Vaqif Qarayev: "Praktika göstərir ki, süni mayalanma ilə doğulan uşaqların əksəriyyətində müəyyən dərəcədə normadan kənar dəyişikliklər var"
Süni mayalanma təbabətdə var və biz onu inkar edə bilmərik”.
Bunu Sherg.az-a hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamının qadağan olunması haqqında qanuna münasibət bildirərkən pediatr Vaqif Qarayev deyib. Xüsusilə süni mayalanmanın mənfi tərəflərindən danışan pediatr bildirib ki, bunun tibbi baxımdan göstərişlərinə əməl edilməlidir:
"Bütün müayinələrdən keçdikdən sonra süni mayalanma istəyində olan şəxslər də, bunu həyata keçirəcək həkim də qərar verirsə ki, təbii yolla hamilə qalmaq mümkün deyil, onda süni mayalanmaya qərar vermək olar.
Son zamanlar sonsuzluq artır. Bunun səbəbləri isə həddindən artıq çoxdur. Müalicəyə uşaq yaşlarından başlamaq lazımdır. Təəssüf edirəm ki, hamiləliyə ehkamçı yanaşma var. 10 valideyndən 9-nun ürəyində bir arzusu var ki, övladını evləndirsin və ölməmmiş nəvə görsün. Amma o valideynlər heç zaman düşünmür ki, onların qız və ya oğlan övladı gələcəkdə ata-ana ola bilərmi? Övladlarını evlilikdən əvvəl həkimə aparan valideynlər barmaqla sayılacaq qədər azdır. Bu, çox ciddi problemdir.
Elə xəbərlər oxuyuruq ki, hətta toydan 2 ay sonra belə boşanan cütlüklər var. Bu faktlar çox pis göstəricidir. Ola bilər, gənclərin özünün müstəqil fikri olmayıb. Lakin valideynin təzyiqi olur ki, mütləq ərə getməlisən, mütləq evlənməlisən. Kimə, niyə, bunun sonu nə olacaq, valideynləri qətiyyən maraqlandırmır. Əsas odur ki, uşaq olsun, nəvə görsünlər, xüsusilə oğlan uşağı doğulsun.
Ona görə, bütün bu problemlərin qarşısı reklamın, yaxud birbaşa süni mayalanmanın, abortun qadağan olunması ilə alınmayacaq. İnsanları maarifləndirmək lazımdır ki, süni mayalanmanın qadın orqanizminə ziyanı, doğulacaq uşağın səhhəti barədə göstəricilər nələrdir. Valideynlər əvvəlcədən məlumatlandırılmalıdır. Praktika göstərir ki, süni mayalanma ilə doğulan uşaqların əksəriyyətində müəyyən dərəcədə normadan kənar dəyişikliklər var.
Süni mayalanmanın niyə uyğun olmadığını insanlara başa salmalıyıq. Bunun üçün şəxslərin niyə uşaq sahibi ola bilmədiyi haqqında dolğun məlumat verməliyik, problem qadındadır, yoxsa, kişidədir, səbəblər nədir, hamısını anlatmalıyıq”.
Sonsuzluq və digər problemlərin qarşısının alınması yollarını izah edən həkim deyib ki, şəxslər nigaha daxil olana qədər müayinədən keçməlidir:
"İnsanlar müəyyən yaş həddinə çatdıqda, evlilik zamanı nikaha daxil olmaq üçün sağlamlıq haqqında arayış tələb olunur deyə müayinədən keçir. Lakin buna qədər mən özüm də rast gəlməmişəm ki, yeniyetmə yaşında qız və ya oğlanı valideyn həkimə gətirib, müayinə etdirsin. Bu az qala bizdə intihar kimi qarşılanır. Xüsusilə qız uşaqlarını həkimə aparmaq dedikdə düşünürlər ki, kənardan görüb nə deyərlər, ərə getməz, alan olmaz və s.
Bütün bunlarda mentalitet faktı rol oynayır. Lakin tibbi baxımdan bu, düzgün deyil. Çünki sonradan övlad dünyaya gətirməkdə problem yaranırsa, ancaq qızları günahlandırırlar. Bəzən bütün nəsil yığışır, dava dərman, əsassız müalicələr və s. vəziyyəti daha da pisləşdirir. Hətta ola bilər qadınının problemi yoxdur, dünyaya uşaq gətirə bilər, lakin o qədər əsassız müalicə etdirirlər ki, artıq süni problemlər yaranmış olur”.
V. Qarayev tibbi sığorta məsələsinə də toxunub və sığortanın bu stereotipləri sındırmağın yolu olduğunu deyib. O bildirib ki, valideynlərin əksəriyyəti ödənişi bəhanə edib, uşaqlarını müayinə etdirmir:
"Lakin ödəniş etməyəcəyini bilsə, inanıram ki, əksəriyyət övladını həkimə gətirər. Bu zaman isə dediyimiz problemləri bir qədər aradan qaldıra bilər. Əgər gələcəkdə süni mayalanmaya getmək istəmirsinizsə, övladlarınızı vaxtında müayinədən keçirin”.
Aysel Aslan