Tağı Əhmədov: "Verdiyim pulu istəyirəm"




Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmədə şahid kimi ifadə verərkən istintaqa verdiyi ifadəsini təkrarlayıb.

Sherg.az lent.az-a istinadən bildirir ki, prosesdən çıxan zərərçəkənlər jurnalistlərə açıqlamasında qeyd ediblər ki, o, istintaqa verdiyi ifadəni təsdiqləyib. T.Əhmədov qeyd edib ki, 3 milyon manatı Çovdarovdan tələb edib. Məhkəmədə Akif Çovdarovun vəkillərinin "Sizin tələbiniz nədir?" sualına isə Tağı Əhmədov bu cür cavab verib: ""Leyli və Məcnun"u hamı oxuyub. Bütün dünya bilir ki, orada söhbət nədən gedir və Leyli Məcnundan nə istəyir. İndi də burada hər şey aydındır. Siz də savadlı adamsınız. Bilmirsiniz ki, mən nə istəyirəm? Verdiyim pulu istəyirəm".

Metropolitenin sabiq rəisi onu da qeyd edib ki, Akif Çovdarov ondan MTN üçün 10 "Range Rover" markalı avtomobil alınmasını istəyəndə "yox" deyib: "Eldar Mahmudova zəng elədim. Amma telefonu açmadı. Köməkçisi ilə danışdım. Mənə dedi ki, işimi Akif Çovdarova tapşırıb. Eldar Mahmudov mənim yerlimdir. Bir-birimizi çoxdan tanıyırdıq".
Prosesdən çıxan Tağı Əhmədov jurnalistlərin suallarını cavabsız qoyub. Sonda isə "sağ olun" deyib avtomobillinə minərək məhkəmədən gedib.
Proses davam edib.

------------

12:50

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə "Bakı Metropolitieni" ASC-nin sabiq rəisi Tağı Əhmədovun zərərçəkmiş qismində ifadə verəcəyi gözlənilir. T. Əhmədov bu gün məhkəməyə gəlib və iclasda iştirak edir.

Xatırladaq ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.