Sosial mənzillərin tikintisinə başlanılır

“Böyük ehtimalla mənzilə görə ödənişlər 20-30 il arası müddətə olacaq”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə həyata keçirilən ilk layihənin icrası istiqamətində işlər davam etdirilir. Məlumata görə, ilkin olaraq Yasamal rayonu ərazisində salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.

Sözügedən yaşayış kompleksinin tikintisi Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən aparılacaq. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır. Artıq həmin yaşayış kompleksinin "Şəhərsalma əsaslandırılması”nın hazırlanması başa çatdırılıb. Tikintinin layihə-smeta sənədləri üzərində iş gedir. Bununla yanaşı, ötən qısa müddət ərzində ərazidə geoloji və mühəndis axtarış işlərinin aparılmasına başlanılıb. Eyni zamanda, çoxmənzilli binaların tikintisinə hazırlıq işləri çərçivəsində mühəndis-kommunikasiya təminatı üçün texniki şərtlər də alınıb.

Daşınmaz əmlak məsələləri üzrə iqtisadçı-ekspert Rəşad Əliyev qeyd edib ki, MİDA-nın Bakıda sosial mənzillərin tikintisi üçün torpaq sahəsi ayırması çox yaxşı haldır. Amma belə şəhərciklər təkcə Bakıda deyil, regionlarda da inşa edilməlidir: "Çünki sosial mənzillərə ən çox ehtiyacı olanlar məhz bölgə camaatıdır. Aztəminatlı ailələrin də əksəriyyəti məhz regionlarda yaşayır. Lakin bunun üçün dövlətə külli-miqdarda vəsait lazımdır ki, həmin mənbənin tapılması bir az problemlidir. Bakıda ayrılmış ərazidə şəhərciyin tikilib təhvil verilməsi üçün ilyarım - iki il vaxt lazım gələcək. Yəqin ki, inşa edilən mənzillər insanlara hazır vəziyyətdə təqdim olunacaq. Çox güman ki, sosial mənzillərin verilməsi qaydaları da o vaxta kimi dəqiqləşəcək”.

Ekspertin qənaətincə, məhz bu qaydalar təsbit olunduqdan sonra mənzillərin kimə və hansı şərtlərlə veriləcəyi, ödənişin ümumi prinsipləri məlum olacaq: "İlk növbədə mənzilləri kimlərin ala biləcəyi, ikincisi, mülkiyyət məsələsi, aylıq ödənişlərin nə qədər və hansı müddətədək olacağı, pulun qaytarılması mexanizmi müəyyənləşməlidir. Böyük ehtimalla mənzilə görə ödənişlər 20-30 il arası müddətə olacaq. Axı sosial mənzillərin büdcə hesabına tikilməsi o demək deyil ki, həmin vəsait batmalıdır. Onun qaytarılması da təmin edilməlidir”.

R.Əliyev diqqətə çatdırıb ki, sosial mənzillərin tikilib istifadəyə verilməsi mövcud əmlak bazarına təsir etməyəcək: "Əgər sosial mənzillər ev almaq imkanı olmayan şəxslərə veriləcəksə və bu prosesə ciddi nəzarət olunacaqsa, o zaman deyilən sayda mənzilin istifadəyə verilməsinin daşınmaz əmlak bazarına təsiri olmayacaq. Çünki həmin mənzillərin sahibləri onsuz da əldə real pulla əmlak bazarına müştəri qismində çıxmaq imkanında olmayan insanlar olacaq. Mövcud makroiqtisadi şərait dəyişməsə, əmlak bazarında durğunluq hələ bir müddət də davam edəcək”.

Ekspertin sözlərinə görə, əsas məsələ həmin mənzillərin tikintisi üçün lazım olan vəsaiti tapmaqdır: "Mənzillərin tikildiyi şəhərcikdən gəlir əldə oluna bilməz. Çünki bu, sosial layihədir. Onun pulu 20-30 ilə qayıdacaq. Əgər deyildiyi kimi 2 min mənzil tikiləcəksə, buna ən azından 50-60 milyon manat vəsait lazım olacaq. Əgər bunu özəl tikinti şirkəti tiksəydi, mənzilləri satıb, əldə etdiyi vəsaiti yenidən tikintiyə sərf edərdi. Amma burada belə bir mexanizm mümkün deyil.

Yəni burada mənzillər tam tikilib hazır olandan sonra vətəndaşlara güzəştli şərtlərlə satılacaq. Ona görə də layihənin reallaşması üçün ciddi maliyyə resurslarına ehtiyac duyulur”.

Digər daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov isə söyləyib ki, Bakıda sosial mənzillərin tikintisinə başlanması mənzil bazarında şişirdilmiş qiymətlərin qarşısını alacaq: "Layihə çərçivəsində tikilməsi nəzərdə tutulan 2 min mənzil az deyil. Bu, təqribən 20 yaşayış binası deməkdir. Bu da bazarda əhəmiyyətli paya malikdir. Nəzərə alsaq ki, il ərzində Bakıda 15-17 min mənzil tikilib istismara verilir, 2 min mənzil təqribən bunun 8/1 hissəsini təşkil edir. Təbii ki, bu, bazara təsir göstərəcək. Həm təklif portfelinin stabilləşməsinə, həm də qiymətlərin alıcılıq qabiliyyətinə yaxınlaşmasına təsir edəcək”.

Ekspert bəyan edib ki, hazırda bazarda o seqmentə, yəni ucuz mənzillərə aid olan təklif portfelində mənzil qıtlığı hiss olunur: "Sosial mənzillərin tikilməsi o seqmentin dolmasına kömək edəcək. Həm də sosial mənzillərin tikintisi mənzil bazarında şişirdilmiş qiymətlərin qarşısını alacaq. Ucuz qiymətə satılan mənzillərin qiymətini isə maya dəyəri və 20-30 faiz gəlirlilik təşkil edir. Ona görə də, o qiymətlərin aşağı düşmə ehtimalı, demək olar ki, yox səviyyədədir”.

N.İbrahimov onu da əlavə edib ki, sosial mənzillərin tikintisinin bazara necə təsir edəcəyi, həm də həmin mənzillərin hansı şərtlərlə verilməsindən asılı olacaq: "Bu, bir çox şərtlərdən asılıdır. O baxır həmin mənzillər hansı şərtlərlə veriləcək, hansı şərtlərə cavab verən təbəqəni ev növbəsinə götürəcəklər. Hələ ki, bu şərtlər açıqlanmayıb. Şərtlər açıqlandıqdan sonra sosial mənzillərin bazarda hansı seqmentə nə dərəcədə təsir edəcəyi barədə müəyyən fikir söyləmək olar”.

İqtisadçı-ekspert Vüqar Bayramov da bu addımı müsbət qiymətləndirib: "Hesablamalarımız göstərir ki, gənc ailə ayda 60 manat ödəməklə 2 otaqlı ümumi sahəsi elə 50-60 kvadrat sahə olan mənzilə sahib ola bilər. Bu zaman bunu məhz 20 il müddətində ödəmək imkanı əldə etmiş olacaq. Artıq 20 ildən sonra mənzil sahibi mənzilin mülkiyyətçisinə çevrilməklə sonradan satmaq imkanına malik olacaq. Bütün hallarda isə həmin şəxsin il boyu bu evdə qalmaq hüququ olacaq”.

İqtisadçının sözlərinə görə, sosialyönümlü xalq evlərinin tikilməsi dövlət büdcəsinə əlavə yük olmayacaq: "İl ərzində 1-ci mərhələdə dövlət büdcəsindən təxminən 300 milyon manat vəsait ayrılmaqla bu layihəni həyat keçirmək mümkün olacaq. Bu da imkan verəcək ki, dövlət sosial mənzil fondunun formalaşmasını həyata keçirsin və sosial mənzillərin inşası reallaşsın. Və bu da öz qiymətinə vətəndaşa təklif olunacaq”.

Ayyət Əhməd