Suriya sərhədində saxlanan azərbaycanlılar ölkəyə gətiriləcək

Onların ətraflarında əməliyyat- axtarış fəaliyyəti həyata keçirilməsi zəruri və vacibdir



Bir neçə gün bundan qabaq Türkiyənin Suriya ilə sərhədində İŞİD terror qruplaşmasına qoşulmağa gedən 4 nəfər Azərbaycan vətəndaşı həbs olunub. Lakin hələlik həmin azərbaycanlıların kimliyi və onların Azərbaycana ekstradisiyası ilə bağlı məsələ gündəmə gəlməyib.

Bu barədə məlumat verən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov İŞİD-ə qoşulmağa gedən azərbaycanlılarla bağlı araşdırılma aparıldığını deyib: "Suriya ilə sərhəddə olan hüquq-mühafizə orqanları ilə əlaqə saxlamışıq. Bizə dedilər ki, təhqiqat apardıqdan sonra məlumat verəcəklər”. Aydındır ki, həbs olunan azərbaycanlılar Türkiyə dövlətinin qanunlarına uyğun olaraq mühakimə ediləcək və məsuliyyətə cəlb olunacaqlar. Amma əksəriyyət hesab edir ki, İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar ölkəmizə gətirilərək milli təhlükəsizlik orqanları tərəfindən dindirilməlidir. Onların fikrincə, terror qruplaşması haqqında mühüm məlumatların əldə olunması baxımından bu, daha məqsədəuyğundur.

Məsələyə münasibət bildirən Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Arzu Nağıyev deyir ki, sərhəddi keçmək cəhdi ilə İŞİD-in tərkibində vuruşmaq tam fərqli hallardır: "Cinayət işi qaldırılması üçün obyektiv və subyektiv tərəflər məlum olmalı, məqsəd bilinməlidir. Məhz bu baxımdan onların dindirilməsi və lazım gələrsə, filtirasiyası labüddür. Çox güman ki, müvafiq orqanlar bunu edəcəklər. Ekstradisiya məsələsinə gəldikdə isə hər hansı dövlətin miqrasiya qanunlarını pozan əcnəbilər haqqında müəyyən tədbirlər görülə bilər. Konkret halda sərhəddə yaxalanan həmin şəxslərin Azərbaycana gətirilməsi və ətraflarında əməliyyat-axtarış fəaliyyəti həyata keçirilməsi zəruri, hətta vacibdir”.

İsmayıl