Sökülməlidir: O evlərdə yaşayanlar revmatizm və əsəb xəstəliklərindən əziyyət çəkir
Ekspertlər hesab edir ki, evləri söküləcək əhalinin problemlə üzləşməməsi üçün iş sistemli şəkildə qurulmalıdır
Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına uyğun olaraq, "Pilot layihə” çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, bir milyon kvadrat metrə yaxın yaşayış sahəsi tikilməlidir.
Şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun sözlərinə görə, bu göstəricilər hazırda Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”la tənzimlənir.
Ekspertlər isə yeni binalar tikilərkən əlavə yüklənmələr olmasın deyə bir sıra qabaqlayıcı tədbirləri zəruri hesab edir.
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova isə əvvəla, mikrorayonlardakı panel evlərin sökülməsinin məqsədəuyğun olduğunu deyib: "Belə evlər yaşayış üçün yararsız olmaqdan əlavə, həm də insanın səhhətinə həddindən artıq mənfi təsir edir. Revmatizm, əsəb xəstəlikləri panel evlərdə yaşayanlarda daha çox olur. Dəfələrlə bu cür evlərin sökülüb daş və ya karkas evlərlə əvəz edilməsi təklifini vermişəm”.
Z.Budaqovanın sözlərinə görə, evləri söküləcək əhalinin problemlə üzləşməməsi üçün iş sistemli şəkildə qurulmalıdır: "Ya plana düşən evlərin sakinlərinə yaşadıqları evlərin kvadratmetrinə görə kompensasiya verilməlidir ki, onlar da həmin məbləğlə ev problemini həll etsinlər. Ya da elə onlara evlərinin yerində tikilən evlərdən verilməlidir”.
Xanım memarın sözlərinə görə, bu işlər aparılarkən şəhərsalmanın qanunlarına diqqət edilməlidir: "Məsələn, əgər biri-birinin içində olan 5 dənə 5 mərtəbəli bina sökülübsə, arasındakı məsafə şəhərsalmanın qanununa uyğun olmaq şərtilə onun yerində iki bina tikilməlidir. Ya karkas, ya da daş evlər tikilməsi gözəl olar”.
"Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı-direktoru, mənzil bazarı üzrə ekspert Ramil Osmanlı isə hesab edir ki, burada cəlb olunacaq investorlar üçün maraqlı təkliflər ortaya qoymalıdır: "Sahibkar köçürüləcək ərazidə söküləcək mənzillərin daha yeni və daha çox mənzillə əlavə olaraq təmin olunması barədə düşünməlidir. Kənar əlavə yüklənmələrin qarşısını almaq üçün şəhərsalma qaydaları mütləq şəkildə nəzərə alınmalıdır”.
Təkliflər sırasında söküləcək 2, 5 və 9 mərtəbəli köhnə binaların yerində daha hündürlərinin inşası yer alır. Bu əhali və nəqliyyat sıxlığının aradan qaldırılması, sovet dövründən qalma kommunikasiya xətlərinin yenilənməsinə imkan verəcək”.
R.Osmanlı da artıq "xruşşovka”ların istismar müddətini başa vurduğunu və təhlükə mənbəyinə çevrildiyini deyib: "Xruşşov” layihəli çoxmənzilli binaların tikintisi əsasən ötən əsrin 60-cı illərində həyata keçirilib. Bu binalarda daha çox beton faner konstruksiyalardan istifadə olunub. Burada istismar dövrü çox əhəmiyyətli məsələdir. Bəziləri düşünür ki, bu binalar 15-20 il üçün nəzərdə tutulub. Lakin bu da səhv yanaşmadır. Heç bir çoxmənzilli bina belə qısa müddət üçün nəzərdə tutula bilməzdi. Amma həmin binaların da yaşı artıq 50-ni ötüb və o tikililərin bəzilərində möhkəmlətmə, bərkitmə işləri aparılmasına baxmayaraq, bu binalar həm istismar dövrünü başa vurub, həm də mövcud beynəlxalq standartları nəzərə alsaq, yaşayış minimumu tələblərinə cavab vermir. Lakin Bakıda "Xruşşov layihəli” binalardan daha köhnə binalar var. Bunlara fransız və Minsk layihəli tikililəri misal çəkə bilərik. Hazırda bazarda müəyyən qədər normal qəbul olunan və alqı-satqıya cəlb olunan "Stalin layihəli” tikililərin də adını çəkmək olar”.
Bu binaların təhlükəsizlik tələblərinə cavab verməsi məsələsinə gəlincə, Ramil Osmanlı bildirdi ki, beton konstruksiya ilə inşa olunmuş bir bina artıq 50 illik tarixi əhatə edirsə, onun istismar müddəti başa çatmış və ya başa çatmaqda olan kimi qəbul oluna bilər.
Binaların müəyyən müddətə çökmə ehtimalının olmasına münasibət bildirən ekspert vurğuladı ki, hər hansı bir fövqəladə hal baş verdiyi təqdirdə həmin binaların çökməsi istisna deyil: "Bu tikililərin yeni binalarla əvəzlənməsi həm şəhərsalma baxımından, paytaxtın nəqliyyat infrastrukturunun bərpası baxımından, həm də sakinlərin daha yaxşı mənzillərdə yaşaması baxımından önəmlidir. Xarici təcrübədə şəhərsalma proqramları vaxtaşırı nəzərdən keçirilir. Məsələn, Bakı şəhərində sonuncu şəhərsalma proqramı - Bakı şəhərinin baş planı ötən əsrin 70-ci illərinin sonunda qəbul olunub, ondan sonra həmin sənəd yenilənməyib. Ancaq xarici ölkələrdə həmin sənədlər müvafiq dövrlər ərzində, hər 20-25 ildən bir yenilənir. Həmin baş planlarda tikililərin istismar müddəti qeyd olunur. Heç bir bina ömürlük tikilmir. Şəhərlərin baş planına uyğun olaraq araşdırma aparılır və qəzalı binalar ləğv olunur. Bu ölkələrdə insan faktoru daha öncədir. Bu baxımdan Avropa ölkələrində şəhərsalma ilə bağlı tədbirlər qanunvericiliyə uyğun olaraq həyata keçirilir və o müddət heç vaxt pozula bilməz. Əgər bina 50 il üçün nəzərdə tutulubsa, onu 55-60 il istismar etməyə yol verilməz”.
Ramil Osmanlı yeni tikililərin müasir standartlar əsasında tikilməsinin də vacibliyini vurğulayıb: "Bakının yeni müfəssəl planı hazırlansa da, hələ ki Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Bu qərardan çox şey asılı olacaq. İndi Bakı şəhərində 2003-cü ildən başlayaraq, yeni tikililərin tikilməsinə başlanıldı və onlarda Avropa standartlarına əməl olunmağa başlandı. Əvvəlki beton konstruksiyalardan imtina olundu, binalar künclərdən armaturla bərkidilməyə başladı. Əgər əvvəllər yalnız binalar künc hissələrdən biri-birinə bərkidilirdisə, indi orta hissələrdən də armaturla bərkidilir”.
Şəymən