Suriya hələ qurtulmayıb

NATO heç vaxt üstünlüyü Rusiya və İrana verməz
Yaxın Şərqdə proseslərin daha amansız dövrü başlayacaq

Dünyanın nüfuzlu media orqanlarında Rusiya-Türkiyə və İranın Yaxın Şərqlə bağlı razılıq əldə etməsi barədə iddialar yer alıb. Məqalələrdə vurğulanıb ki, regionun üç nüfuzlu dövləti Suriyanı öz maraq dairələrinə bölməyə hazırlaşır. Hətta ilkin sövdələşmənin şərtləri də açıqlanıb. Şərtlərə əsasən, Suriya Prezidenti Bəşər Əsədə növbəti seçkiyə qədər ölkəyə başçılıq etmək imkanı yaradılacaq.

Daha sonra isə Əsəd daha az iddialı şəxslə, özü də ələvi təriqətinə mənsub biri ilə əvəzlənəcək. Bəşər Əsədə isə ailəsi ilə birlikdə təhlükəsizlik zəmanəti veriləcək. Lakin ölkə daxilində muxtariyyətlərin yaradılması planları hələlik işlənib hazırlanmayıb. İddialara görə, bu təkliflər həm rəsmi Dəməşq, həm də onun əleyhinə vuruşan silahlı müxalifət, ABŞ və Fars körfəzi dövlətləri tərəfindən təsdiqlənməlidir: "Yekun sazişi əldə etmək çətin olacaq, lakin münaqişə tərəflərinin ilkin mövqelərində xeyli dəyişikliklər var”. Türkiyənin "Anadolu” agentliyi də xəbər verib ki, Rusiya və

Türkiyə birlikdə Suriya ərazisində geniş atəşkəs planını razılaşdırıblar və həmin plan yaxın vaxtlarda münaqişə tərəflərinə təqdim ediləcək. Mənbənin bildirdiyinə görə, atəşkəs dekabrın 29-u gecə yarısı qüvvəyə minəcək və Əsəd qoşunları ilə müxalifətçilər arasında döyüşlərin davam etdiyi ərazilərə şamil olunacaq. Atəşkəsin terror qruplaşmaları ilə mübarizəyə aidiyyəti olmayacaq.

Atəşkəs haqqında saziş işə yarayarsa, Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hakimiyyəti və müxalifət münaqişənin sülh yolu ilə nizamlanmasını müzakirə etməyə başlayacaqlar. Güman edildiyinə görə, danışıqlar Qazaxıstanda baş tutacaq.

Kremldə isə "Anadolu”nun bu xəbərini şərh etməkdən imtina ediblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə cavab vermək üçün kifayət qədər məlumatlı olmadığını bildirib. Rusiyaya yaxın mənbələr isə bildiriblər ki, əgər Moskva məqsədinə nail olarsa, Suriya hökuməti ilə müxalifət arasında danışıqlar Qazaxıstanın paytaxtı Astanada olacaq. Lakin bu danışıqlar BMT-nin apardığı danışıqlardan fərqlənəcək və onun ilk mərhələsində Amerika Birləşmiş Ştatları iştirak etməyəcək. Bir az sonrakı mərhələdə isə prosesə Avropa İttifaqı cəlb olunacaq. 

İddialarla bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Qabil Hüseynli isə bəhs edilən anlaşmanın müvəqqəti xarakter daşıdığını deyib. Ekspertin fikrincə, II Dünya Müharibəsindən sonra Yaxın Şərqdə hegemonluq edən qüvvə ABŞ-ın daxil olduğu NATO-dur: 

"NATO heç vaxt geosiyasi üstünlüyü Rusiya və İrana verməz. Amerikanın İran və Rusiya ilə ciddi planları var. 2017-ci ildə həmin layihələr işə düşəcək. ABŞ-da yeni prezident fəaliyyətə başladıqdan sonra Yaxın Şərqdə proseslərin daha həlledici və amansız dövrü başlayacaq. Nəzərə almaq lazımdır ki, sadəcə Suriyada əldə oluna biləcək hansısa razılaşma bütün Yaxın Şərq regionunun problemlərini həll etməyəcək. Ərəb dövlətləri də Rusiya və İran arasındakı razılaşmanı dəstəkləmirlər. Əsədin hakimiyyətdə saxlanılması, müxaliflərin müvəqqəti koalisiya hökumətinə daxil edilməməsi də prosesləri qəlizləşdirir. Çox güman ki, ABŞ və NATO bölgə ilə daha yaxından maraqlanandan sonra ciddi dəyişikliklər müşahidə olunacaq”.

İsmayıl