Siyəzən məktəbində kütləvi zəhərlənmə...

Nabatəli Qulamoğlu: “Orta məktəblərin bufetlərində uşaq orqanizmi üçün ən təhlükəli qidalar satılır”
Lalə Mehralı: “Kim bilir nə vaxtdan o kekslər mağazaya gətirilib”


Azərbaycanda məktəblilər arasında kütləvi zəhərlənmə faktı məktəb bufetlərinin vəziyyəti və şagirdlərin qidalanması problemini önə çəkir. Xatırladaq ki, srağagün Siyəzən rayonu Zarat kənd orta məktəbində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

8 şagird qida zəhərlənməsi şübhəsi ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin müayinə zamanı məlum olub ki, şagirdlər qəbul etdikləri şirniyyatdan zəhərləniblər. Şagirdlər məktəb bufetindən yox, kənd mağazasından keks alıblarmış.
Mərkəzin həkim pediatrı Kəmalə Cavadovanın sözlərinə görə, şagirdlərin mədə-bağırsağı yuyulub, ilkin yardımlar olunub. Vəziyyəti normallaşan uşaqlar evə buraxılıb.
Hüquq-mühafizə orqanları da hadisənin başvermə səbəbini, şirniyyatın gətirilmə mənbəyini və keyfiyyətini araşdırmağa başlayıb.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə "Şərq”ə açıqlamasında bildirdi ki, məktəblinin təhsildəki uğurları qidalanmadan birbaşa asılıdır:

- Təəssüf ki, nə məktəbli qidası, nə də məktəb bufetləri problemi həllini tapmır. Bizim orta məktəblərin bufetlərində uşaq orqanizmi üçün ən təhlükəli qidalar - "çipsi”lər, "şirin çubuq”lar, cürbəcür hazır qidalar, tərkibi müəmmalı şirniyyatlar, konservantlı və süni rəngləndiricili "meyvə şirələri”, çörək arasında mənşəyi məlum olmayan kolbasa, sosislər hələ də satılır. Məktəblilər bu cür zərərli qidalarla qidalanır. Bu qidalar da məktəblinin sağlam inkişafını heç bir halda təmin edə bilməz. Qida sağlam olmalıdır ki, orqanizm də sağlam olsun. Yalnız sağlam orqanizmə malik şagird bilikləri yaxşı mənimsəyə bilər. Məktəb bufetlərinə nəzarət hələ də öz həllini tapa bilməyib. Çünki bizdə vətəndaş cəmiyyəti inkişaf etməyib. Vətəndaş cəmiyyəti güclü olduqda nəzarət qurumları da yaranır və bu qurumlar vacib məsələlərin həllində öz sözünü deyə bilir. Gərək normal vətəndaş cəmiyyəti formalaşmış olsun ki, orta məktəblərə də, məktəblinin qidalanmasına da nəzarət funksiyası icra edilsin.

Sosioloq Lalə Mehralı da məktəblilərin düzgün qidalanmasının vacib şərt olduğunu bildirdi:

- Üzümü valideynlərə tutub deyirəm ki, övladlarınızın sağlamlığını qoruyun. Niyə valideyn uşağın cibinə pul qoyub məktəbə göndərməlidir ki, get, orada bir şey alıb yeyərsən?! Nə alacaq uşaq? Əlbəttə, hazır qidalar, "çips”, müxtəlif şirniyyat, kekslər. Bununla uşaq orqanizmi necə güclənə bilər? Mən indiyədək bir dəfə də övladımı məktəbə əliboş göndərməmişəm. Həmişə çalışıram özüm ev şəraitində nəsə hazırlayım. Burada çətin bir iş də yoxdu. Məktəb bufetində, ya da küçədə dönərxanada satılan dönəri, peraşkini, hər bir ana evdə də hazırlaya bilər. Çörəyin arasına bişmiş ət, toyuq qoysunlar, müxtəlif şirniyyat, kekslər bişirsinlər, versinlər uşaq aparsın məktəbə. Əgər valideyn şagirdin məktəbə məhz pul aparmaq istəməsində israr etdiyini deyirsə, yenə də valideyn günahkardır. Məktəbliyə pulu o zaman verərlər ki, ona yol pulu lazım gəlir. Şagird məktəbə getmək üçün nəqliyyatdan istifadə edir. Başqa heç bir halda şagirdə pul verilməməlidir. Amma çox şahidi oluruq ki, təhsil aldığı məktəb evinin yaxınlığında olan şagirdlərə də valideynləri pul verib yola salır. "Nə istəyirsən, al, ye” deyirlər. Uşaqları yanlış yola belə yönəltmiş olurlar. Uşaq da dərsdən çıxır, qaça-qaça mağazaya gedir, oradan əlinə nə keçdi, gözünə nə xoş göründü, alır, yeyir. Mağazalarda nə qədər vaxtı ötmüş, istifadə müddəti bitmiş qidalar satışdadır. Paytaxtda belədir, o ki ola bölgələrdə. Kim bilir nə vaxtdan o kekslər mağazaya gətirilib. Hansı şəraitdə saxlanılıb. Uşaq bunu bilmir axı. Satıcı isə təki qazansın deyə nə gəldi satır. Nəticədə də görürsünüz, belə zəhərlənmə hadisələri baş verir. Şükür ki, bu hadisə yüngül ötüşüb. Bəs birdən ağırlaşma halı olsaydı, kim buna cavabdehlik daşıyacaqdı. Məktəb rəhbərliyi deyəcəkdi ki, qidanı kənardan alıblar. Halbuki, məktəb bufetlərinin özündə daha çox yararsız qidalar satılır. Amma şagirdlər o qidanı kənar mağazadan aldıqları üçün məktəb rəhbərliyini suçlamaq mümkün deyil. Hesab edirəm ki, məktəb bufetləri ciddi yoxlanmalıdır. Məktəb bufetlərinə gətirilən ərzaqların haradan gətirildiyini, necə istifadə olunduğu, bufetlərin sanitar-gigiyenik durumu daim nəzarətdə saxlanmalıdır. Valideynlər də diqqətli olmalıdırlar. Nə qədər ki, bizdə məktəb bufeti və məktəbli qidası problemi həllini tapmayıb, valideynlər uşaqlarını kimsəyə etibar etməsinlər.

Məlahət Rzayeva