Mənsum İbrahimov və Nizami Cəfərov istedadlı gəncə yardım edilməsini arzulayır
Qoyun otararkən oxuduğu mahnı ilə məşhurlaşan çoban, Neftçalanın Qaçaqkənd sakini Pərvin Səfərovun iyulun 5-də verdiyi qəbul imtahanının nəticələri məlum olub.
AzNews.az-ın məlumatına görə, P.Səfərov Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmaq üçün 3 fəndən imtahan verib:
"İmtahanın nəticələri yaxşı deyil. 18 bal toplamışam. Keçən il keçid balı 25 olub. Tamam ümidsiz olmuşam, bilmirəm necə olacaq, mənə kömək edəcəklər, ya yox... Güzəşt etsələr, kollecə daxil ola bilərəm. Topladığım balla bağlı konservatoriyaya məlumat verdim. Onsuz da onlar mənim hazırlıqsız olduğumu bilirlər”.
Pərvin Səfərov bundan əlavə qabiliyyət imtahanı verəcəyini vurğulayıb.
"İstəyirəm mənə kömək etsinlər”.
Təbii ki, Pərvin Səfərovdan danışarkən "Bəxtiyar” filmini xatırlamamaq qeyri-mümkündür. Bəxtiyar - Rəşid Behbudov sadəcə, özfəaliyyət klubunun direktorunu işdən azad etməsinlər deyə, qonşudakı xalanın xahişi ilə "Sahil” küçəsindəki kluba” gəlib səhnəyə çıxmaqla milyonların sevimlisinə çevrilirsə, Pərvin Səfərov niyə də eyni taleyi yaşamasın? Sonucda kinolar da həyatdan çəkilir axı!.. Bəxtiyar neftçi - müğənni idi, Pərvin də olsun çoban - müğənni. Nə eybi var?!
Həm də Pərvin Səfərovun səsini artıq bütün ölkə tanıyır. O, Allahın ona ehsan etdiyi səslə məşhurlaşıb artıq. İndi qalır, bu gəncin əlindən tutub musiqi dünyasının notlu aləminə gətirmək. Bu işi kim öhdəsinə götürəcək?
Azərbaycanın Xalq artisti, xanəndə Mənsum İbrahimov "Şərq”ə açıqlamasında sənətkar olaraq üzərlərinə düşən vəzifəni yerinə yetirdiklərini bildirdi:
- Biz onu dinlədik, orada iştirak edən sənətkarların hamısı Pərvinin həqiqətən də çox gözəl, məlahətli, güclü, axıcı səsi olduğunu təsdiqlədilər. Mahnı seçimini, zövqünü də bəyəndilər. Milli Konservatoriyanın rektoru, professor Səyavuş Kərimi orada bildirdi ki, Pərvinə güzəşt edilməlidir. Bunun üçün də Dövlət İmtahan Mərkəzinə məktubla müraciət edəcək ki, Pərvini A.Zeynallı adına Musiqi Kollecinə imtahansız qəbul etsinlər. Səyavuş müəllim səlahiyyəti çərçivəsində olan işi görməyə söz verdi. Gerisi, daha DİM-indir. Yəni, biz öz işimizi gördük, Pərvini dinlədik. Səyavuş müəllim də üzərinə düşən işi öhdəsinə götürdü. Hesab edirəm ki, Pərvin kimi xüsusi istedadlı uşaqlara, gənclərə güzəşt edilməlidir. Onsuz da, müsabiqələrdə, festivallarda iştirak edib qalib gələnlərə, müvəffəqiyyət qazananlara həmişə hörmət edilir, güzəşt edilir. Pərvinə də istedadına görə, müstəsna hal kimi, məncə, güzəşt edilməlidir.
M.İbrahimov xüsusi istedada malik insanların musiqi təhsili almamasının həmişə problem olaraq qaldığını dedi:
- Bu, bizim yaralı yerimizdir. Bəzən baxırsan ki, fitri istedadlı bir insandır, amma təhsili yoxdur, musiqi təhsili almayıb. Düşünürəm ki, belə insanlara gərək həmişə kömək edilsin. Dəstək qazansın ki, həyatda yerini tapa bilsin. Əlbəttə, Pərvin kimi istedadlı gəncin musiqi təhsili alması Azərbaycan mədəniyyətinin növbəti uğuru olardı.
Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov da Pərvin Səfərova müəyyən güzəşt edilməsini normal sayır:
- Belə qaydalar var ki, xüsusi hallarda, məsələn, idmançılara, rəssamlara, musiqiçilərə müəyyən güzəştlər edilir. Əgər bu gənc xüsusi istedaddırsa, ona mütləq güzəşt edilməlidir. Düzdür, bundan bəzən sui-istifadə hallarına da yol verilir, amma gərək belə olmasın da. Hesab edirəm ki, o gənclə bağlı bir komissiya yaradılmalı və ümumi razılıq əsasında musiqi kollecinə qəbul edilməlidir. Xüsusi qabiliyyət tələb olunan ixtisaslara qabiliyyət imtahanları verilir. Amma bundan əlavə də normativlər var. Birdən görürsən, kimsə normativləri ödəyir, amma qabiliyyət imtahanında lazım olan nəticəni göstərə bilmir, bəzən də əksinə olur. Azərbaycanın incəsənət tarixində musiqi savadı olmadan məşhurlaşan sənətkarlar da olub, savadı olmadan məşhurlaşan şairlər, qəzəlxanlar da. Həyat belədir ki, bəzən insan taleyin ümidinə buraxılır, özünə yol açır, özfəaliyyətlə məşğul olur və məşhurlaşır. Bəzən də təəssüf ki, istedadlı gənclər özlərinə yol tapa bilmir və həyatın burulğanında məhv olurlar. Biz çalışmalıyıq ki, istedadlı insanların əlindən tutanlar çox olsun, onlara yol göstərsinlər, yıxılmağa qoymasınlar. İnanıram ki, Pərvin Səfərova da kömək edənlər olacaq.
Məlahət Rzayeva