"Struktur islahatları idarəetmə işlərinin təkmilləşdirilməsi məqsədi daşıyır" - Deputat





"Ölkəmizin ümumi inkişaf sürətindən geri qalan və ya ona mane olan amillərin islah olunması, müvafiq qurumların islahatlar yolu ilə yeni tələblərə uyğun şəkildə qurulması zərurətdən doğur”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Deputat bildirib ki, Prezidentin büdcədən maliyyələşən bəzi qurumlarda struktur islahatlarına dair növbəti fərmanları ölkəmizdə idarəetmə işlərinin təkmilləşdirilməsi, çevik həyata keçirilməsi, səmərəliliyinin artırılması, yersiz maliyyə xərclərinin qarşısının alınması və vətəndaşların əlçatanlığının təmin edilməsi məqsədini daşıyır:

"Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. İslahatların digər sahələrdə də davam etdirilməsinin fayda verəcəyinə inanıram. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı” ölkə imici qazandırmaqla həm də davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib”.

Parlament üzvünün sözlərinə görə, struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir:

"Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir”.

İsmayıl