Tarix təkrarlanır

Qərbin Türkiyəyə təzyiqləri fonunda iki rəqib ölkə - Türkiyə və Rusiya ittifaqı reallaşmaq üzrədir
Putinin Ankaraya səfəri böyük geosiyasi proseslərdən xəbər verir



Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edib. Putinin səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşib. Məlumata əsasən, bir günlük səfər zamanı iki ölkə arasındakı hərtərəfli münasibətlər, o cümlədən Qüds məsələsi və Suriyadakı vəziyyət müzakirə edilib. Bununla yanaşı, digər regional və beynəlxalq məsələlər ətrafında da söhbət aparılıb.


Liderlərin görüşü ilə bağlı fikirlərini bölüşən siyasi analitik Məhəmməd Əsədullazadə deyib ki, Putin-Ərdoğan görüşü Yaxın Şərqdə, xüsusilə Suriya böhranında iki ölkənin bundan sonrakı fəaliyyəti və iki ölkə arasında siyasi-hərbi-texniki əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: "Artıq Ankara-Moskva siyasi ittifaqı qurulur. Bu ittifaq ABŞ başda olmaqla Qərbə qarşı formalaşır. Putinin Ankaraya səfəri böyük geosiyasi proseslərdən xəbər verir. Putin çalışacaq ki, Dəməşqlə Ankara arasında dialoqun baş tutmasını həll etsin və Əsədin hakimiyyətdə qalmasını Ankaradan qarantiyanı alsın. Türkiyə lideri Ərdoğan isə Suriya ilə bağlı Putinin təkliflərini qəbul edəcək. Ərdoğan Şimali Suriyadakı YPG və PYD-yə qarşı hərbi əməliyyatlarda dəstək istəyəcək. Hesab edirəm ki, tərəflər biri-birlərinin təkliflərini qəbul edəcəklər”.

Ekspertin sözlərinə görə, regionda böyük siyasi katakalizmlər yaşanır: 

"Demək olar ki, tarix təkrarlanır. Qərbin Türkiyəyə təzyiqləri fonunda iki rəqib ölkə - Türkiyə və Rusiya ittifaqı reallaşmaq üzrədir. Ankara-Moskva ikilisi Yaxın Şərq və digər sahələrdə əməkdaşlığı genişləndirib, bir sıra problemlərin həllinə nail olacaqlar. Amma Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya-Türkiyə danışıqlarının müsbət nəticə verəcəyinə inanmıram. Çünki Qarabağ münaqişəsi Rusiyanın inhisarındadır və Moskva münaqişənin real həllinə Türkiyəni yaxın buraxmır”.


İsmayıl