"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də qeyd edib ki, rəhbərlik etdiyi mətbu orqanın arxivinin saxlanılmasına böyük diqqət ayırırlar: "1999-cu ildə, fəaliyyətimizi bərpa etdikdən sonra çıxdığımız bütün nömrələri yığırıq. Onu əvvəlcə bir qovluğun içərisinə toplayırıq. Müəyyən mərhələyə çatdıqdan sonra kitab halında çap etdiririk. İstənilən araşdırmaçı və ya oxucu arxivimizdən istifadə etmək imkanına malikdir”.
Tarix hər zaman vərəqlənir
Qəzetlərin arxivləri mütləq qorunmalıdır
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də qeyd edib ki, rəhbərlik etdiyi mətbu orqanın arxivinin saxlanılmasına böyük diqqət ayırırlar: "1999-cu ildə, fəaliyyətimizi bərpa etdikdən sonra çıxdığımız bütün nömrələri yığırıq. Onu əvvəlcə bir qovluğun içərisinə toplayırıq. Müəyyən mərhələyə çatdıqdan sonra kitab halında çap etdiririk. İstənilən araşdırmaçı və ya oxucu arxivimizdən istifadə etmək imkanına malikdir”.
Hər bir ölkənin tarixi, siyasi, mədəni və ədəbi gerçəkliklərinin aşkarlanıb, öyrənilməsində çap mətbuatının məxsusi rolu var. Hətta çox vaxt qəzet materialları tarixi faktlara, mənbələrə çevrilir. Əlbəttə, Azərbaycanda da əksər sahələrə dair çoxsaylı faktlar mövcuddur ki, onlar ötən əsrlərin qabaqcıl mətbuat nümunələrinin arxivlərindən əldə edilib. Yəni mətbuatın ilkin missiyası maarifləndirmə olsa da, media bütün dövrlərdə həm də ictimai-siyasi və mədəni proseslərə yön
verən institut rolunda çıxış edib. Bu baxımdan, mətbu orqanların arxivlərinin qorunub, saxlanılması hər zaman ciddi zərurətə çevrilib. Və bu gün də həmin proses davam etdirilir.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, rəhbərlik etdiyi media quruluşunun arxivi mövcuddur və onu göz bəbəyi kimi qoruyub, saxlayırlar: "Arxiv üçün redaksiyada yığcam bir otaq ayırmışıq. Qəzetlərin "podşifka”sını saxlayırıq. Qəzetimiz yarandığı gündən indiyə qədər bütün nömrələrimizi saxlayırıq”. Baş yazar qeyd edib ki, redaksiya daxilində qəzet arxivlərinin saxlanılması vacib şərtlərdən biridir: "Bu, tarixdir. Ola bilər ki, müəyyən arxivlərdə qəzetlər olmasın və yaxud da sıradan çıxsın. Amma arxivin qəzet redaksiyasında olması və qorunub saxlanılması çox vacibdir. Ona görə də, "İki Sahil” qəzeti olaraq zəngin arxivimiz var və hazırda da onu qoruyuruq. Bu ənənəni layiqincə davam etdiririk”.
V.Rəhimzadə diqqətə çatdırıb ki, rəhbərlik etdiyi mətbu orqanın elektron versiyasını da formalaşdırıblar: "Əvvəllər elektron variantımız olmayıb. Amma son illər bunu yaratdıq. Deyim ki, fotoqalereyalarımız da ayrıca saxlanılır”.
Baş redaktor bəyan edib ki, "KİV haqqında” qanuna əsasən, əlaqədar kitabxanalar, müəyyən arxiv idarələri və Mətbuat Şurasına (MŞ) davamlı olaraq qəzet nüsxələri göndərirlər: "Bu məsələ "KİV haqqında” qanunda da öz əksini tapıb”.
Müsahibimizin sözlərinə görə, qəzet arxivlərindən ciddi mənbə kimi istifadə olunur: "Sizə bir fakt deyim. Bilirsiniz, "Neftçilər günü” ərəfəsində xüsusi buraxılışı hazırlayıb, buraxırıq. Ötən günlərdə Tarix İnstitutunun rəhbərliyindən bir nəfər neft mövzusu ilə bağlı xüsusi buraxılışlarımızdan birini istədi. Ümumiyyətlə, müəyyən yazılar var ki, ona ehtiyac yaranır və bizə müraciət olunur. Arxivdən istifadə edib, həmin yazıları tapıb, veririk. Belə hallar çox olub. İndi də davam edir”.
Baş redaktorun fikrincə, ciddi media quruluşlarının məqalələrindən fakt kimi yararlanmaq olar: "Azərbaycanda yüzlərlə qəzet nəşr olunur. Doğrudur, elələri var ki, qeyri-ciddi fəaliyyətlə məşğuldur. Lakin rəsmi qəzetlərdən əsaslı mənbə kimi istifadə etmək mümkündür. Belə də olmalıdır. Çünki rəsmi orqan informasiyanı, məqaləni "yüz dəfə ölçüb, bir dəfə biçir” və sonra tirajlayır. Özünə hörmət edən kifayət qədər ciddi çap mətbuatı var. Azərbaycanda təxminən 40 gündəlik qəzet nəşr olunur. Onların hamısı olmasa da, əksəriyyətindən ciddi mənbə kimi faydalanmaq olar. Amma peşə etikası və jurnalistika prinsipinə əməl etməyən "mətbuat nümunələri” də mövcuddur. Belə media orqanlarının materialından fakt kimi istifadə etmək olmaz. Onun yazdıqlarını ciddi qəbul etmək doğru deyil. Elə "media qurumları” da var ki, radikal mövqedə dururlar və iş-peşələri insanların şərəf və ləyaqətini alçaltmaqdan ibarətdir”.
V.Rəhimzadə düşünür ki, "Azərtac” SİA və APA-dan ciddi mənbə kimi istifadə etmək tamamilə düzgündür: "Çünki onlar ciddilikləri ilə fərqlənirlər və həmin media orqanlarının məlumatlarına birmənalı şəkildə söykənmək olar”.
Baş yazar onu da əlavə edib ki, qeyri-ciddi media quruluşlarına qarşı Mətbuat Şurası (MŞ) ciddi mübarizə aparır: "Sözügedən qurumda xüsusi komissiyalar mövcuddur. Xüsusən, jurnalistlərin riayət etməli olduğu 4 prinsip var. Bu prinsipləri pozan qəzetlərlə bağlı müntəzəm olaraq MŞ və digər aidiyyəti qurumlara şikayətlər daxil olur. MŞ bu cür media orqanlarına qarşı effektli mübarizə aparır. Sözügedən şura hansı qəzetin necə fəaliyyət göstərməsi ilə bağlı kifayət qədər məlumatlıdır. MŞ daxil olmuş müraciətlər əsasında lazımi qərarlar verir və onu ictimailəşdirir. Artıq ictimaiyyətdə həmin qəzetlərin "fəaliyyəti” ilə tanış olur. Azərbaycanda elə media orqanları var ki, hər gün media prinsiplərini pozur. Belələri çoxdur. Hər bir Azərbaycan vətəndaşı onları qınaq obyektinə çevirməlidir. İctimai qınaq vacib şərtdir. MŞ-nin şikayətlər komissiyası var. Bundan başqa qurumda reket jurnalistlərə qarşı mübarizə komissiyası da fəaliyyət göstərir. MŞ yarandığı gündən indiyə kimi kifayət qədər aktiv fəaliyyət göstərib və hazırda da uğurlu fəaliyyətini davam etdirir”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də qeyd edib ki, rəhbərlik etdiyi mətbu orqanın arxivinin saxlanılmasına böyük diqqət ayırırlar: "1999-cu ildə, fəaliyyətimizi bərpa etdikdən sonra çıxdığımız bütün nömrələri yığırıq. Onu əvvəlcə bir qovluğun içərisinə toplayırıq. Müəyyən mərhələyə çatdıqdan sonra kitab halında çap etdiririk. İstənilən araşdırmaçı və ya oxucu arxivimizdən istifadə etmək imkanına malikdir”.Baş yazar söyləyib ki, qəzetlərinin internet versiyası da fəaliyyət göstərir və yazılar elektron arxivdə də saxlanılır: "Gün ərzində hazırladığımız məhsulları özümüzün Kaspi.az saytında yerləşdiririk. Materiallarımızın arxivi orada da toplanır. Çox sadə və asan şəkildə axtarış verməklə qəzetimizin materiallarını əldə etmək mümkündür. Biz qəzetimizin tarixinə hörmət əlaməti olaraq neçə il araşdırma aparmışıq. "Kaspi”nin XIX əsrin sonları XX əsrin əvvəllərindəki nüsxələrini də tapmışıq. Həmin materialları Hollandiyada yaşayan həmyerlilərimizdən biri elektron versiyada saxlayıbmış. Təsisçimiz Sona xanım Vəliyeva danışıqlar apararaq o nüsxələrin ölkəmizə gətirilməsinə nail oldu. Biz onun PDF variantını işləmişik. Düzdü, tam yekunlaşdırmamışıq. Amma saytımızda yerləşdirmişik. Hətta yalnız qədim "Kaspi” qəzetini deyil, həmin dövrdə çıxan əksər qəzetlərin arxivlərini PDF formatda saytımıza yerləşdirmişik. İstənilən araşdırmaçı bir "klik” edib, "Kaspi”nin arxivi ilə tanış ola bilər. Axtarış sistemi də var. Çox rahat şəkildə onlardan istifadə etmək mümkündür”.
İ.Quliyevin qənaətincə, arxiv işi çox önəmli məsələdir: "Bu, tarixə hörmətdir, əməyə verilən dəyərdir. Bir iş görürsənsə, onu qoruyub, saxlamağı da bacarmalısan. Məhsullarımızla gələcək nəsillər də tanış olmalıdırlar. Hesab edirəm ki, bütün mətbuat orqanları, xüsusən də qəzetlər arxiv işinə böyük diqqət ayırmalıdır”.
Müsahibimiz vurğulayıb ki, qanuna müvafiq olaraq kitabxanalara pulsuz qəzet nüsxələri verilir: "Məsələn, Axundov adına Mərkəzi Kitabxanada qəzetimizin bütün saylarını yığırlar. İstənilən halda gedib, lazımi nömrələrimizlə tanış olmaq olur. Başqa kitabxanalarda da arxivləşdirməni aparırlar. Qeyd etdiyim kimi, bir nəfər ayırmışıq. O da hər gün qəzeti səhifələyib, bir qovluğa yığır. Müəyyən müddətdən sonra onu cildləyirik. 1999-cu ildən bu günə qədər çox böyük material bazamız formalaşıb. 30-dan çox cildlənmiş kitabımız var. Əvvəllər böyük formatda çıxmışıq. Böyük formatda olanlar lap böyük kitablardır. İndiki variantımız isə bir az yığcamdır. Hamısı yığılıb, saxlanılır. Yəni indiyə qədər olan materiallarımızı otaq şəraitində saxlaya bilirik. Allah qəzetimizə uzun ömür versin, inşallah, gələcəkdə o materialların köhnəlmə, sıradan çıxma təhlükəsi yaranarsa, buna dair adekvat addımlar atacağıq. Hazırda isə ehtiyac yoxdur”.
Arxivlərindən ciddi şəkildə istifadə olunduğunu söyləyən İ.Quliyev deyib ki, onlara araşdırmaçılarla yanaşı, sadə vətəndaşlar da müraciət edir: "Arxivimizdə işləyirlər. Cildləri onların ixtiyarına veririk ki, işləsinlər. Xüsusən araşdırmaçılar bizə daha çox müraciət edirlər.
Onları istiqamətləndiririk ki, 1999-cu ildən sonrakı nömrələrimizlə tanış olmaq üçün redaksiyamıza gəlmək lazımdır. Bəzən araşdırmaçılar istəyirlər ki, özlərinə lazım olan sayları götürüb aparsınlar. Amma buna icazə vermirik. Bildiririk ki, arxivimizdən ancaq redaksiya daxilində yararlanmaq olar. Lakin şəkillərin çəkilməsinə imkan yaradırıq”.
Qədim "Kaspi”nin nüsxələrinə gəlincə, müsahibimiz bəyan edib ki, bunun üçün də internetə çıxışları var: "Maraqlananlara təklif edirik ki, internet versiyamızla tanış olsunlar. Orada qədim "Kaspi”nin elektron versiyasının orijinalını da saxlayırıq. Kiməsə lazım olanda onu redaksiyamıza dəvət edib, o materialları elektron formada təqdim edirik. Demirəm hər gün, amma kifayət qədər müraciət edənlər olur”.
Baş redaktor nəzərə çatdırıb ki, qəzetdə hansısa mövzuya dair məqalə dərc olunubsa, bu, artıq həmin məsələ üçün mənbədir: "Həqiqət və ya doğrunu bilmək istəyən subyekt bir neçə mənbəni araşdırmalıdır. Demirəm ki, "Kaspi” qəzeti nə yazıbsa, hamısını fakt kimi qəbul etmək lazımdır. Subyektiv yanaşma ola bilər. Müsahiblərin subyektiv fikirləri dərc olunur. Araşdırmaçılar bir məsələni bir neçə mənbədən araşdırmalıdırlar. Sonda isə bütün materialları ümumiləşdirib, qərar verməlidirlər ki, bundan fakt kimi faydalanmaq olar, ya yox. Birmənalı şəkildə "nə yazmışıqsa, faktdır” desək bu, artıq düzgün yanaşma deyil. Qəzetçilik yaradıcı işdir. Ortada subyektiv meyillər də ola bilər. Dövrün tələbinə uyğun müəyyən xüsusi yanaşmalar da tirajlana bilər. Məsələni dəqiqləşdirmək üçün bir neçə mənbəyə müraciət etmək lazımdır”.
(Davamı var)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb