Spiker iradlarında haqlıdır

Milli Məclisdə otura bilməyən deputatlar var
Tahir Kərimli: “Onlar səhhəti ilə bağlı tez-tez zaldan çıxmalı olurlar”


Milli Məclisin sədri Oqtay Əsədov deputatlara iradını bildirib. Parlamentin aprelin 3-də keçirilən iclasında "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı qanunun qəbul edilməsi üçün səsvermədə deputatların sayı kifayət etmədiyindən sədr deputatları zala dəvət edib. Spiker bildirib ki, səsvermə üçün yetərli say yoxdur:

"Burada cəmi 97 deputat iştirak edir. Çağırın o biriləri gəlsin. Deyəsən boğazları quruyub, çox çay içirlər. Çağırın gəlsinlər!”.

Qeyd edək ki, parlamentin əvvəlki iclaslarında da buna bənzər hadisələr yaşanmışdı. Spiker millət vəkillərinin telefonla oynamaqlarına, sakitliyə riayət etmədiklərinə etirazını bildirmişdi. Bəs, deputatlar parlamentin iclaslarına niyə ciddi yanaşmırlar?

Milli Məclisin üzvü, deputat Tahir Kərimli "Şərq”ə açıqlamasında bildirib ki, bəzi millət vəkilləri demək olar ki, hər iclasda zalı tərk edirlər: 

"Elə hallar olur ki, mənim özüm də zalı tərk etmək məcburiyyətində qalıram. Bəzən hansısa televiziyalar müsahibə üçün dəvət edirlər. Təbii ki, çox nadir hallarda belə olur. Bu günə kimi uzağı 5 dəfə zalı tərk etmişəm. Zalı tez-tez tərk edən deputatlarımız var. Bunun müəyyən obyektiv səbəbləri ola bilər. Məsələn, çox otura bilməyən deputatlar var ki, səhhəti ilə bağlı tez-tez zaldan çıxmalı olurlar. Ümumilikdə isə yalnız üzrlü deyil, qeyri səbəblərdən də zalı tərk edənlər olur. Ona görə də bir neçə dəfə bu məsələ ilə bağlı xəbərdarlıq olunub.

Sədrin xəbərdarlığı Milli Məclisin daxili nizamnaməsinin tələbləri çərçivəsindədir. Yəni bu nizamnamənin tələbinə əsasən əlbəttə ki, deputatlar iclasda iştirak etməli, aktiv olmalı, üzrsüz səbəblərdən iclası tərk etməməlidirlər. Hesab edirəm ki, hər bir halda olanlardan nəticə çıxarmaq lazımdır. Sədrin xəbərdarlığından sonra, 10-dan çox deputat geri qayıtdı. Təbii ki, Oqtay müəllim haqlıdır. Hesabat aparılmalı və qərarlar qəbul olunmalıdır. Deputatların da iclas zalında olmağı vacib şərtdir”.

Yeganə Bayramova