Şuşalı, nəşəli, nəğməli Azərbaycan... həsrəti





Ötən yüzildə Azərbaycan dərdlərinin və faciələrinin bədii təfəkkürümüzdə inikasından söhbət gedərkən ilk növbədə Rəsul Rza poeziyası diqqəti cəlb edir. Ustad Rəsul Rzanın yaradıcılığını səciyyələndirən bir çox etno-poetik və milli-psixoloji keyfiyyətlər mövcuddur. Onlardan biri və bəlkə də birincisi, Azərbaycanı gözləyən təhlükələrin yüksək sənətkarlıqla və peyğəmbəranə uzaqgörənliklə aydın, sərrast ifadəsidir.

Bu cəhətdən Rəsul Rzanı əsrimizin əvvəllərində yazıb yaratmış və öz əsərlərində milli kodumuzu və taleyimizi hər biri özünəməxsus şəkildə dahiyanə həssaslıqla əks etdirməyə çalışan Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid və Cəfər Cabbarlı kimi sənətkarlarla müqayisə etmək olar. Rəsul Rzanın Azərbaycan xalqının gələcək taleyi, xüsusən, Qarabağ mövzusu ilə bağlı şeirləri xüsusi ilə diqqəti çəkir. Böyük şairin bu gün də bir çox poetik-psixoloji nüanslarına və milli, sövqi-təbii əhvali-ruhiyyəsinə görə, oxucuları sonsuz dərəcədə heyrətləndirən "Şuşam mənim” şeiri qeyri-adi təsir gücünə malikdir. Həssas sənətkarın misilsiz Vətən duyğusu, sonsuz Vətən həsrəti, sanki yaxınlaşan fəlakəti bütün varlığı ilə duyan qeyrətli vətəndaşın doğma yurd narahatlığı və nisgili fövqəl yaşantıların ifadəsi kontekstində öz əksini tapıb:

Sinəsi qabarıq, nağıllardan gəlmiş

Pəhləvandır Şuşam mənim,

Mərdliklə, gözəlliklə qoşam mənim.

Azərbaycan torpağının nur parçası,

İncə mahnılar yuvası...

Gənc Rəşad Məcidin erkən poeziyasında da Vətən taleyinə özünəməxsus və narahat münasibət oxucunu düşündürür. Ustad Rəsul Rzanın "Şuşam mənim” şeiri ilə Rəşad Məcidin "Cıdır düzü” şeiri arasında qəribə bir ahəngdaşlıq var. Məlumdur ki, hər iki şeir Qarabağ faciəsindən xeyli

əvvəl yaranıb. Amma hər iki şeirdə başlanacaq yanğının, böyük fəlakətlərin kabusu görünməkdədir. Bunu təhtəlşüurun, poetik-psixoloji intuisiyanın nəticəsi kimi də dəyərləndirmək olar. Sənətkar yalnız sözlərin və səslərin stixiyasını deyil, bütün bunların mənşəyi və mənbəyi hesab olunan insan həyatının və münasibətlərinin axınını, yönünü, zamanın gərdişini, dövranın ictimai-siyasi dəyərlər dövriyyəsini öncədən bilmək bacarığını göstərə, təsvir və ifadə edə bilir. Heyrətamizdir - müdrik Rəsul Rza və gənc Rəşadın şairanə sövqi-təbiisi necə də hədəfə dəymiş, nə qədər də biri-birini tamamlamaqdadır. "Şuşam mənim” şeirində oxuyuruq:

"Sinəsi qabarıq, nağıllardan gəlmiş Pəhləvandır Şuşam mənim, mərdliklə, gözəlliklə qoşam mənim. Azərbaycan torpağının nur parçası, İncə mahnılar yuvası.

... Yüz bir şəhər adı çəkim, Gözəllikdə sənə tay olarmı? Vətən adlı doğma yurddan Püşk olarmı, pay olarmı?”. Mütəfəkkir şair poeziyanın dili ilə sanki bizi agah edir, qəflət yuxusundan oyatmaq istəyir. Şair "nağıllardan gəlmiş”, nağıl qədər əfsanəvi, nağıl yaşındakı Vətənin bizim üçün nə qədər əziz və əvəzedilməz olduğunu bizə başa salır, vurğulayır. Şeirin qəhrəmanı olan nağıl-şəhər xalqımızın əsrlər boyu çəkdiyi zəhmətlər sayəsində dünyanın ən gözəl insan məskənlərindən birinə çevrilən, təkcə qoynunda bəsləyib, boya-başa çatdırdığı elm və sənət adamları, mədəniyyət xadimləri, gözəl səsləri ilə deyil, özü də ecazkar sənət dərəcəsinə yüksələn bu ilahi məkan bizim varlığımızın və mənəviyyatımızın ayrılmaz, üzvi bir parçasıdır. Ona görə də şair bu yurdu sənətin beşiyi, gözəlliklərin məskəni, incəliyin və zərifliyin yuvası kimi səciyyələndirir. Rəsul Rza poeziyası həmişə obrazların çoxcəhətliliyinə, semantik çalarların çoxqatlılığına görə diqqəti çəkir. "Şuşam mənim” şeirində də bu gözəl məziyyət aydın görünür. Misal gətirdiyimiz parçada şeirin ovqatını təyin edən və lirik mündəricəni müəyyənləşdirən bir misra var: "Pəhləvandır Şuşam mənim”. Yəni nağıl şəhər təkcə zəriflik və incəlik mücəssəməsi deyil. Nağıllardan gəlmiş bu qəhrəman nağıl dünyasının gözəllik, sehrlilik və əfsanəvilik kimi xüsusiyyətləri ilə yanaşı, həm də başqa əlamət və nişanələrini də özündə yaşadır. O, nağıllardakı kimi, həm də Bahadırlıq, Qəhrəmanlıq, Yenilməzlik xislətlərinə də malikdir. Bu şəhərə hücum çəkib gələnlər həmişə məğlub olub geri qayıdıblar, arzuları gözlərində qalıb. "Pəhləvandır Şuşam mənim” misrası obrazın həm tarixi tərcümeyi-halını, həm də xarakterini, şücaətini əks etdirir. Burada şairin şəhərin gələcək taleyinə, xalqımızın qüdrətinə sonsuz inamı da ifadə olunmuşdur. Bu şeir, xüsusən bu misra yazıldığı vaxta nisbətən bu gün daha güclü, təsirli səslənir. Şuşasız yaşadığımız, dözüb yaşaya bildiyimiz bu amansız iyirmi ildə neçə dəfə dillərdə, könüllərdə səslənib böyük şairin bu misrası: "Pəhləvandır Şuşam mənim”. Hayqırıq kimi, dəli bir nərə kimi, yerləri lərzəyə salan göy gurultusu kimi... Bəzən isə zəif bir pıçıltı kimi, məğlub balasının başını sığallayan müdrik və dünyagörmüş qocanın ümidlərlə dolu arzusu kimi səslənir: "Pəhləvandır Şuşam mənim”?

Rəşad Məcidin "Cıdır düzü” şeirində nazənin Qarabağın, gözəllər gözəli Şuşanın min bir füsunkarlığından birinin üzərində diqqət cəmlənib. Bu dəfə şeirin qəhrəmanı Cıdır düzüdür. "Sinəsi qabarıq” (Rəsul Rza) şəhərin göz oxşayan, möcüzələr məkanı - Cıdır düzü...

Dərədə möcüzə, dağda möcüzə,

Torpağa bu qədər vurulmamışdım.

Gözəllik önündə heç vaxt, heç vədə,

Belə təzələnib durulmamışdım.

Şair öz yaşantılarını təbii və axıcı bir intonasiya ilə ifadə edir: "Dərədə möcüzə, dağda möcüzə”. Bu məkanda adiliyə yer yoxdur. Hər yer, hər qarış torpaq sehrlə, əfsunla, möcüzə ilə yoğrulmuşdur. Bu fövqəlməkanda, təbii ki, insan da dəyişməyə məcburdur. Saflıq və bakirəlik məkanında insan da öz ilkinliyinə, təbiiliyinə qayıdır. Müəllifin söylədiyi kimi, büllurlaşır, təzələnir, durulur. Sanki təbiətə qovuşur...

Dili tutulubmu torpağın, daşın?

Görən niyə belə səssizdi bu yer?

Haçansa Üzeyir ayağı dəyib,

Yəqin ona görə əzizdi bu yer.

Bu gözəlliyin sehri, əfsunu hətta daşa, kəsəyə də təsir etmiş, onu təəccübündən əbədi susmağa məhkum etmişdir. Bu yurdun gözəlliyini onun cahanşümul və dahi insanları dahi insanları daha da artırır. Üzeyir dühası, Bülbülün səsi, Xurşidbanu Natəvanın həsrəti... Ətrafın sükutu, səssizliyi insan möcüzələrinin təsirindəndir. Bu yurdda torpaq da canlıdır və insanlarla hər an qarşılıqlı təmasda, ünsiyyətdədir. Torpağın misilsizliyi və insan istedadı burada biri-birini tamamlayır. Bu dünyanın heç yerində görünməyən harmoniyanı müəllif həssaslıqla hiss edib. "Cıdır düzü” şeiri məhz bu xüsusiyyəti ilə qəlbimizdə dərin duyğular oyadır:

Sükuta bürünüb Cıdır düzümüz,

Bülbülün səsinə dalandan bəri.

Torpaq dərd əlindən qayalaşıbdır

Ellər Natəvansız qalandan bəri.

Bu məkanda təkcə gözəlliklər yox, sərtlik, qayalıq, daşlıq da səbəbsiz yaranmır; bərk daşlar, sərt qayalar da, demək, öz-özünə, elə-belə yaranmırmış. Qayalar, daşlar uluların, əzizlərin həsrətindən peyda olur, torpaq zərifliyini itirib, qabalaşıb, qayalaşıbdır.

Şair yurdumuzun bu əbədi gözəllik və füsunkarlıq məskənini həm də əlçatmaz və yenilməz Vətən torpağı kimi təsvir edir. Vətən oğulları min illər boyu bu müqəddəs torpağı yağılardan qoruyublar. Acgöz yadellilərin, gözləri torpaqdan doymayan düşmənin ayağının bu torpağa dəyməsinə imkan verməyiblər. Poeziyamızda formalaşmış bu ənənə, yəni Qarabağı, Şuşanı, Cıdır düzünü həm də qəhrəmanlıq, yenilməzlik rəmzi kimi vəsf etmək bilavasitə milli şüurumuza hopmuş çox-çox qədim inam və təsəvvürlərdən irəli gəlir: Şuşa qalası! Bu məkanın poeziyada milli varlığın və yaddaşın rəmzi kimi əks etməsi təbii və zəruridir:

Göz dikib bu yerə yağılar, yadlar,

Su olub düzündə axa bilməyib.

Nə qədər zirvələr fəth edib Qacar,

Amma bu zirvəyə qalxa bilməyib.

Şairin təlqininə görə, Vətəni təkcə sevmək, əzizləmək, qiymətləndirmək azdır. Babalar kimi onu hifz etmək, qorumaq lazımdır. Çünki yurdun hər qarışını, dağını, daşını qorumaqla elin, obanın özünü və yaddaşını qorumuş oluruq. Burada da müəllif yurd və yurddaş vəhdətini vurğulayır:

Burda daşları da qoruyaq, gəlin,

Hansı bir daşdasa Vaqif qanı var.

Bura yaddaşıdır, obanın, elin,

Burda hər bir nəslin öz ünvanı var.

Bu şeirdə Vətənin qüdrətindən və məftunkarlığından başqa, eyni zamanda qəribə bir nigarançılıq da hiss olunur. Bu narahatlıq və nigaranaçılıq müəllifin lirik təhkiyəsində aydın surətdə nəzərə çarpır. Xüsusən, müəllifin "Burda daşları da qoruyaq gəlin” müraciətinin məğzində gənc şairin böyük fəlakətləri öncədən hiss etməsi dayanır. Zatən, söz sənətinin əsas vəzifələrindən və missiyalarından biri də Vətənin və millətin mövcudluğu, əbədiyyəti üçün can yandırmaq, milli təhlükəsizliyi bədii intuitiv tərzdə duymaq və poetik idrkın imkanları dərəcəsində ifadə etməkdən ibarətdir. Amma bədii və ədəbi estetik təfəkkürün bütün öncəduymaları və öncəgörmələri, təhlil və nəticələri təmənnasız sevgidən, ana Vətənə səmimi məhəbbətdən doğulmalıdır. Əks təqdirdə, heç bir emosional və intellektual obraz, bədii fikir və düşüncə yaşamaq hüququ qazana bilməz:

Deyirəm dünyada sevgi tapılmaz,

Övladın torpağa sevgisi kimi.

Bu yurd yaddaşımda qalacaq mənim

Tarixin möcüzə sərgisi kimi.

Qəribədir, 1981-ci ildə Rəşadın öz könlünün əmri ilə yazdığı şeir sanki müəllifinə yox, elə bizə də taleyin bir ərmağınıdır. Sakit, sabit 1981-ci il! Azərbaycan səmasında ildırımlar çaxmamışdı, şimşəklər qılıncını oynatmamışdı hələ! Hamımız ümidvar, bəxtəvər, ürəyimiz sabaha inamla dolu idi. Vətənin belə bir xoşbəxt və firavan çağında gənc şairin kövrək sevgi yaşantılarına hansısa qorxu və nigarançılıq hissləri necə sıza bilərdi? Cıdır düzündə təbiətin ilahi möcüzələrindən ilhamlanıb, Vaqif, Xurşidbanu, Üzeyir bəy, Bülbül, Rəşid kimi sənətkarların dühalarından vəcdə gəldiyi anlarda şairin qəlbindən keçənlər hansı şüuraltı proseslərin diktəsi ilə doğulmuşdu? Yəqin ki, bu suallara müəllifin özü də qəti və dəqiq cavab verməyə çətinlik çəkər. Cəmi yeddi il sonra şairin gördükləri və yaşadıqları barəsindəki düşüncələri fikrimizi təsdiq edir. Həqiqətən müəllifin öz əli ilə yazdığı tərcümeyi-halından alınmış aşağıdakı parça "Cıdır düzü” şeirinin nə qədər qiymətli bir yadigar olduğunu bizə əyani şəkildə sübut edir: "1988-ci ilin fevral ayının əvvəlində Ağdamın mərkəzi meydanına Dağlıq Qarabağdan gələn azərbaycanlıların yığışdığını gördüm. Onlar Xankəndindəki mitinqdən danışırdılar, erməni rəhbərlərin onlara hansısa müraciəti məcburən imzalatmaq istədiklərini söyləyirdilər. mən indi fikirləşirəm ki, mənim ardıcıl şeir yazmağım da, deyəsən, elə həmin günlərdə başa çatdı. Və həyatımın yeni dövrü başlandı...” Xüsusi vurğuladığımız bu ürək sözləri poeziyanın təbiətini, Vətən şeiriyyətinin və ümumən, yaradıcılığın mürəkkəb psixoloji-ruhi, emosional bir kompleksin məhsulu olduğunu göstərir.

Vətəni tərənnüm etmək şair qəlbinin təkrarolunmaz fəaliyyətinin nəticəsidir. Tarixi-poetik təcrübə göstərir ki, hətta böyük istedadlar belə Vətəni həmişə, hər an sevdikləri halda yalnız ruhun müəyyən və münasib çağlarında ana yurdu vəsf edən şeirlər yaza bilmişlər. Ustad Rəsul Rzanın "Şuşam mənim” və Rəşad Məcidin "Cıdır düzü” şeirləri isə poeziyanın və ümumən, söz sənətinin nəinki Vətənin keçmişini və bugününü, hətta yaxın və uzaq gələcəyini, taleyini öncə duymaq və öncə görmək qüdrətinə malik olduğunu da nümayiş etdirir!..

Yaşar Qasımbəyli