Sülhəddin Əkbər:“Terrorun qarşısını almaq DTX-nın əməliyyatları ilə başa çatan proses deyil. Beynəlxalq səviyyədə müttəfiqlərlə birlikdə qlobal terrorizmlə mübarizəni daha aktiv həyata keçirmək vacibdir"
"Azərbaycanda terror təlhükəsinin səviyyəsi yüksəkdir. Baş verən hadisələr də bunu sübut etdi”.
Bunu "Sherg.az”a Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyat keçirərək, Bakıda terror aktlarının qarşısını almasından danışarkən keçmiş MTN zabiti Sülhəddin Əkbər deyib.
O bildirib ki, DTX-nın həyata keçirdiyi əməliyyatlar, həbslər və s. tamamilə təhdidin qarşısını almır:
"Terrorun qarşısını tamamilə almaq mümkün deyil. Çünki terror artıq qlobal hadisədir. Bununla mübarizə beynəlxalq əməkdaşlıq tələb edir. Ona görə, Azərbaycan ölkə daxilində effektiv, kompleks tədbirlər görməlidir. Bu, yalnız DTX-nın əməliyyatları ilə başa çatan proses deyil. Siyasi, ideoloji məsələlərdən tutmuş təhlükəsizliyə qədər geniş tədbirlər həyata keçirmək lazımdır.
Beynəlxalq səviyyədə isə müttəfiqlərlə birlikdə qlobal terrorizmlə mübarizəni daha aktiv həyata keçirmək vacibdir.
Ölkə vətəndaşlarının belə təxribatlara cəlb edilməsi acınacaqlı haldır. Bunların qarşısını almaq üçün siyasi, dini, ideoloji, təhsil, iqtisadi və digər sahələri əhatə edən təbliğat, təşviqat, maarifçilik istiqamətində milli proqram hazırlanmalıdır. Gənclərin, xüsusilə, ali təhsilli vətəndaşların işlə təmin edilməsindən tutmuş, Azərbaycanın xarici siyasətinə qədər hər məsələdə terrorizmlə mübarizə ön planda olmalıdır”.
Qeyd edək ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Abdullah” ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşıb. Onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər.
DTX-nın həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri - Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, "Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu və "Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər.
Aysel Aslan