Suriyanı çözəcəklər

“Kreml münasibətləri gərginləşdirmək istəmir. Amma Qərbin şərtlərini yerinə yetirmək niyyətində də deyil”
ABŞ - Rusiya qarşıdurması Putin Tramp görüşündə diqqət mərkəzinə gətiriləcək


İyulun 7-8-də Almaniyanın Hamburq şəhərində "G-20”-lərin sammiti keçiriləcək. Görüş zamanı dövlət başçıları Suriya böhranının nizamlanması yollarını müzakirə edəcəklər. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Hamburqda Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşü gözlənilir.

Kremlin mətbuat katibi Dmitri Peskov da bildirib ki, liderlər arasında şəxsi danışıqlar ayaqüstü deyil, ayrıca söhbət kimi keçiriləcək. Rusiya XİN-i görüşün formatının Amerika tərəfinin istəyinə uyğun olacağını bildirib:

"Amerika tərəfi necə təklif etsə, o formatda görüşəcəyik” mövzusuna gəlincə, liderlər Ukrayna və Suriya böhranlarını müzakirə edəcəklər”. Xatırladaq ki, bu görüş liderlərin ilk təması olacaq. Hamburq sammiti çərçivəsində Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da bir araya gələcək. Bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib.

Liderlərin gözlənilən görüşünü şərh edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev "Şərq”ə açıqlamasında deyib ki, bir-iki görüşlə yeni situasiyanın yaranacağını iddia etmək doğru deyil. Onun sözlərinə görə, Rusiya istəyir ki, ona qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılsın. ABŞ isə tələb edir ki, Moskva işğal etdiyi Krımı tərk etsin, həmçinin, Donbasdan çəkilsin:

"Hər iki ölkənin özünə uyğun arqumentləri var. Bir görüşlə bu qədər ziddiyyətləri çözmək mümkünsüzdür. Ümumiyyətlə, Rusiyanın Krımdan və Donbasdan vaz keçəcəyi inandırıcı deyil. Görüş zamanı tərəflər sadəcə öz mövqelərini dəqiqləşdirməyə çalışacaqlar. Əsas diqqət isə Suriya böhranına yönələcək. Suriyada hər iki dövlətin hərbi gücü təmsil olunur. Ona görə də tərəflərin qarşı-qarşıya gəlmə ehtimalı yüksəkdir. ABŞ və Rusiyanı masa arxasına sövq edən bu amildir. Bilirsiz ki, Amerika qırıcıları Suriya hökumətinə məxsus təyyarəni vurdular. Rusiya bu hərəkəti Moskvaya qarşı addım kimi dəyərləndirir. Suriyada sular hələ durulmayıb. İlk növbədə ABŞ-Rusiya arasında hərbi hava qüvvələrinin birgə koordinasiyası məsələsi müzakirə olunacaq. Kreml münasibətləri gərginləşdirmək istəmir. Amma Qərbin şərtlərini yerinə yetirmək niyyətində də deyil. Fikrimcə, Şimali və Cənubi Koreya məsələsi də müzakirə mövzuzu olacaq. Məlumdur ki, Şimali Koreya məsələsində ABŞ daha sərt addımlar atmağa çalışır. Lakin Çin və Rusiya rəhbərliyi bu prosesi tormozlayır”.

İsmayıl