Osman Gündüz saxta profillərlə mübarizə aparmağın ən səmərəli yolunu həmin şəxslərin özlərinin profil yaratmasında görür
Sosial şəbəkələrdə YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun adından açıqlama yayılıb. Sözügedən açıqlamada millət vəkilinin ölkəmizdə sosial şəbəkələrin qəti şəkildə bağlanması ilə bağlı səsləndirdiyi fikir ciddi müzakirə mövzusuna çevrilib: "Düşünürəm ki, ölkəmizdə sosial şəbəkələr birmənalı olaraq qəti şəkildə bağlanmalıdır. Cavanlarımız lazımsız işlərlə məşğul olurlar. İnanıram ki, bu, yaxın zamanlarda baş tutacaq”.
S.Novruzov isə həmin fikirlərin ona heç bir aidiyyəti olmadığını və kimlərinsə onun adından istifadə etdiyini deyib. Məlumatı təkzib edən YAP-ın icra katibinin müavini buna qədər də bir neçə dəfə sosial şəbəkələrdə adından yalan məlumatlar yaymağa çalışanların olduğunu deyib: "Bu barədə təkziblərimi daim vermişəm. Sosial şəbəkələrdə canlı ünsiyyət olmadığı üçün istifadəçilərin də kimliyi bəlli olmur. Bir neçə dəfə yarışlar keçirmişik. Bu yarışlarda sosial şəbəkələrdə qalib gələnləri mükafatlandırmışıq. Sonradan araşdırma aparanda görmüşük ki, sosial şəbəkələrdə adı olan şəxs tamam başqa birisidir. Məsələn, onu hazırlayıb verən onun valideyni, yaxud yaxın birisidir. Çox vaxt sosial şəbəkələr reallığı əks etdirmir. Bir də görürsən ki, biri xaricdə oturub müxtəlif məsələlərə şərh verir, dilimizi bilən ermənilər də bundan istifadə edirlər. Ordu, dövlət quruluşu haqqında dezinformasiyalar yayırlar. İnsanlar da bunu müzakirə etməyə başlayırlar. Sonradan məlum olur ki, bu xəbəri yayan şəxsin Azərbaycana heç bir aidiyyəti yoxdur. Qəsdən belə məsələləri ortaya atırlar. Xaricdə siyasi sığınacaq almaq istəyən, eləcə də, cinayət törətmiş şəxslər sosial şəbəkələr vasitəsilə belə məsələlərdən istifadə edirlər. Sosial şəbəkələrlə bağlı mövqeyim başqa cürdür. İndi konstitusiyada nəzərdə tutulan əlavə və dəyişikliklərdə sosial şəbəkələrdən istifadə ilə bağlı bəzi maddələr salınıb. Heç bir şəxs digərinin şərəf və ləyaqətini təhqir etməməli, hüququnu pozmamalıdır. Çünki bəzən başqasını təhqir edəni tapmaq mümkün olmur. Nəticədə istədiklərini yazırlar”.
Feysbukda saxta profillər probleminin bu sosial şəbəkənin bünövrəsi qoyulandan bəri mövcud olduğunu vurğulayan "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bu kimi halların qarşısını almaq üçün müxtəlif addımlar atıla bilər: "Hansısa vətəndaşın adından saxta profil açılıbsa, fəaliyyət göstərilirsə, bu artıq şəxsi həyata müdaxilə kimi dəyərləndirilə bilər. Bu zaman məhkəməyə müraciət edib bildirmək olar ki, mənim adımdan informasiyalar yayılır, onların mənə aidiyyəti yoxdur. Daxili İşlər Nazirliyi məhkəmə qaydası ilə bunu araşdıra və tədbirlər görə bilər. İkinci addım feysbuk administrasiyasının özü ilə əlaqə saxlamaqdır. Belə ki, müəyyən sübutedici faktlarla, məhkəmənin qərarı, məktublar və s. ilə göstərmək olar ki, o profil saxtadır”.
Başqalarının adına saxta feysbuk profillərinin müxtəlif məqsədlər üçün yaradıldığını deyən O.Gündüzün sözlərinə görə, kimisi özünün maraqlarını, hobbisini paylaşmaq istəyir: "Kimlərsə də özlərinin ictimai-sosial statusundan ehtiyatlanaraq saxta, başqa ad altında feysbuk səhifəsi açırlar. Biznes məqsədilə açılan milyonlarla saxta səhifələr var. Hansı ki, onlar saxta "like” toplamağa xidmət edir. Elə insanlar da var ki, onlar saxta səhifələri tanınmış müğənnilərin, ictimai-siyasi çəkisi olan insanların adına açır və onun adı altında fəaliyyətə başlayır. Ən təhlükəlisi də məhz bundan ibarətdir. Bu artıq feysbuk qaydalarının kobud şəkildə pozulması deməkdir”.
O.Gündüzün sözlərinə görə, saxta profillərlə mübarizə aparmağın ən səmərəli yolunu həmin şəxslərin özlərinin profil yaratmasında görür və hesab edir ki, bu zaman heç kəs onların adından istifadə edə bilməz. Yəni belə olanda hamı saxta ilə həqiqi profili rahat şəkildə bir-birindən fərqləndirə biləcək və dələduzların "əziyyəti” boşuna gedəcək.
Şəymən