"Azərbaycanda siqaretin qiymətinin qalxması bu sahədəki monopoliyalarla bağlıdır”
Bu sözləri "Sherg.az”a siqaretin bahalaşma səbəblərini izah edərkən iqtisadçı-ekspert Nazim Bəydəmirli söyləyib.
Onun qənaətincə, bu qiymət artımı siqaret istifadəçilərinin ürəyincə olmayan bir haldır:
"Marketlərdə, köşklərdə siqaretin qiymətinin qalxmasında əsas rolu topdansatış bazarlarında qiymətlərin qalxması şərait yaradıb. Yəni satıcılar və ya firmaların siqaret idxal etdikləri böyük bazarlarda belə bir artım olub ki, bu da marketlərdə və köşklərdə özünü göstərib. Qiymət artımında ölkədə fəliyyət göstərən monopoliyaların da rolu böyükdür. Düzdür, son vaxtlar Azərbaycanda tütün istehsalında əsaslı işlər, müəyyən tədbirlər görülüb. Amma bu qiymətlərə elə də ciddi təsir göstərə bilmir”.
N.Bəydəmirli onu da əlavə edib ki, indiki dövrdə bütün siqaretdən istifadə edənlər onun zərərlərindən agahdır:
"Hazırda ölkədə hər on nəfərdən ikisi-üçü siqaretdən istifadə edir. Bu heç də ürəkaçan bir statistika deyil. Düşünürəm ki, həmin istifadəçilər həm indi, həm də gələcəkdə siqaretin onların orqanizminə göstərdiyi və ya göstərəcəyi təsirlərdən məlumatlıdırlar. Amma yenə də siqaretdən əl çəkmirlər. Qiymətlərin qalxması bəzi insanları bu zərərli vasitədən uzaq tuta bilər”.
Qeyd edək ki, Azərbaycanda siqaret və tütün məmulatlarının qiyməti bahalaşıb. Belə ki, dünən günorta saatlarından başlayaraq marketlərdə və köşklərdə pərakəndə satılan siqaretlərin qiyməti qalxıb. Sputnik Azərbaycan-ın marketlərdə müşahidə aparan əməkdaşı xəbər verir ki, məsələn, "LD" markalı siqaretlərin qiyməti 30 qəpik, "Sobranie" markalı siqaretlərin qiyməti 50 qəpik, "Kent"lərin qiyməti 30-40 qəpik bahalaşıb.Satıcılar bunu topdansatış bazalarında qiymətlərin qalxması ilə izah edirlər.
Kənan Eynuroğlu