Tahir Kərimli də Sərdar Cəlaloğlunun cavabını verdi

“Müxalifət partiyaları da biri-birini təkrar edir, fərqli fikir söyləmirlər. Deməli, bütün müxalifət partiyalarının görüşə getməsi də lazımsızdır”



Növbəti iqtidar-müxalifət görüşündə müzakirə olunacaq məsələlərdən danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu dialoqa qatılan əksər partiya rəhbərlərini tənqid edib. S.Cəlaloğlu deyib ki, görüşdə iştirak edən bir çox qurum sədrlərinin müstəqil fikirləri yoxdur:

"Müxalifət və iqtidar görüşü çox mürəkkəb demokratik bir proseduradır. Görüşdə müzakirə olunan məsələlər tərəflər arasında razılaşdırılmalıdır. Hər iki tərəfin maraqlarına uyğun müzakirələr aparılmalıdır. Heç bir söz deməyən iqtidaryönlü partiyaların görüşə qatılması müzakirələrin səviyyəsini aşağı salır. Məsələn, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının siyasiliyi nədən ibarətdir? Mən onu anlaya bilmirəm. Çox gülməli mövqelər ortaya qoyur. Vəhdət Partiyasının sədri Tahir Kərimlini də buna misal göstərmək olar. Bu partiyaların orada iştirakı absurddur”.

İttihamlara münasibət bildirən Vəhdət Partiyasının rəhbəri Tahir Kərimli ADP sədrinin sözlərinə etiraz edib. O deyib ki, Vəhdət Partiyası hər görüşdə aktiv şəkildə iştirak edir və öz sözünü deyir: "Bütün aktual məsələlərlə bağlı fərqli fikirlərimizi bəyan edirik. Elə bir ciddi məsələ yoxdur ki, biz ona toxunmayaq. Həmçinin, görüşdə münasibət bildirməklə yanaşı, mətbuata da dialoq və orada müzakirə olunan məsələlərlə bağlı açıqlamalar veririk. Axırıncı görüşdə SRP sədri Xanhüseyn Kazımlı da çıxış edib. Xanhüseyn müəllim nə qədər iqtidaryönlü olsa da, orada iqtidarı və YAP-ı təmsil edən əsas şəxs cənab Əli Həsənovdur. Fikrimcə, Sərdar Cəlaloğlunun ittihamı bizim passiv olmağımızla bağlı deyil. O, iqtidaryönlü partiyaların ümumiyyətlə dialoqda iştirak etməməsini istəyir. Amma bu, yanlış yanaşmadır. Müxalifət partiyaları da biri-birini təkrar edir, fərqli fikir söyləmirlər. Deməli, bütün müxalifət partiyalarının görüşə getməsi də lazımsızdır. Aralarından bir nümayəndə seçsinlər və müxalifət adından görüşə göndərsinlər. Niyə hamısı yığışıb gedirlər?”. Partiya sədrinin sözlərinə görə, dialoqlar hakimiyyətlə
müxalifətin görüşü deyil: "Əgər elə olsaydı, o zaman görüşdə iqtidaryönlü partiyalar iştirak etməzdi. Amma bu görüşlər ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların məşvərət məclisi kimi bir şeydir. Ona görə də biz həmin görüşlərdə iştirak etməli və sözümüzü deməliyik. Düşünürəm ki, haqlı olaraq Vəhdət Partiyasını dialoqa dəvət edirlər”.

İsmayıl