Spiker yeni təhlükədən danışdı

Ermənilər Qarabağ münaqişəsini dünyaya fərqli formada təqdim edirBəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır
Dünən Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. Spiker Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Dövlət Himni səsləndirilib. Milli Məclisin 2016-cı il payız sessiyasında qanunvericilik işləri planı təsdiqlənib. Qanunvericilik planına 14 bölmədən ibarət məsələlər daxildir.
Əsa ilə gəldilər, iki deputatın ayağı sınıb
Bunlar Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan dövlət büdcəsi zərfinə daxil olan layihələr, "Milli Məclisin deputatının etik davranışı”, "Kinematoqrafiya haqqında”, "Psixoloji yardım haqqında”, "Kredit borcları haqqında”, "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” və s. qanun layihələridir. Eyni zamanda "Normativ hüquqi aktlar haqqında” qanuna da texniki dəyişikliklər səsə qoyularaq qəbul edilib. Milli Məclisin bəzi deputatları geridə qoyduqları yay tətili zamanı xoşagəlməz hadisələr yaşayıblar. Belə ki, parlamentin üzvləri Rafiq Məmmədhəsənov və Elman Məmmədovun səhhətində problem yaranıb. Adı çəkilən hər iki deputatın ayağı sınıb. E.Məmmədov və R.Məmmədhəsənov Milli Məclisin payız sessiyasının ilk iclasında salona əsa ilə daxil olublar.
Spiker Avropa Parlamentinə mesaj verdi
"Ötən bir il ərzində Avropa Parlamenti tərəfindən Azərbaycan Milli Məclisinə dəfələrlə müraciətlər daxil olub, səfərlər edilib, münasibətləri yenidən bərpa etmək üçün cəhdləri göstərilib”. Bu sözləri iclası açıq elan edən spiker Oqtay Əsədov səsləndirib. Parlament sədri qeyd edib ki, son cəhd olaraq bu yaxınlarda Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Bakıya gəlib və Azərbaycan Prezidenti ilə də görüşləri olub: "Ötən il onlar Azərbaycanla bağlı qeyri-obyektiv qərar verdikləri üçün əlaqələr kəsilmişdi. Amma ötən müddət ərzində, xüsusilə qurumun nümayəndə heyətinin son səfərində bu münasibətlərə aydınlıq gətirildi. Ona görə də biz bu gün "Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” sənədi müzakirəyə çıxarırıq”.
"Avropalılar gəlib, bizə həbslərlə bağlı iradlar tuturlar. Amma görün özlərində nə baş verir?”
İclasda Hollandiyadakı Azərbaycan diasporunun rəhbəri İlhan Aşkının ermənilərin şikayəti əsasında polisə çağırılması ilə bağlı məsələ qaldırılıb. Xanım millət vəkili Qənirə Paşayeva bildirib ki, 2 il əvvəl mitinqdə Qarabağ məsələsinə dair çıxışı ilə əlaqədar İ.Aşkının ermənilərin sifarişi əsasında polisə çağırılması ədalətsizlikdir: "Dünyadakı bütün azərbaycanlılar, o cümlədən Azərbaycandakı hüquqşünaslar, vəkillər bu məsələdə diaspor liderinə dəstək verməlidir”.
Deputat Fazil Mustafa da deyib ki, diaspor rəhbəri Xocalı faciəsinə abidə qoyulmasına dəstək verdiyi üçün ermənilərin qəzəbinə tuş gəlib: "Avropalılar gəlib, bizə həbslərlə bağlı iradlar tuturlar. Amma görün özlərində nə baş verir? Haqq sözünü dediyi üçün bir insana cinayət işi qaldırırlar. Biz ona dəstək olmalıyıq”. Spiker deputatlara haqq qazandıraraq deyib ki, məsələ araşdırılıb, münasibət bildirilməlidir.
"Baronessa Koks heç atasını da tanımır, bilmir atası kimdi”
Millət vəkili Bəxtiyar Əliyev Böyük Britaniya parlamentinin üzvü Baronessa Kerolayn Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib. Deputat deyib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Koks Dağlıq Qarabağa gələrək işğalçı ordunun əsgərləri qarşısında çıxış edərək bildirib ki, "siz burada xristianlığı müdafiə edirsiniz”: "Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda da qeyd edilmişdir ki, Qərbdə müsəlmanlarla xristianları qarşı-qarşıya qoyurlar, ayrıseçkilik edirlər. Bu, təhlükəli tendensiyadır. Hesab edirəm ki, onun dini ədavət çağırışı Britaniya parlamentində müzakirə edilməlidir. Çünki dini ədavətə çağırış yolverilməz haldır”.
Spiker O.Əsədov millət vəkilinin çıxışına münasibət bildirərək deyib ki, artıq ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır: "Bu da ondan ibarətdir ki, ermənilər Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirərək təqdim etməyə çalışırlar. Mən bu barədə bu yaxınlarda AŞ PA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında da çıxış edərək, Ermənistanın bu siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır”. Britaniyalı parlamentarinin Azərbaycanının işğal edilmiş ərazisində səsləndirdiyi fikirlərə gəldikdə isə, O.Əsədov qeyd edib ki, Baronessa Koks heç bilmir ki, atası kimdir: "O, atasını da tanımır”.
"Nuru Paşanın adını əbədiləşdirməliyik”
Millət vəkili Fazil Mustafa bildirib ki, Bakının işğaldan azad edilməsi ilə bağlı tarixi günü artıq bayram kimi qeyd etməyə başlamalıyıq: "Artıq Nuru Paşanın adının əbədiləşdirilməsinə çalışmalıyıq. Azərbaycanı xilas edən adamın adına heç bir küçə də yoxdur. Mustafa Sübhi adlı kommunistin, Azərbaycana dəxli olmayan bir adamın adına isə küçə var. Biz Nuru Paşanın adını da artıq əbədiləşdirməliyik”.
Deputat Aydın Mirzəzadə müstəqilliyin 25 illiyi münasibətilə parlamentin xüsusi iclaslarının Azərbaycan Demokratik Respublikasının (ADR) ilk paytaxtı olan Gəncədən başlamaqla Naxçıvanda, Mingəçevirdə, Şamaxıda keçirilməsi ilə bağlı təklif irəli sürüb.
Millət vəkili Aqil Abbas F.Mustafanın fikirlərini dəstəkləyib: "Mən də razıyam ki, Azərbaycanın xilaskarı olmuş Nuru Paşanın adının əbədiləşdirilməsi lazımdır. Bu məsələ dəfələrlə qaldırılıb. Yəqin ki, addım atılacaq. Məni narahat edən bir məsələ var. Türkiyə özü Nuru Paşanı 60 ildən sonra yada saldı. Qəbri də hörmətli Qənirə xanımın (Qənirə Paşayeva - A.B) sayəsində üzə çıxdı, israrlardan sonra abadlaşdırıldı”. A.Abbas replikaya bənzər bir ifadə də işlədib: "İndi sabah biz abidə ucaltsaq, Türkiyənin xətrinə dəyməz ki?!”.
Deputat "Meydan” TV-ni və "Sancaq”ı sərt tənqid etdi
Xanım deputat Məlahət İbrahimqızı internet üzərindən yayımlanan bəzi televiziyaların fəaliyyətini sərt tənqid edib. Millət vəkili konkret olaraq "Meydan” TV-nin adını çəkib, eyni zamanda feysbuk sosial şəbəkəsindəki "Sancaq” səhifəsini qeyd edib: "Bu TV və sosial şəbəkədəki səhifə mütəmadi olaraq
dövlət rəhbərinə qarşı qərəzli məlumatlar paylaşır. Mən o yazıların hamısını "screen shot” etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələ ilə bağlı boşluqlar var. Payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edirəm. Dünyanın heç bir yerində internet üzərindən dövlət başçısını belə təhqir etmirlər”.
"Kimsə toyla əlaqədar mebel alıbsa, devalvasiyadan sonra niyə onun ödənişi artmalıdır?”
"Azərbaycanda banklar manipulyasiya edib insanları aldadır”. Bu sözləri isə iqtisadçı millət vəkili Əli Məsimli söyləyib. Deputat deyib ki, manat ölkədə yeganə ödəniş vasitəsidir: "Kreditin dollar ifadəsində ödənişi düzgün deyil. Kimsə toyla əlaqədar mebel alıbsa, devalvasiyadan sonra niyə onun ödənişi artmalıdır? Mebelin dəyərinin manatla nəzərdə tutulmasına baxmayaraq, devalvasiyadan sonra ödənişi çoxaldırlar. Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Buna görə də əhali uzun müddət banklara borclu qalır. Və ya banklar müqavilədə ödənişlə bağlı öz xeyirlərinə müddəalar əlavə edirlər. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur. Vaxtında bu problem həll olmasa, vəziyyət daha da acınacaqlı hal alacaq”.
"Ər arvadı baltalayır, arvad əri bıçaqlayır”
Xanım deputat Gövhər Baxşəliyeva ailədaxili münaqişələrin artması ilə bağlı narahatlığını ifadə edib: "Ailədaxili münaqişələr artıq dəhşətli cinayətlərlə nəticələnir. Bu yaxınlarda biz Milli Məclisin keçmiş işçisi olan bir xanım haqqında belə məlumat oxuduq. Daha sonra bir qadının uşaqlarının atasını sifarişlə qətlə yetirməsi ilə bağlı məhkəmə prosesini izlədik. Bunlar dəhşətli faktlardır. Belə hallar bütün ölkələrdə baş verir. Necə olur ki, dünən nikah bağlayan bu gün barışmaz bir düşmənə çevrilir? Hətta o dərəcədə düşmən olublar ki, belə cinayətlərə əl atırlar. Ər arvadı baltalayır, arvad əri bıçaqlayır. Ona görə də hesab edirəm ki, orta məktəblərdə ailə ilə bağlı etik məsələlərin tədrisi olmalıdır. Gənc yaşlarından məktəblilərə ailədaxili sivil münasibətləri aşılamaq lazımdır. Bəlkə, bununla bağlı proqramlara dərs salmaq da yaxşı olardı”.
"Rayonlardan Bakıya gəlirlər, xəstə oldu-olmadı, adamlar yolda dayandırılır, maşınlardan düşürülürlər”
Deputat Tahir Kərimli rayon qeydiyyatında olan minik avtomobillərinin paytaxt Bakıya buraxılmamasına etiraz edib. T.Kərimli bildirib ki, vətəndaşların Konstitusiya hüquqlarının
pozulmasıdır: "İnsanlar rayonlardan Bakıya gəlirlər, xəstə oldu-olmadı adamlar yolda dayandırılır, maşınlardan düşürülürlər. Sonra da başqa maşınla Bakıya gəlirlər. Bununla da icra orqanının qərarı ilə Konstitusiya məhdudlaşdırılır. Belə hal harda görülüb? Bu nə yanaşmadır, anlamıram. Mənə seçicilərim dəfələrlə bu məsələdən şikayət ediblər”. Millət vəkili həmçinin ölkədə qanunların icrasına nəzarətin gücləndirilməsini tələb edib: "Təklif edirəm ki, ölkə miqyaslı qanunların icrasına nəzarət orqanı yaradılsın”.
"Niyə avtomobilə də, mebelə də, xaricdən gətirilən qida məhsullarına da 18 faiz ƏDV tətbiq edilir?”
"Biz bir neçə dəfə diferensiallaşmış Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiq olunması ilə əlaqədar Vergilər Nazirliyinə müraciət etmişik, ancaq hələ ki, nəticəsi yoxdur. Amma ölkəyə idxal olunan gündəlik tələbat mallarına ƏDV azaldılmalıdır”. Bu fikirləri isə deputat Vahid Əhmədov səsləndirib.
Millət vəkili deyib ki, bu sahədə ədalətsizlik var: "Niyə Azərbaycana gətirilən malların hamısından ucdantutma 18 faizlik ƏDV tələb olunur? Niyə avtomobilə də, mebelə də, xaricdən gətirilən qida məhsullarına da 18 faiz ƏDV tətbiq edilir? Biz bu barədə əvvəllər də məsələ qaldırmışıq, Vergilər Nazirliyi əsasən bizimlə razılaşıb. Amma bununla əlaqədar Milli Məclisə hər hansı bir sənəd daxil olmayıb. Bəzi mallar var ki, insanlar onlardan 15-20 ildə bir dəfə istifadə edirlər, onlara lap 35-40 faiz ƏDV tətbiq etmək olar. Ancaq gündəlik tələbat malları var ki, onlara çox aşağı, 3-5 faiz ƏDV tətbiq etmək olar”.
Spiker isə V.Əhmədovun dediklərinə reaksiya verərək "Çox ağlabatan bir təklifdir, bunu işləmək olar” - deyə bildirib.
Anar Bayramoğlu