Soçi görüşü erməniləri təşvişə salıb

Ekspertlər də hesab edir ki, lazım gələndə Rusiya Ermənistanı bada verəcək


Rusiya və Azərbaycan prezidentlərinin Soçidə baş tutan son görüşü Ermənistanda ciddi çaxnaşma yaradıb. Görüş Dağlıq Qarabağın separatçı rejiminin daha ciddi təşvişinə səbəb olub. Qondarma DQR-in Ermənistandakı "nümayəndəsi” Qarnik İsaqulyan deyib ki, Moskva və Bakı arasında müəyyən ortaq fikirlər mövcuddur və bu cür görüşlər Ermənistan cəmiyyətində xoş qarşılanmır:

"Xüsusən, Dağlıq Qarabağ müzakirələrinə tərəf kimi daxil edilməməyimiz bizi narahat edir. Çünki Ermənistan böyük təzyiqlərə məruz qala bilər”. Erməni separatçısı Rusiyanın Azərbaycana silah satmasını özləri üçün ağrılı fakt hesab edib: "Neftlə zəngin olan Azərbaycan müxtəlif ölkələrdən silah alır və istifadə edir. Bundan əlavə, onlar müasir silahlarla silahlanmaqda davam edirlər. Ancaq bizim üçün ağrılı olan fakt Rusiyanın Azərbaycana silah satmaqda davam etməsidir. Biz silahlarımızın çoxunu Rusiyadan alırıq. Ancaq Azərbaycan İsraildən silah alıb və bu silahların arasında nələr olduğunu bilmirik”. 

Düşmən ölkənin narahatlığı ilə bağlı "Şərq”ə açıqlama verən millət vəkili, tarixçi-alim Musa Qasımlı deyib ki, Ermənistan rəsmən müstəqil olsa da, əslində vassal statusundadır. Deputatın sözlərinə görə, hakimiyyətdə olanlar nəinki xarici, hətta daxili siyasətə aid məsələləri özləri müstəqil şəkildə həll edə bilmirlər:

"Sanki qubernator təyinatı kimi Ermənistana baş nazir başqa bir ölkədən göndərilir. Ermənistanın strateji baxımdan Rusiyaya ciddi bir faydası yoxdur. Bu ərazidən Rusiya iqtisadi, siyasi və başqa fayda əldə edə bilmir. Sadəcə hərbi bazasını qurub və bu ərazidə oturub. Ermənistan Rusiyaya pislikdən, problemlərdən başqa heç nə verməyib. Yalnız ondan özünün işğalçılıq məqsədləri üçün Moskvadan istifadə edib. Ermənilər Moskva ilə əməkdaşlıqda öz maraqlarını güdürlər və daim Rusiyanın ayaqlarının altını qazırlar. Rusiyanın zəifləyəcəyi günü səbirsizliklə gözləyirlər ki, özlərinə başqa bir yerdə ağa axtarsınlar. Ermənilər hər an Rusiyaya xəyanət etməyə hazırdırlar”.

Millət vəkili bildirib ki, Ermənistanla hər hansı əməkdaşlıq Rusiyanın türk və müsəlman dünyası ilə əlaqələrinin inkişafına mane olur: 

"Xüsusən Qərb ilə münasibətlərin soyuq olduğu bir şəraitdə Moskvanın türk və müsəlman dünyası ilə yaxşı münasibətlərinin mövcud olması Rusiyanın faydasınadır. Bu yol isə güclü, müstəqil və zəngin Azərbaycan ilə əməkdaşlıqdan keçir. Silah satışı məsələsinə gəlincə, mütəxəssislər yaxşı bilirlər ki, dünya silah satışı ticarətində Rusiya bir sıra ölkələrlə amansız rəqabət aparır. İmkanı olan ölkələr Rusiyadan da bu silahları alırlar. Əgər Ermənistanın belə imkanları varsa, buyurub alsın. Ermənilər Rusiyadan silahları borcla alırlar. Nəticədə Rusiyadan asılılıq daha da artır.
Azərbaycanın isə maliyyə imkanları genişdir. Bu imkan manevr etməyə şərait yaradır. Rusiya Azərbaycana silah satmaq istəməyəcəyi təqdirdə digərləri onun yerini tutmaq istəyəcək və təkliflərini irəli sürəcəklər. Azərbaycan da silahları həmin ölkələrdən alacaq. Ancaq sual edilir ki, "Azərbaycanın digər ölkələrdən silah alması Rusiyanın maraqlarına nə dərəcədə uyğundur?” Məncə, cavab aydındır. Ona görə də Rusiya Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan əməkdaşlıqda vazkeçilməz, etibarlı, sözü və işi bir olan dövlətdir”.

M.Qasımlı bəyan edib ki, Ermənistanın Rusiya tərəfindən bada verilməsi məsələsinə də münasibət bildirib: "Hamı bilir ki, Moskva üçün Rusiyanın maraqları hər şeydən üstündür. Ermənistan Rusiyanın öz siyasətini həyata keçirməsinə mane olur. Ona görə də düşünürəm ki, Rusiya süni surətdə yaratdığı Ermənistanı lazım gələndə bada verəcək. Sonra isə "Ermənistanı məhv olmaqdan xilas etmək” adı altında regiondakı strateji niyyətlərini həyata keçirmək üçün addımlar atacaq. Buna dair XX əsrin 20-ci illərinin maraqlı tarixi təcrübəsi var. Böyük oyunlarda Rusiya üçün Ermənistanın təsiri və dəyəri milçək vızıltısı qədər də deyil”.

İsmayıl