Səsin də canı var, gərək duyasan...

VİDADİ XƏLİLOV, Pedaqogika üzrə elmlər doktoru, professor Rusiya Pedaqji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi
O oxuyanda səsi dinləyicini sehirli bir aləmə aparır. Bədii-estetik hiss və həyəcanla dolu heyrət və heyranlıq yaranır. Ömrü xalqın özü kimi əbədi olan xalq mahnılarının cazibə qüvvəsi qəlbinə hakim kəsilir. Yaqutu deyirəm, tanınan, sayılıb-seçilən musiqi pedaqoqu, Azərbaycan Respublikasının əməkdar artisti Yaqut Abdullayevanı. Bəri başdan deyək ki, o səsə heyranların sayı yüz minlərlə, milyonlarladır. Keçmiş SSRİ məkanında, habelə bir sıra xarici ölkələrin geniş, izdihamlı salonlarında radio, televiziya ilə verilən saysız-hesabsız konsertlərdə Yaqut xanım dinləyiciləri, tamaşaçıları ecazkar səsinin sehrinə salıb, zövq oxşayıb. Özünə, ancaq özünəməxsus bənzərsiz səsi, nəfəsi ilə məftunedici bir aləm yaradıb. Görkəmli ədəbiyyatşünas alim, akademik Tofiq Hacıyev necə də gözəl deyib: Yaqut xanım məharətlə oxuduğu dəyərli mahnılara həm də "nəfəs möhrünü” vurub.
Y.Abdullayeva 40 ildən çoxdur xalqa, vətənə, onun çoxəsrlik musiqi mədəniyyətinə məhəbbətlə oxuyur. Müxtəlif nəsillərdən olan insanların musiqi yaddaşına, musiqi zövqünə yeni səs-ritm, rəng çalarları gətirir.
1978-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunu müvəffəqiyyətlə bitirdiyi vaxtdan hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi tanınan bu möhtəşəm təhsil müəssəsinin vokal kafedrasında müstəqil pedaqoji fəaliyyətə başlayıb. Universitetin dosenti kimi səmərəli fəaliyyət göstərir. Düz 38 ildir ki, səsin sehrini, cazibə qüvvəsini tələblərə inandırıcı nümunələrlə, estetik-emosional əsaslarda çatdırır. Onun dediklərindən, izahlı şərhlərindən çox böyük həyati əhəmiyyət kəsb edən bir məna tam aşkarlığı nəzərə çarpır:
- Səsin də canı var, gərək duyasan!..
Görkəmli müğənni, musiqi pedaqoqu kimi tanınan bir vaxtlar opera teatrında Leylinin nakam taleyini yaşayan, solmaz obrazını səhnədə canlandıran Yaqut Abdullayevanın həyat, yaradıcılıq yolunu əks etdirən məqalə üzərində işlərkən bir sıra mötəbər mənbələrlə, müxtəlif qəzet, jurnal səhifələrində dərc olunan yazılarla, ona həsr edilən şeirlərlə, əlalxüsus sayılıb-seçilən əməkdar jurnalist, şair Flora Xəlilzadənin "Dağları tərpədən fəryad” kitabı ilə tanış oldum. Yeri gəlmişkən deyim ki, hələ 2008-ci ildə Araz nəşriyyatında nəfis şəkildə çap edilən həmin kitabı Flora xanımın incəsənət adamlarına, ustadlara həsr etdiyi orijinal əsərlərdən saymaq olar. "Ürək kaman çalan səsdi”, "Mətbuatdan ləçəklər”, "Səsinlə açılsın hər səhərimiz” bölmələrində öz əksini tapan, sənətin sehrli aləmini üzə çıxaran ecaskar, sözlü nəğmələr kimi qəlbləri riqqətə gətirir. Bir daha əmin olursan ki, Qadir Allahın bəxş etdiyi ömrü mənalandırmaq sözün həqiqi mənasında ülviyyətlə aşılanan ömür yaşamaq, doğmaların, yaxınların, dostların, sənə həmkar olan insanların ömür yollarına işıq tutmaq Yaqut xanımın həyat idealıdır. Bax bu cür etik-estetik ideallardır Yaqut xanımı yaradıcılıq fərəhi ilə yaşadan, müxtəlif nəsldən olan insanların sevimlisinə çevirən. Sözümün-söhbətimin bu yerində tam əminliklə deyirəm ki, böyük sənət aləmində yarım əsrə yaxın bir müddət ərzində həmişə sevilib Yaqut xanım. Onun ifaçılıq sənətinə, pedaqoji məharətinə həmişə heyran qalıblar. Dadlı-duzlu səsindən, sənətindən doymayıblar. Şəxsi nümunəsini, parlaq istedadını yüksək qiymətləndiriblər. Bu prosesdə belə bir sual da baş qaldırıb: Haradan başlayıb bu müqəddəs sənət aləminə gətirən yollar?
Doğma Cəbrayılın, doğma kəndin axarlı-baxarlı, gül-çiçəkli bağlarından, yamaclarından, dağların döşündən axan, qəlbə sərinlik gətirən bulaqlarından. Orta məktəb illərindən oxuyurdu Yaqut. Bağ-bağçada keçən uşaqlıq-yeniyetməlik illərində oxuduğu mahnılar, təsniflər qanadlanırdı, sədaları xoş aləm yaradırdı. Məktəbli yoldaşları, müəllimlər xoşhal olurdular onun oxumalarından.
Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində yeniyetmə müğənni kimi rayonda tanınırdı. Hələ o dövrdə böyük sənətini heyranlıqla izləyən Zeynəb Xanlarovanı özünün qiyabi müəllimi sayırdı. Onun bir sıra mahnılarını radio və televiziya ilə verilən konsertlərdən, val yazılarından öyrənmişdi. Cəbrayıl rayon mədəniyyət evinin "Çinar” xalq çalğı alətləri ansamblının solisti kimi fəaliyyətə başlamışdı. 1973-cü ildə Respublika televiziyasındakı ilk çıxışı da həmin ansamblın müşayiəti ilə olub. "Ay bülbüllər” xalq mahnısını oxuyub. Tamaşaçılar, musiqisevərlər yüksək qiymətləndiriblər Yaqutun televiziya ilə ilk çıxışını. O vaxtlar çox dəbdə olan, bir növ şüara çevrilən "Alqış, səhnəyə istedad gəlir” sözləri də yerinə düşüb. Hamıdan çox Bahar ana sevinib, əlindən tutub Bakıya gətirib. O zaman artıq gənc müğənni kimi tanınan Yaqut Abdullayevanın həyatında 1973-cü ilin öz hüsnü, öz yeri var. Televiziya vasitəsilə ilk uğurlu çıxışı və Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunması da həmin ildə olub. Ali ixtisas təhsilinin ilk illərindən burada çalışan görkəmli alimlərin, sənət adamlarının rəğbətini qazandı. Milli vokal ifaçılığının sirlərinə yiyələndi Yaqut xanım. İndinin özündə də ixtisas müəllimlərini-görkəmli sənət ustaları Qulu Əsgərovu, Nəriman Əliyevi, professor Rəhilə Cabbarovanı səmimi minnətdarlıq hissi ilə xatırlayır. Müğamların, xalq mahnılarının misilsiz ifaçısı, bəstələdiyi bir-birindən dəyərli mahnıların müəllifi Qulu Əsgərovun bu sözlərini necə deyərlər, qulağında sırğa edib: başqalarından öyrən, ancaq özün ol.
Tələbəlik illərinin təqdirəlayiq cəhətlərindən biri də onun görkəmli tarzən Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti kimi bir-birindən dəyərli xalq mahnılarına öz səsi, nəfəsi ilə hamı tərəfindən bəyənilən təravət gətirməsidir.
1978-ci il. Yaqut ali təhsil aldığı İnstitutunun son kurs tələbəsidir. Adil Bağırovun (hazırda xalq artisdidir) rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının məşğlələrində tələbələr növbə ilə öz istedadlarını nümayiş etdirirlər. Növbə Yaquta çatanda o, "Qaragilə” xalq mahnısını özünəməxsus bir ahənglə ifa edir. Bu ifa, bu səs o zaman institutun rektoru vəzifəsinə təyin olunan akademik, estetik, nəğməkar şair Aslan Aslanovu da heyrətləndirir. Məşğələ keçirilən otağın qapısını açıb oxuyanın kim olduğunu soruşur. Adil müəllim Yaqut Abdullayevanı göstərir. Rektor tərəddüd etmədən üçcə kəlmə söz deyir: səni institutda saxlayacağıq. Bax elə o vaxtdan Yaqutun bioqrafiyasında belə bir cəhət daha çox, yaddaqalan bir tərzdə nəzərə çarpır: musiqi pedaqoqu-vokal kafedrasının müəllimi. Mədəniyyət və İncəsənət Universitetinin dosenti. Elə buradaca etiraf edək ki, ifaçılıq sənəti ilə tanınıb bu mərtəbəyə gəlsə də musiqi pedaqoqu kimi fəaliyyəti ona daha böyük şan-şöhrət gətirib. Bir müddət universitetin rektoru kimi səmərəli fəaliyyət göstərən filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyevin fikrini burada nəzərə çatdırmaq yerinə düşər:
"İstər pedaqoq, istərsə də ifaçı kimi Yaqut Abdullayeva bu gün gənc nəsil üçün sözün əsl mənasında örnəkdir”.
Ürəkdən deyilən səmimi sözlərdir. Əslinə qalsa Yaqut xanım özü də etiraf edir ki, müqəddəs ali təhsil ocağında musiqi pedaqoqu kimi fəaliyyəti onu daha çox ruhlandırıb. Ucalardan uca edib. 36 illik pedaqoji fəaliyyəti dövründə onun müğam və xalq mahnıları ifaçılığı sinfini yüzlərlə gənc istedad bitirib. Onların sırasında Azərbaycan Respublikasının xalq artisti, əməkdar artisti fəxri adlarını şərəflə daşıyanlar da var.
Haşiyə: Bir neçə ay bundan əvvəl ATV kanalı ilə ekranda nümayiş etdirilən, səsləndirilən "Nanəli” verlişində Azərbaycan Respublikasının əməkdar artisti Teyyub Aslanov növbəti musiqi nümunəsini ifa etmək üçün mikrafona dəvət olunarkən çox böyük səmimiyyətlə dedi:
- Müəllimim Yaqut xanım buradadır, icazəsi olmadan onun qarşısında çıxış etməyi özümə rəva bilmirəm...
Həmin epizodu, həmin anı xatırlayanlar ülviyyətlə aşılanan bir aləm yaşadılar. Bəli təqdir və təbliğ olunası faktdır. Təəssüf ki, musiqi müəllimləri ilə tələbələr arasında belə heyrət doğuran cəhərlərə çox nadir hallarda rast gəlmək olur. Halbuki ixtisas müəllimi ilə tələbə arasında etik normaların hər vasitə ilə gözlənilməsi, davranış estetikasına xüsusi diqqət yetirilməsi çox vacibdir.
Yaqut xanım məşğələ zamanı ixtisas bacarıqları ilə yanaşı, mənəvi zənginliyin, insani münasibətlərin inkişafına, formalaşmasına böyük əhəmiyyət verir.
Tədris prosesində xalq musiqisinin, xüsusilə xalq mahnılarının ülviyyətini, məna tutumunu diqqətə çatdırır. Müasirlik dəbi ilə ona "əl gəzdirənlərə” iradını bildirir:
- Xalq mahnıları mədəniyyət abidələridir. Bu misilsiz sərvətə toxunmağa mənəvi haqqımız yoxdur. Biz onları olduğu kimi gələcək nəsillərə çatdırmalıyıq. Təsəvvür edin ki, bir memar "Qız qalası”nın modernləşdirməsi iddiasına düşüb. Bu yersiz və ağlasığmaz ideyadır, eləmi? Müxtəlif tədbirlərdə, konsertlərdə ifa etdiyim "Ay bülbüllər”, "Qaragilə”, "Yar gəldi”, "Sarı gəlin” və digər xalq mahnılarının hər biri mənim üçün "Qız qalası”dır.
Xalq mahnılarını kim necə istəyir müasirləşdirir, hətta özününkiləşdirir və elə də oxuyur. Filan xalq mahnısının adını çəkib, sonra deyir ki, oranjeman eləmişəm. Nə ixtiyarın var? Kim sənə icazə verib ki, istədiyin kimi dəyişəsən. O mahnıları bizim üçün yadigar qoyub gediblər. Musiqidəki o qalaları dəyişməyə, söküb təzədən tikməyə nə ixtiyarınız var?..
Fonoqrama ilə "ifa” tərzinə nə deyək? İş o yerə çatıb ki, bəzi telekanallarda hər hansı televiziya verlişi ilə bağlı elanları, reklamları səsləndirilərkən canlı ifa da olacaq sözlərindən yan keçə bilmirlər. Bəs buna nə deyəsən? Məgər səsin özü canlı deyilmi?
Bu sözləri onun dilindən çox eşidiblər. İndiyədək Yaqut xanım Abdullayevanın ixtisas sinfini bitirən yüzlərlə məzun onun dediklərini, tövsiyələrini əməli fəaliyyətinin konseptual əsası sayıblar.
Yaqut xanımı çox sevirlər, tələbələr də, məzunlar da, müxtəlif nəsildən olan dinləyicilər də, tamaşaçılar da. Olduqca təsirli, cəlbedici səsə, ağır ağayana ifa tərzinə malikdir Yaqut xanım. Rübabə Muradova yadigarı deyirlər ona. Ruhu şad olsun, böyük ustadın. Sağlığında özü də etiraf etmişdi bu bənzəri, bu oxşarlığı. Doğma Cəbrayılda ilk vaxtlar Yaqutun bir müğənni kimi yetişməsində müəyyən xidməti olan, onu müşaiyət edən ustad tarzən Nəriman Vəliyevin dedikləri də maraq doğurur. Bir sıra dəyərli yazıların müəllifi kimi tanınmış Musa İsmayılovun "Ədəbiyyat və incəsənət” qəzetinin 14 iyul 1989-cu il tarixli nömrəsində dərc olunan "Ağsaqqal musiqiçi” məqaləsi Nəriman müəllimin fikrini daha inandırıcı şəkildə nəzərə çatdırır. Cəbrayıldan olan istedadlı musiqiçilərdən söhbət açarkən Yaqutla bağlı ürək sözlərini belə deyir: "Yaqut Rübabə yadigarıdır. Fikir vermisənmi Rübabə xanım necə oxuyurdu? O səsin gücünü bilmək üçün gərək çox şey biləsən. Yalnız bilmək azdır, gərək başın daşdan-daşa dəyə ki, bir ömür, bir tale kimi Rübabə xanımı dinləyəsən. Rübabə xanım kimi oxuyan görməmişəm...” Düz demisən ustad, çox gözəl, yerində olan bənzətmədir. Elə indinin özündə Yaqut xanım haqqında da o sözləri səmimi etirafla nəzərə çatdırırlar. Onların da sayı çoxdur, lap çox. Əməkdar artist Yaqut Abdullayevanın yaradıcılığından, ifaçılıq sənətindən söhbət açarkən onun Azərbaycan Dövlət Opera və Balet Teatrındakı Leyli obrazını da unutmaq olmaz. Onu da qeyd edək ki, həmin sənət məbədində uzun müddət fədakarlıq göstərmiş xalq artisti Gülxar Həsənova hələ 1973-cü ildə Yaqutun televiziya ilə çıxışından sonra səmimi hisslərlə aşılanan məktub vasitəsilə onu teatra dəvət etmişdi. Lakin nə o vaxt, nə də Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışdığı illərdə opera teatrında işləməyə maraq göstərməyib. Görkəmli mütəxəssislərin arzusu, təhriki ilə o, nəhayət 1984-cü ildə opera teatrının səhnəsində Leylinin obrazını yaradıb, nakam taleyini yaşayıb. Deyilən kimi iki Məcnunu olub. Uzun müddət bu teatrda can-başla çalışan xalq artistləri Arif Babayev və Canəli Əkbərov. Yaqut xanım o anları belə xatırlayır:
- Mən elə əvvəldən bu teatra şərtlə gəlmişdim ki, Leylini bir dəfə oynayıb çıxacağam. Leyli obrazını adiləşdirmək istəmirdim. Leyli mənim üçün bir zirvədir. Heyif, o vaxtlar çəkiliş olmadı. Mənim ürəyim Leylinin fərağında elə külə döndü ki, bu gün də yanğısı içimdən çəkilməyib. Heç bir zaman yaşadığım o dəhşətli anı təkrarlaya bilmərəm. Leyli mənim "qu nəğməm” idi. Oxudum, eşidən eşitdi, sitəmi mənə qaldı...
Söhbətimizin bu yerində görək o vəfalı Məcnunlar, ustad sənətkarlar nə deyir? Respublikanın xalq artisti Arif Babayev:
- Mən çox təəssüf edirəm ki, o zaman bizim tamaşamız nədənsə lentə alınmadı. Mən hardan biləydim ki, bu insafsız bir daha səhnəyə qayıtmayacaq. Yoxsa hansı yolla olursa-olsun, mən o tamaşanın lentə alınmasını təşkil edərdim. Yaqut Abdullayeva səhnəyə özünəməxsus ifa tərzi, yeni nəfəs, yeni səs gətirdi. Mən səhnədə çox Leylilərə Məcnun olmuşam. Hərəsinin də öz yeri var. Hər bir xanım sənətkarımız öz xarakterinə uyğun Leylisini oynayıb. Bu səbəbdən də Leylilər bir-birindən fərqli alınırdı. Yaqut Abdullayeva təbiətən qürurundan dönməyən, şəxsi keyfiyyətləri ilə seçilən, davranışında, əxlaqında şərafətli, bir sıra məziyyətləri ilə başqalarına örnək olan bir xanımdır. O, Leylini o qədər pak, təmiz təqdim etdi ki, sonra sanki onu həmişə belə qoruya bilməyəcəyindən, adiləşdirməkdən çəkindi. Yaqut həqiqətən Leylini gözləmədiyimiz ucalıqda yarada bilmişdi. Və o möhtəşəmlikdə də qoyub getdi. Özü boyda alov və od idi. Yaxınlaşmağa çəkinirdin ki, özün alışa bilərsən. Mən ilk dəfə səhnədə insanın aha, amana bürünərək od parçasına döndüyünü gözlərimlə gördüm. Onun sinəsindən gələn səs yox, alov idi. Hərdən fikirləşirəm ki, bəlkə bu qız bu addımı qəsdən atdı ki, biz onu unuda bilməyək. Bilmirəm, bildiyim odur ki, Yaqut Abdullayeva Azərbaycan səhnəsinin çox şahanə Leylilərindən biri olub.
Bütün istiqamətlərdə tarazlıq və əxlaqi saflığı hifz edib saxlamaq hər kəsə nəsib olan səadət deyildir. Bu mənada Yaqut xanım bənzərsizdir...
Azərbaycan Respublikasının xalq artisti Canəli Əkbərov: Yaqut daşı kimi şəffaf olan Yaqut Abdullayevanın sənət yolundan günlərlə danışmaq olar. Deyim ki, Yaqut Abdullayeva tamaşaçı ilə ünsiyyət yaratmaqda sərrast və çevikdir. Onun operaya gəlişi hamımız tərəfindən rəğbətlə qarşılandı. Gələn kimi də ona Üzeyir Hacıbəyovun "Leyli və Məcnun” operasından Leyli obrazı etibar olundu. Bu obrazın səhnə həllini məharətlə yerinə yetirdiyi üçün rəhbərliyin, eləcə də tərəf müqabillərinin məhəbbətini qazandı. İlk dəfə onun Məcnunu xalq artisti Arif Babayev oldu. Çox uğurlu keçən bu tamaşa alqışlarla qarşılandı. Mən hələ də operamızda baş verən o çağlayışı, o cür sürəkli alqışları indiyə qədər unutmamışam.
Sonralar isə mənimlə tərəf müqabili olan Yaqut Abdullayeva Füzulinin söz fəlsəfəsini böyük Üzeyrin musiqisi ilə birləşdirərək yeni ovqatda təqdim etdi.
Mən səhnədə ilk dəfə qürurlu, məğrur, eşqi yolunda dərdlərə, fəlakətlərə, faciələrə çox ləyaqətlə sinə gərən bir Leyli gördüm. Onun səsi yandırırdı, yaxırdı. Amma sızıldamırdı. O, dövründən, mühitindən narazı idi. Bu narazılığı, bu gileyi elə tərzdə oxuyurdu, açığı mən belə yüksək dərəcədə qürur əks etdirən ifaçılıq görməmişəm. Yaqut Abdullayevanın Leylisi əsl xanımlığı və əyilməzliyi ilə fərqləndi...
Bəli, xalqımızın ləyaqətli sənət adamı Yaqut Abdullayeva parlaq istedadı, alicənablığı, səmərəli fəaliyyəti ilə həmişə, hər yerdə heyrət və heyranlıq yaradıb. Nə yaxşı ki, görkəmli elm, sənət adamları, qələm sahibləri xanım sənətkarımızın mənalı ömür yolu haqqında ürək sözlərini səxavətlə, inandırıcı fakt və dəlillərlə radio və televiziya verlişlərində, mətbuat səhifələrində nəzərə çatdırırlar. Ana televiziyamızın qızıl fondunda bu qüdrətli, sehirli nəğməkara-sənətkara həsr olunan film öz yerini tutub. Yaqut xanımın ifasında yazılan bir-birindən dəyərli mahnılar, təsniflər fonotekada saxlanılır, ekranda-efirdə səslənir. Saysız-hesabsız pərəstişkarlarının bədii-estetik hisslərini oyadıb hərəkətə gətirir, şeirlərə, nəğmələrə dönür. Şairə Pakizə xanım necə də gözəl deyib:
Nəğmədir taleyin, həyatın sənin,
Onlar şöhrətindir, onlar şanındır.
Sevgi həsrətisən minlərlə qəlbin,
Bu sevgi ən böyük fəxri adındır!..
Doğrudan da belədir. Ən böyük dəyərdir, fəxri addır xalq məhəbbəti. Gün o gün olsun ki, bu adın rəsmiləşdiyini görək, Amin!