Şəmsiyyə Namazlı: " Cütlüklər evlənməzdən öncə laborator müayinələrdən keçirilsin"
Süni mayalanma ilə insanları yaradıb, təcrübə məqsədilə istifadə edirlər.
Bunu Sherg.az-a süni mayalanma ilə bağlı müraciətlərin artmasını dəyərləndirərkən Tibb və fəlsəfə elmləri doktoru, həkim-terapevt Şəmsiyyə Namazlı deyib.
Onun sözlərinə görə, süni mayalanmanın artmasının müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də çoxdur:
"Elmin sürətli inkişafı, yeni biotexnoloji vasitələrin yaradılması nəticəsində tibb sahəsində ciddi inkişafa yol açılıb. Alimlər hətta insanın oxşarının yaradılmasına qədər irəliləyiş əldə edirlər. Lakin bu bir labirint halında cəmiyyəti təsirləndirir və insanlar bu labirintdən çıxa bilmirlər. Süni mayalanmanın artmasında tək ciddi bioloji problemləri deyil, qlobal məsələləri qeyd etmək lazımdır. Bu üsulla dünyaya gələn uşaqlarda sonradan yaranan problemlər, hormonal tarazlığın pozulması, valideynlərin məsuliyyətsizliyi üzündən vaxtında müalicə olunmaması mənfi təsirləri gücləndirir. Sonradan evlilik problemlərinin artmaması üçün yaxşı olardı ki, cütlüklər evlənməzdən öncə müəyyən laborator müayinələrdən keçirilsin. Sağlamlıq problemi olan şəxslərin evlənməsi cəmiyyətin inkişafı üçün də təhlükəli məsələdir. Sağlam cəmiyyətin mövcudluğu sağlam ailələrin qurulmasından asılıdır”.
Ş. Namazova diqqətə çatdırıb ki, süni mayalanma ailələrə övlad bəxş etmək, boşanmaların, ailədaxili problemlərin qarşısını almaq cəhətdən müsbətdir:
"Mənfi cəhətləri odur ki, süni mayalanma başqa məqsədlər üçün də istifadə olunur. Müxtəlif qeyri-qanuni təcrübələrin həyata keçirilməsi üçün süni şəkildə insan yaradılır. Hətta çox məşhur insanların dünyasını dəyişdikdən sonra onların nümunələrinin götürülüb, xüsusi saxlanması, sonradan bundan istifadə edərək yeni insanın yaradılması, mərhumun təkrarlandırılması kimi məsələlər üzə çıxır. Hazırda bir çox ölkələrdə bu məsələ parlament səviyyəsində müzakirə olunur, ciddi qadağalar qoyulur. Bu fəlsəfi anlamda da şəxsiyyətin unikallığının pozulmağına gətirib çıxara bilər”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova son zamanlar süni mayalanma üçün müraciət edən qadınların sayının artdığını deyib.
Aysel Aslan