“Putinin cəhdləri vəziyyəti getdikcə mürəkkəbləşdirir”
“Türkiyəyə qaçqın olaraq gələn suriyalıların geri qaytarılması çox çətin bir iş olacaq”
Rusiya prezidenti Vladimir Putin deyib ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Suriyada sivil vətəndaşların təxliyəsi ilə bağlı razılığın əldə edilməsinə yardımçı olub. Məhz bu yardımdan sonra Rusiya Şərqi Qutada olduqca böyük bir qrupu təxliyə edə bilib.
Putinin sözlərinə görə, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron ilə telefon danışıqlarından sonra suriyalı tərəfdaşları ilə razılaşaraq uşaqların bölgədən təxliyəsi üçün humanitar dəhlizlər açılmasını təklif edib: "Sözügedən məsələni Ərdoğanın tələbi və apardığımız razılıq əsasında həyata keçirdik. Oradan olduqca böyük bir qrupu azad etməyə nail olduq. Ancaq ikinci qrupu azad etməyə nail olmadıq, çünki hərbiçilər buna imkan vermədi”. Putinin "hər gün atəşkəs olacaq” açıqlamasına baxmayaraq, Suriyada çox ciddi böhranın, əsl insanlıq dramının yaşandığı göz önündədir. Təsəvvür edin, böyük güclər öz aralarında razılaşaraq bölgədən sadəcə uşaqların müəyyən faizini xilas edə bilirlər. Bölgə əhalisinin böyük qismi isə hələ də humanitar fəlakətlə üz-üzə qalır. O da məlumdur ki, Türkiyənin Afrin əməliyyatının səbəblərindən biri ölkədəki 3 milyon suriyalı qaçqını təmizlənmiş bölgələrə yerləşdirməkdir. Ancaq digər tərəfdən də Suriya ərazisindəki insanlar ya digər təhlükəsiz bölgələrə, ya da başqa xarici ölkələrə köçürülür. Ekspertlərə görə, Yaxın Şərqdə müharibəyə tamamilə son verilmədən humanitar fəlakət bitməyəcək.
Bölgədəki vəziyyəti "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, Dəməşq yaxınlığında yerləşən Quta yaşayış məntəqəsində Əsədə qarşı müxalif qüvvələr hələ də öz mövqeyini saxlamaqdadır. Ekspertin sözlərinə görə, keçən ilin dekabrında bölgəyə səfər edən Putin atəşkəs rejimini təmin etməyi söz versə də, Əsəd qüvvələri hələ də bu bölgəni bombalamaqda davam edir:
"Rusiya bu bölgədən silahlı qüvvələrini çıxartmağa başlasa da, sonradan fikrini dəyişdi. Bəyanatlarında guya terrorizmə qarşı mübarizə üçün müəyyən qüvvə saxladığını dedi. Əslində isə əsas məqsədi Əsəd rejiminə dayaq olmaq idi. Rusiyanın Suriyada "terrorizmlə mübarizə” anlayışı Bəşər Əsədə silahlı dəstək verməkdir. Putinin cəhdləri yalnız vəziyyəti getdikcə mürəkkəbləşdirir və regionda sülhün yaranmasını əngəlləyir. Rusiya silahlı qüvvələrinin Suriyada olduğu 3 il müddətində heç bir uğurlu əməliyyata imza ata bilməyib. Bu yaxınlarda Rusiya ordusunun ABŞ tərəfindən aldığı ağır məğlubiyyət barədə təsdiqlənmiş məlumatlar yayıldı. Bəzi ekspertlər Rusiyanın cavab verəcəyini desələr də, fakt göz qarşısındadır. İlkin mərhələdə ruslar bu ağır məğlubiyyəti gizlətməyə çalışdılar, amma sonradan üzərindən sakitcə keçməyi üstün tutdular”.
Analitik bildirib ki, Türkiyənin "Zeytun budağı” əməliyyatının zəiflədiyini iddia edənlər yanılırlar: "Əslində türk silahlı qüvvələri üzərinə düşən strateji planı və minimum tapşırığı həyata keçiriblər. Afrin şəhərinin tamamilə nəzarətə götürülməsinin zamanlanması isə təbii ki, sivil insanların həyatını təhlükəyə atmamaq üçündür.
Terrorçular bu vəziyyətdən yararlanaraq, döyüşçülərinə sivil vətəndaşların paltarlarını geyindirirlər ki, özlərini sığortalasınlar. Hazırkı durumda görünən odur ki, bölgədə xaos və humanitar fəlakət hökm sürür. Türkiyəyə qaçqın olaraq gələn suriyalıların geri qaytarılması çox çətin bir iş olacaq. Yaxın zamanlarda belə bir prosesin başlanması görünümür. İlk növbədə qaçqınların yurdlarına qayıtması üçün BMT-nin planı açıqlanmalı və humanitar yardım ayrılmalıdır. Lakin bundan öncə Əsəd rejimi sona çatmalı və Rusiya bölgədən kənarlaşdırılmalıdır. Hələ indiyə qədər Rusiyanın barmağı olduğu ərazilərdə sülh və əmin-amanlığın olduğunu kimsə görməyib”.
İsmayıl