoxlarımızın yəqin ki, yolu dənizə düşəcək... Yəqin ki, hər kəs mənimlə razılaşar ki, bu gün ölkəmizdə sadə çimərlik paltarları ilə dənizə gedən qadınlar barmaqla sayılacaq qədər azdır.
Gəlin etiraf edək ki, hər kişi öz həyat yoldaşının və ətrafındakı digər qadınların çimərlik paltarları ilə "xalqa açıq” ərazilərdə dənizə getməsinə, istirahət etməsinə razı olmur. Heç özü ilə də aparmır... Amma burada başqa məqam da var. Yəqin ki, hər kəs belə hallarla rastlaşıb ki, ölkəmizdə, Bakıda həyat yoldaşının çimərlik paltarında dənizə getməyinə icazə verməyən kişilər, xaricdə istirahət edərkən buna qadağa qoymurlar. Dəfələrlə rastlaşmışıq ki, xaricdə dənizə çimərlik paltarı ilə gedən həmyerlilərimiz Bakıya qayıdan zaman həyat yoldaşını bir dəfə də olsun dənizə aparmır və ya çimərlik geyimi geyinməyinə icazə vermir. Belə görünür ki, bizdə çimərlik mədəniyyəti hələ uzun illər inkişaf etməyəcək.
"Şərq”ə danışan psixoloq Aytən Ələkbərova bu situasiyanı cəmiyyətin qadın və kişi arasında ayrıseçkilik yaratması ilə əlaqələndirir. Onun sözlərinə görə, kişilərin qadınlardan daha üstün mövqedə olması fikri qadınların çimərlik paltarında dənizə getməsinə fərqli münasibət göstərilməsinə gətirib çıxarır:
- Belə hallarla mən özüm də çox rastlaşmışam, maraqlıdır ki, bir xanım gedib bu paltarları xaricdə geyinəndə, eyni münasibət göstərilmir. "Ora (misal üçün) Türkiyədir, orada normaldır” - deyə fikirlər səslənir. Təbii ki, burada qısqanc ər obrazı sərgiləyən bəylər xaricdə "köpük şou”da rahat şəkil çəkdirirlər, öz xanımları ilə hətta rəqs belə edirlər. Artıq xaricdən qayıdıb, hər hansı bir məclisdə oturanda isə "mənim yoldaşım məndən icazəsiz eyvandan belə baxa bilməz” -deyib, bununla qürrələnirlər. Həmin kişilər üçün ətrafdakıların gözündə sərt, qısqanc ər obrazı yarada bilmək bir növ fəxrdir.
- Kişilərin bu cür fikirləşməsinin mənbəyi mentalitetdir?
- Müxtəlif təsirlər ola bilər. Ümumiyyətlə, hər bir şeyə münasibət ailədən başlayır. Ailədə ana öz oğluna doğulandan düzgün tərbiyə verməli, ayrıseçkiliklə böyütməməlidir. Hər yerin - ziyafətin, çimərliyin, küçənin öz geyimi olduğunu düzgün anlatsa, bu əcaib bəlaları da, gələcəkdə cinayətlə nəticələnəcək səhvləri də heç kim etməz. Bunu bəla adlandırmağım səbəbsiz deyil. Dəfələrlə şahid oluruq ki, kiminsə çimərlik paltarında olmasını görüb, pis baxan insanların sonu ya vaxtı çatmayan ölümlə, ya da ki, dəmir barmaqlıqlar arasında olur. Psixoloji yanaşmadan hər ana bir psixoloq olub, övladını - qızını və ya oğlunu normal başa salmalı, cəmiyyətə normal hazırlamalıdırlar.
- "Xarici düşüncə”ni yaradan nədir?
- Əslində xaric adı altında şüuraltı düşüncələrini gizlətmək burada qınağa səbəb olan bəhanələrdən qorunmaq üçündür. Xarici ölkədə istirahət edən kişi düşünür ki, bizi heç kim görmür və ya tanımır. Əgər bir kişi düşünsə ki, həm xaricdə, həm öz bizdə dəniz dənizdi və buranın bir geyimi var, onda heç bir problem olmadan, rahatlıqla elə öz ölkəsində dincələ biləcək.
- Xanımın çimərlik geyiminə mənfi münasibəti kişidə "kimsə görər, nə deyər?” fikri formalaşdırır?
- Bu düşüncəni "ayıblar”, "qınaqlar”, ətraf mühit formalaşdırır. Gəlin, müasir bir ailəni və onların iki-üç ailə dostlarını götürək. Uzun illər dostdurlar və hər yerə birlikdə gedib, dincəlirlər. Bu mühitdə böyüyən uşaqlar da heç vaxt bunu düşünmürlər, onlar buna normal baxırlar. Amma kənardan onların mühitində olmayan bir nəfər qınaqla yanaşdığı çimərlik geyiminə bu cür münasibət ifadə etdikdə, onu düzgün şəkildə başa salırlar. Bəzən isə əksinə olur. Həmin bu bir nəfər xanımların bu cür addım atmasına münasibət bildirməklə onları da "zəhərləyir”. Burada bu nəticəyə gəlmək olur ki, həmin insan da vaxtında dostları kimi normal mühitdə tərbiyə alsa, bu cür fərqli münasibətlə qarşılamaz.
- Bu zaman demək olarmı ki, insan həyatını başqalarının münasibəti üzərində qurur?
- Bir ailədə xanım savadlıdırsa və işləyirsə, gələcəkdə onun oğlu da ali savadlı, işləyən bir xanımla ailə qurduqda heç bir problem çıxartmır. Elə düşünməyək ki, mentalitetin təsiri təkcə çimərlik geyimində özünü göstərir. Çox zaman ali savadlı qadına da işləməyə icazə verilmir. Hətta bunu savadlı bəylər də edir. İstənilən halda insanlar öz fikirlərinə uyğun yaşamağı öyrənməlidir. Cəmiyyətin qınağına elə məsələrdə önəm vermək lazımdır ki, insanların etdiyi hərəkətin cəmiyyət üçün də mənfi nəticə təhlükəsi olsun. Qadınların çimərlik geyimində dənizdə istirahət etməsinin isə başqa insanlar üçün hər hansı mənfi nəticə, təhlükə törədə biləcəyini düşünə bilmirəm.
Aysel Aslan