Sosial şəbəkələrdə qadınlara “tələ” qurulur

Mehriban Zeynalova: “Belə hadisələrin qarşısını vaxtında almaq üçün xüsusi kampaniyaya ehtiyac duyduq”
Lalə Mehralı: “Qadınlar şərait yaratmasa, işbazlar onların şəkillərini əldə edib, şantaj etməzlər”


Bir çoxlarımız sosial şəbəkələrdən sadəcə ünsiyyət vasitəsi kimi istifadə etsək də, ondan biznes maraqları üçün yararlananların olduğunu da bilirik. Kimi çalışdığı şirkəti reklam edib, müştərilərlə təmasda olur, kimisi də onlayn satış xidmətindən faydalanır. Amma son vaxtlarda sosial şəbəkələrin adı daha çox "virtual tələ” və ya "şantaj” olaylarında hallanır. Hədəf isə nə məmurlar, nə də vəzifəli şəxslərdir. Bu "tələ”nin qurbanı gənc qızlardır. Şantaj illərin problemidir. Bu isə ya pul qazanmaq, ya qisas almaq, ya da sadəcə xuliqanlıq etmək, öz aləmində bundan keyf almaq məqsədilə edilir.

Elm və texnikanın inkişafı o mərhələyə çatıb ki, artıq bütün həyat elektronlaşır, məxfilik imkanları azalır, təhlükələr və risklər atrır. Xüsusilə də internet, mobil telefonlar və onların çoxsaylı funksiyaları icad olunandan bəri ağla gələn və gəlməyən hər bir "hoqqa”lar çıxarılır.

İndi də sosial şəbəkədə gənc qadınlara yaxşı iş və ya evlənmək adı ilə dostluq göndərib onları şantaj edən cinayətkarlar peyda olub. Belə bir hadisədən zərər çəkən Fidan Əliyeva "Xəzər xəbər”ə danışıb. Feysbukda tanış olduğu bir nəfər söhbət əsnasında gənc qadını işlə təmin edəcəyini deyib görüşə dəvət edib. Bir neçə gün virtual danışıqdan sonra gənc qadın həmin şəxslə görüşüb. Təxminən 35-40 yaşlı həmin şəxs qadının şəkillərini əldə etdikdən sonra onu sosial şəbəkədə paylaşacağını deyib pul istəyib. Fidan Əliyeva qohum-tanış arasında rüsvay olacağından qorxub sosial şəbəkə cinayətkarına 500 manat pul verib ki, şəkilləri yaymasın. Qadının dediyi kimi, o, belə faktları bir neçə şəxsə qarşı törətsə də, çoxu qorxudan polisə və ya ailəsinə demir. Məsələ sosial şəbəkə üzərindən törədilmiş cinayətləri aktuallaşdırır.

Qeyd edək ki, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi "Labirintdən çıxış” adlı layihə hazırlayır ki, məqsəd sosial şəbəkələr yolu ilə qadınların iş, evlilik adı ilə aldadılaraq başqa ölkələrə daşınması və insan alverindən zərərçəkməsinin qarşısını almaqdır. "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova gənc qadınlara sosial şəbəkədən istifadə edərkən gizlilik prinsipinə əməl etmələrini və dostluq təklifi gələrkən həmin şəxsi tanıyıb-tanımamasına diqqət etmələrini tövsiyə edir.

Qızları tovlamaq üçün oğlanların xüsusi hazırlandığını vurğulayan Birlik sədrinin sözlərinə görə, sosial şəbəkələr yolu ilə aldatma halları real həyatda aldatma hallarını üstələyib: "Bu faktla bağlı bütün dünyada gedən tendensiyanın ölkəmizdə də genişlənməməsi üçün bu addımı atmağı özümüzə borc bildik. Əslində bizə də dəfələrlə müraciətlər olub. Əvvəlcə tanışlıq, sonra şəkillərin əldə edilməsi, sonra isə pul, yaxud cinsi münasibət tələbi. Bir dostum danışırdı ki, Almaniyada bu məqsədlə xüsusi olaraq oğlanlar hazırlanır. Onlar hazırlıq keçdikdən sonra sosial şəbəkələrdə oturur və "qız ovu”na başlayırlar. Əvvəlcə xoş münasibətlə qızları özlərinə bağlayır və bu, tədricən sevgi asılılığına qədər gedib çatır. İlk görüşdən sonra həmin qızların satışı başlayır. Qızlar oğlanlardan ayrılmamaq üçün onun bütün tələblərini yerinə yetirir. Bu isə insan alverinin bir qədər fərqli formada təzahürü olur və getdikcə daha çox yayılmağa başlayır. Bu, ən asan və ən az xərc tələb edən bir yol olduğundan bu vasitədən istifadə hallarının geniş yayılması mümkündür”. İş görüşməsi adı altında insan alverinə toxunan Mehriban xanım deyib ki, hətta "Skype” vasitəsilə iş görüşməsi adı altında da aldatmaq mümkündür: "Bir çoxları sosial şəbəkədən uzun müddət istifadə etməsinə baxmayaraq, hələ də belə hadisələrin mümkünlüyünə inanmır. Ancaq öz təcrübəsində belə bir hadisə ilə qarşılaşarsa, o zaman inanır ki, bu zaman da gec olur. Buna görə də belə hadisələrin qarşısını vaxtında almaq üçün xüsusi kampaniyaya ehtiyac duyduq. Kampaniyanın sonunda ölkəmizdə bu sahədə vəziyyətin necə olduğunu söyləmək imkanımız olacaq”. "Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə deyib ki, iş görüşməsi məqsədi ilə göndərilən şəklin internetdə yayılması bir qadında bu qədər narahatlıq doğurmamalıdır: "Xanımın narahatlığından və bu məsələni ictimailəşdirməsindən belə başa düşdüm ki, şəkillər məhrəm olub, yəni cəmiyyətin görməməsi gərəkən formada çəkilmiş şəkillərdir. Bizim hamımızın internetdə kifayət qədər çox şəkli var, amma bu şəkillər bizi şantaj edə biləcək formada çəkilməyib, normal fotolardır. Sosial şəbəkə evin içi deyil, ictimai məkandır, nə yazdığına, nə paylaşdığına diqqət eləmək lazımdır. Şantaja məruz qalan xanım iş üçün görüşdüyünü və bundan sonra şantaja məruz qaldığını deyib. Mənim başa düşmədiyim odur ki, iş görüşündə, əvvəl və ya sonra qarşı tərəfə niyə məhrəm foto göstərirlər? Heç bir normal işverən belə fotolar tələb etməz, əgər tələb edilirsə, deməli, işçinin iş potensialı yox, başqa şeylər maraqlandırır qarşı tərəfi. Bir dəfə qrupların birində belə bir söhbətin şahidi olmuşdum, ana öz övladının yazışmasını yayımlamışdı. 14 yaşlı oğlana modellik təklif edən şəxs ondan alt paltarında və paltarsız şəkillərini istəmişdi. Uşaq isə qətiyyətlə valideynlərindən xəbərsiz belə şeylər edə bilməyəcəyini yazıb, təklifdən imtina eləmişdi. İndi siz görün, 14 yaşlı uşağa valideyn necə tərbiyə veribsə, bunun doğru olmadığını anlayıb. Bəs bu xanım hansı ağılla məhrəm şəkillərini göstərib qarşı tərəfə? Nə gözləyirdi? Bədəninin 90-60-90 ölçülərinə görə ona iş verəcəkdilər? Əslində iş verəcəklər, amma bu onun peşəkarlığına, potensialına, bildiyi sahəyə uyğun olmayacaq”. Şantaja məruz qalan qadınların da az aşın duzu olmadığını vurğulayan sosioloq hesab edir ki, qadınlar şərait yaratmasa, işbazlar onların şəkillərini əldə edib, şantaj etməzlər: "Qadın bir hərəkətini yüz dəfə ölçüb, bir dəfə biçməli, hər addımdan öncə "bir ayağımı bura qoysam necə olar” deyə düşünməlidir. İndiki zəmanədə ailə üzvlərindən başqa heç kimə etibar etmək olmaz. Ətrafda pislik etmək niyyətində olan o qədər adam var ki, özünü çoxbilmiş hesab edən saf qadınların başına "qəşəng” corab hörürlər”.

Qızları santaj edən dələduz tutulub

Bakıda 13 yaşlı qızı fotoları ilə şantaj edib pul tələb edən şəxs tutulub. Müsavat.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən şəxs 13 yaşlı qızının sosial şəbəkə vasitəsilə şantaj edildiyini bildirib. 13 yaşlı qız valideynlərindən xəbərsiz sosial şəbəkələrdən birində qeydiyyatdan keçib. O, orada başqa bir qızla tanış olub. Söhbət əsnasında tanış olduğu qız ondan profil fotosunun olmamasının səbəbini soruşub. 13 yaşlı qız "sosial şəbəkədən valideynlərimdən xəbərsiz istifadə edirəm, bilsələr məni öldürərlər” cavabını verib və bu səbəbdən profil fotosunun olmadığını yazıb. Yazışdığı şəxs "mən sənə şəkil göndərsəm, sən də mənə şəkillərini yollayarsanmı?” soruşub və 13 yaşlı qız buna razılaşıb. Beləliklə, yeniyetmə qız şəkillərini göndərib. Bundan sonra qarşı tərəf qız yox, oğlan olduğunu yazıb və şantaja başlayıb. Şantaja məruz qalan məktəbli bu barədə ailəsinə məlumat verib. Onlar isə polisə müraciət ediblər. Aparılan əməliyyat tədbirləri ilə yeniyetməni şantaj edənin Şamil Əzizbəyov küçəsində qeydiyyatda olan, faktiki olaraq isə Faiq Yusifov küçəsi ev 37, mənzil 40-da yaşayan 26 yaşlı Namiq Eldar oğlu olduğunu müəyyən edilib. Əməliyyatçılar onu 13 yaşlı qızdan tələb etdiyi 250 manatı almağa gələn zaman tutublar. Araşdırmalar zamanı məlum olub ki, 26 yaşlı gənc sosial şəbəkələrdə qız adı ilə qeydiyyata düşərək, yeniyetmə qızlarla tanış olub. Onlarda şəkillərini alan Namiq sonradan oğlan olduğunu bildirib və müxtəlif tələblər irəli sürüb. Namiq Əliyevin mobil telefonuna baxış keçirilərkən, müxtəlif sosial şəbəkələrdə qız adı ilə qeydiyyatdan keçdiyi aşkar edilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Şəymən