"Subyektlərin əksəriyyəti “qara bazar”da fəaliyyət göstərir” - Açıqlama

"Valyutadəyişmə məntəqələrinin bərpasına ehtiyac var”.
Bunu "Sherg.az”a iqtisadçı - ekspert Rəşad Həsənov deyib. 
O vurğulayıb ki, Azərbaycana turist axınının olduğu bir dönəmdə valyutadəyişmə məntəqələrinin mövcud olmaması mənfi təsirlər doğurur:
"Bunun bərpası ilə bağlı qanunvericilik müəyyən olundu. Prosesin yubanmasının səbəbləri isə müxtəlifdir. İlkin səbəb, yeni şərtlərin kifayət qədər mürəkkəb və ağır olmasıdır. Maliyyə bazarlarında fəaliyyət göstərən sahibkarlıq subyektləri buna görə az maraq göstərir. İkinci səbəb qanunvericiliyə uyğun bu fəaliyyətlə məşğul olanların lisenziya almasıdır. 
Bu sənədlərin əldə olunması, müəyyən olunmuş standartların təmin edilməsi vaxt aparan məsələdir. Digər səbəb isə valyutadəyişmə fəaliyyəti ilə məşğul olan subyektlərin əksəriyyətinin sıradan çıxmasıdır. Qanunsuz valyutadəyişmə fəaliyyəti davam edir və subyektlərin əksəriyyəti "qara bazar”da fəaliyyət göstərir”.
R.Həsənovun sözlərinə görə, valyutadəyişmə məntəqələrinin bərpası marjanın durumuna da müsbət təsir göstərəcək:
"Hazırda banklar çox aşağı marja ilə fəaliyyət göstərirlər. Bu isə valyutadəyişmə məntəqələrinin banklarla rəqabət imkanlarını aşağı salır”.
Qeyd edək ki, Milli Məclisin ötənlərəd baş tutan plenar iclasında parlament üzvü Siyavuş Novruzov Maliyyə Bazarına Nəzarət Palatasının fəaliyyətini də tənqid edib. O, valyutadəyişmə məntəqələrinin bərpasını tələb edərək bildirib ki, bununla bağlı qanun qəbul edilsə də, onların fəaliyyəti bərpa edilməyib: "Bu vaxta qədər 9 minədək insan çalışırdı, ailəsini saxlayırdı. Lakin bu sahəni kimsə monopoliyaya alıb və fəaliyyətə başlamasına imkan vermir. Buna son vermək lazımdır”
Aysel Aslan