“Sülhü əngəlləyən tərəf Ermənistandır...”
Prezident İlham Əliyev: “Bizdə olan məlumata görə, Ermənistana həmsədr ölkələr tərəfindən ciddi təzyiqlər göstərilir”
"Biz bu illər ərzində bütün dünyaya sübut edə bilmişik ki, zərərçəkən tərəf bizik. Ermənistan işğalçı dövlətdir, Azərbaycan xalqına qarşı soyqırımı törədib, torpaqlarımızı işğal edib və bu işğalı davam etdirir”. Bunu Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri zamanı deyib. Dövlət başçısı bildirib ki, beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı artıq tam məlumatlıdır.
"Ordumuz düşmənə layiqli cavab verdi”
Prezident İlham Əliyev məsələ ilə məşğul olan Minsk Qrupunun həmsədrlərinin son vaxtlar dəfələrlə "status-kvo”nun qəbuledilməz və dəyişməli olduğunu bəyan etdiklərini söyləyib: "Bu, nə deməkdir? O deməkdir ki, işğala son qoyulmalıdır. Bu, birbaşa Ermənistana ünvanlanan siqnaldır. Görəndə ki, Azərbaycan dünya miqyasında daha da çox dəstək qazanır, onlar danışıqları pozmaq və işğalçı siyasəti davam etdirmək üçün vaxtaşırı silahlı təxribatlara əl atırlar. Biz bunu yaxın keçmişdə görmüşük. Xüsusilə 2014-cü ildə yay aylarında mövqelərimizə hücum çəkiblər. O vaxt da bizim Ordumuz layiqli cavab verib. Həmin ilin noyabrında danışıqlarda müəyyən ümidlər yaranandan sonra Ağdam rayonunda onların özlərinin verdiyi məlumata görə, 47 min nəfərlik şəxsi heyətlə genişmiqyaslı təlimlər keçiriblər. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan tərəfi bir neçə gün özünü çox təmkinlə apardı. Ancaq ondan sonra Ermənistanın iki hərbi helikopteri bizim mövqelərimizə hücum çəkdi. Azərbaycan Ordusu da onların birini məhv etdi. Bundan istifadə edən Ermənistan bizi günahlandırdı və danışıqlar prosesində yenə də durğunluq yarandı. Bu hadisəni bəhanə gətirərək bizi ittiham etməyə başladılar ki, Azərbaycan atəşkəsi pozur. Məqsəd də aydın idi ki, yenə də danışıqlar aparılmasın, işğalçı siyasət yenə də davam etdirilsin”.
"Yenə də onlar silahlı təxribat törədib, bizim mövqelərimizə hücum çəkiblər”
Dövlət başçısı bəyan edib ki, bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunur: "Bizdə olan məlumata görə, Ermənistana həmsədr ölkələr tərəfindən ciddi təzyiqlər göstərilir. Düzdür, onlar bunu açıq şəkildə bəyan etmirlər. Onlar həmişə çalışırlar ki, balans saxlasınlar. Amma həqiqət ondan ibarətdir ki, bu gün münaqişənin sülh yolu ilə həllini əngəlləyən tərəf Ermənistandır. Bunu görərkən əlbəttə ki, onlar növbəti təxribatlara əl atmağa qərar verdilər. Bu da aprelin əvvəlində baş verdi. Yenə də onlar silahlı təxribat törədib, bizim mövqelərimizə hücum çəkiblər. Azərbaycan Ordusu böyük məharətlə və peşəkarlıqla əks-hücum əməliyyatı keçirdi, düşməni yerinə oturtdu və təmas xəttində bizim mövqelərimiz daha da möhkəmləndi. Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq həll olunsun. Sadəcə olaraq görüntü naminə danışıqların aparılmasının heç bir mənası yoxdur. Beləliklə, aprelin 5-də razılığa gəlindi ki, atəşkəs rejimi bərpa edilməlidir. Biz buna əməl etdik, bu gün də əməl edirik. Ancaq əfsuslar olsun, Ermənistan yenə də özünü qeyri-səmimi aparır”.
"Ordumuza gücü çatmayan erməni əsgərləri mülki əhaliyə atəş açır”
Dövlət rəhbərinin sözlərinə görə, aprelin 5-dən bu günə qədər elə gün olmayıb ki, atəşkəs ermənilər tərəfindən pozulmasın: "Düşmən ilk günlərdə çalışırdı ki, bizim mövqelərimizə hücum çəksin, bizi əldə etdiyimiz o mövqelərdən çıxarsın. Görəndə ki, bu alınmır, Azərbaycan əsgəri, zabiti öz doğma torpağında möhkəm dayanır, mülki əhaliyə qarşı silahlı təxribatlara başladılar. Bizim kəndlərimiz atəşə tutulub. Mülki şəxslər həlak olub, yaralanıb. Bizim 500-dən çox evimizə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb, yaxud da ki, yandırılıb. Bax budur, erməni faşizminin eybəcər sifəti. Onlar birinci Qarabağ müharibəsində də belə hərəkətlər edirdilər, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilib. Bu gün də döyüş meydanında görəndə ki, gücü çatmır, dinc əhalini hədəfə götürür. Görün, bu evləri nə günə qoyublar. Əlbəttə ki, Azərbaycan dövləti öz dəstəyini göstərəcək. İndi komissiya işləyir, aktlaşma gedir. Bütün dəymiş ziyan qeydə alınır və Azərbaycan dövləti bu evlərin bərpası, tamamilə dağılmış evlərin tikintisi üçün vəsait ayıracaq. Mən onu təşkil edəcəyəm, siz narahat olmayın, bütün dəymiş ziyana kompensasiya veriləcək və dağılmış evlər bərpa olunacaq, yenidən tikiləcək”.
"Heç vaxt torpaq iddiasında olmamışıq”
Ali Baş Komandan deyib ki, bu yaxınlarda cəbhə bölgəsinə bir qrup xarici jurnalist ezam olunub və onlar bütün dağıntıları çəkiblər, lentə alıblar: "Qeydə alınanlar artıq bir sənəddir və bu sənəd əsasında hüquqi müstəvidə öz addımlarımızı atacağıq. Ordumuz Azərbaycanı, vətəndaşlarımızı qoruyur. Siz düşmənlə üz-üzə yerləşən kəndlərdə yaşamaqla böyük cəsarət nümayiş etdirirsiniz. Sizin yaşamağınız, fəaliyyətiniz, öz torpağınıza bağlılığınız hər bir vətəndaş üçün bir nümunə olmalıdır. Düşməndən qorxmadan burada öz torpağınızda yaşayın. Biz hamımız öz torpağımızda yaşayırıq. Başqa ölkələrin torpağında gözümüz yoxdur, heç vaxt torpaq iddiasında olmamışıq. Ancaq imkan verə bilmərik ki, bizim torpaqlarımız işğal altında qalsın”.
"Azərbaycan Ordusu mülki əhaliyə atəş açmır”
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu heç vaxt mülki əhali ilə müharibə aparmayıb və aparmır: "Biz sadəcə olaraq, düşmənin atəş mövqelərini bizə açılan atəş zamanı böyük ustalıqla məhv edirik. Ancaq eyni zamanda, Azərbaycan Ordusu öz vətəndaşlarını qorumalıdır, qoruyur və qoruyacaq. Münaqişənin həlli Ermənistan dövlətinə də imkan verəcək ki, onlar da müstəqil dövlət qura bilsin. Mən yenə də ümid edirəm ki, onların işğalçı siyasəti sona çatacaq. Çünki bunun başqa yolu yoxdur. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və son hadisələr bunu bir daha göstərdi. Bizə qarşı edilən silahlı təxribat cavabsız qalmadı. Bunu hamı bilir. Ermənistan rəhbərliyi nə qədər tez anlasa ki, onlar ancaq Azərbaycan ilə sülh şəraitində inkişaf edə bilərlər, münaqişəyə bir o qədər tez son qoyular”.
"Dünyada heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır”
Prezident vurğulayıb ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır: "Bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Ancaq heç bir beynəlxalq təşkilat Ermənistanın işğalçı siyasətini dəstəkləmir və heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş Dağlıq Qarabağ və digər torpaqlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan vətəndaşları o torpaqlarda yaşamalıdır və yaşayacaqlar. Bir daha demək istəyirəm, biz çalışacağıq ki, Ermənistanı danışıqlar vasitəsilə düzgün yola gətirək. Diplomatik, siyasi, iqtisadi təzyiqlərimizi artıracağıq, təmas xəttində mövqelərimizi gücləndirəcəyik. Əgər bizə qarşı növbəti erməni silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq. Çünki bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənib, artıb. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu maddi təchizat baxımından güclü ordular sırasındadır. Orduda nizam-intizam yüksək səviyyədədir. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Aprel döyüşləri bunu göstərdi. Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox müsbətdir”.
"Bizim üçün Dağlıq Qarabağ münaqişəsindən vacib məsələ yoxdur”
Dövlət başçısı bildirib ki, nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksəkdir: "Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən vacib məsələ yoxdur. Bu, ən birinci məsələdir. Biz bu məsələni həll etməliyik və edəcəyik. Mən həmişə orduda xidmət edənlərə böyük hörmətlə yanaşmışam. Ordu quruculuğu üçün nə lazımdırsa, o da olacaq. Onu da edirik. Ən böyük xərclər hərbi xərclərdir. Artıq neçə ildir ki, bu, belədir. Bəzən müxtəlif ölkələrdən olan ermənipərəst siyasətçilər məni günahlandırırdılar ki, nə üçün Azərbaycanda hərbi büdcə getdikcə artır? Ona görə ki, biz işğala məruz qalmışıq. Əgər bu işğal olmasaydı, əlbəttə ki, buna ehtiyac olmazdı. Ancaq həyat göstərdi ki, biz nə qədər haqlıyıq. Əgər bizdə güclü hərbi imkanlar olmasaydı, bu gün təmas xəttində vəziyyət fərqli ola bilərdi. Həm döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizat, silah, texnikanın alınması, vətənpərvərlik ruhu, hərbçilərimizin peşəkarlığı, məharəti, aprel döyüşlərində göstərdikləri şücaət və qəhrəmanlıq bizim böyük sərvətimizdir. Siz bu gün burada düşmənlə üz-üzə xidmət edirsiniz. Torpaqlarımızı, vətəndaşlarımızı müdafiə edirsiniz. Bu, böyük, şərəfli missiyadır”.
İsmayıl