"Rusiya rəsmiləri ilə tez -tez görüşürəm. MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müaviniyəm. Onlarla Sankt-Peterburqda ildə 4 dəfə görüşürük. Həqiqətən də rusiyalı rəsmilərin içərisndə Azərbaycanın inkişafını, irəliləməsini istəyənlər çoxdur və bunu səmimi şəkildə etiraf edirlər. Əfsuslar olsun ki, Azərbaycanı istəməyənlər də var".
Bunu "Sherg.az"a Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin "Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, guya bu, Azərbaycanın dağılmasına səbəb olar” açıqlamasına münaisbət bildirərkən millət vəkili Rüfət Quliyev bildirib.
Onun sözlərinə görə, bu fikirlər Zatulinin ermənipərəst mövqeyindən irəli gəlir:
"Baxın, Azərbaycana gələn rusiyalı deputatlar da bilirlər ki, bizim parlamentlərarası dostluq qruplarımız çox mehriban şəkildə işləyirlər. Hökumət və dövlətlərarası əlaqələr inkişaf edib. Xalqlararası münasibətlər ürəkaçan vəziyyətdədir. Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Azərbaycana, Azərbaycan prezidenti isə Rusiyaya səfər etdi. Lidelər arasında danışıqlar baş tutdu. Bu görüşlər onu göstərir ki. Azərbaycanın Rusiya ilə çoxvektorlu -iqtisadi, siyasi, hərbi əlaqələri var. Rusiya ilə 5 milyard dollarlıq hərbi müqavilə bağlamışıq. Bu qonşu ölkədən hərbi sursat alınacaq".
Zatulinin "Azərbaycan rəhbərliyi kompromis istəmir" bəyanatına parlamentarinin cavabı sərt oldu:
" Torpaqlarımızı Ermənistana bağışlamalıyıq ?! Zatulin düşüncəsində yanılır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, öncə, Ermənistan öz qoşunlarını işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarmalı, bütün qaçqın və məcburi köçkünlər ata-baba yurdlarına qayıtmalı və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmalıdır. Bundan sonra bəzi məsələlərə baxıla bilər. Zatulin də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyini bilir. Amma o,ermənipərəstdir, ona görə də belə cəfəng fikirlərlə çıxş edir".
Deputat onu da əlavə edib ki, Azərbaycanın ordusu inkişaf edir, qüdrətli ordumuz var. Hərbi büdcəmizi artırırıq. Yalnız Rusiya deyil, Türkiyə, İsrail və Cənubi Koreyadan silahlar alırıq:
"Təbii ki, Azərbaycan bu münaqişəni sülh yolu ilə tənzimləmək istəyir. Amma çıxış yolu qalmayanda ali baş komandan əmr verərsə, hamımız bir nəfər kimi silaha sarılıb, vurşacağıq və torpaqlarımızı azad edəcəyik. Azərbaycan ordusu 48 saata ərazilərimizi azad edə bilər. Azərbaycanın hərbi, iqtisadi və diplomatik tərəqqisini istəməyən qüvvələr var. Onlardan biri də Zatulindir".
Ayyət Əhməd