Tarixçi alim, tarix üzrə ekspert Kamran Əsədov özünün feysbuk səhifəsində maraqlı təkliflə çıxış edib. Qarabağ Dövlət Universitetinin açılmasını zəruri hesab edən ekspert dəstək verən olsa, bu universiteti qısa müddətdə dünya reytinqinə daxil edə biləcəyi ilə bağlı əminliyini bəyan edib.
Qarabağ Dövlət Universitetinin yaradılması zərurətinin haradan qaynaqlanması, bu fikirə necə düşməsi ilə bağlı ətraflı məlumat almaq üçün ekspertin özü ilə əlaqə saxladıq.
Üç ildən artıqdır bu ideya üzərində çalışdığını vurğulayan Kamran müəllim "Sherg.az”a açıqlamasında layihənin incəliklərinə qədər tam şəkildə işlənildiyini deyib:

"Baxmayaraq ki, bu gün ölkəmizdə 50-dən artıq universitet fəaliyyət göstərir, lakin onların beynəlxalq reytinq cədvəlində tutduqları mövqeləri heç də yaxşı deyil. Məhz bu səbəbdən də Azərbaycanda dünya miqyasında qəbul olunan bir Universitet yaradılmasına ehtiyac duydum”.
Qarabağ Dövlət Universiteti layihəsi çərçivəsində ilkin mərhələdə 4 min tələbə qəbulu nəzərdə tutulduğunu qeyd edən ekspert deyib ki, həmin tələbələrin cəmi min nəfərinin Azərbaycan, yerdə qalan 3 mininin isə xarici ölkə vətəndaşları olması nəzərdə tutulub:
"Bu layihənin ilkin hədəfi Azərbaycanın dünya reytinqində yüksək səviyyədə olacağı universitetinin yaradılması, ikincisi isə Azərbaycanın tarixi torpağı olan Qarabağın hüquqi sənədlə, onların qəbul edəcəyi yolla təbliğatıdır.
Bu gün Amerika, Avropa insanı siyasətçiləri dinləmir, onlarla maraqlanmır. Onlar istirahət edir, rahat həyat tərzi sürürlər. Biz təbliğatımızı məhz onların qəbul edəcəyi, anlayacağı formada həyata keçirmək lazımdır. Son 4 ildə Qarabağ futbol klubunun Avropa çempionatında iştirak etməsi Qarabağın təbliğatı baxımından heç də bizim diplomatik fəaliyyətdən az rol oynamayıb. Təklif etdiyim lahiyədə universitetin auditoriyalarının hər biri işğal olunmuş ərazilərin adı ilə adlandırılıb tam şəkildə o ərazinin abu havası yaradılacaq. Məsələn Şuşa auditoriyası elə dizayn olunacaq ki, ora daxil olan şəxs özünü tamamilə orda hiss edəcək. Eyni ilə digər rayonların adı ilə adlandırılan auditoriyalar. Bundan başqa Qarabağla bağlı tanınmış şəxslərin də adına auditoriyalarının təşkili layihədə öz əksini tapıb”.
Universitetin respublikanın hansı bölgəsində yaradılacağına gəldikdə isə K. Əsədov Qarabağ Dövlət Universitetinin yerləşdiyi ərazi kimi ilkin olaraq Azərbaycanın mərkəzi rayonlarının nəzərdə tutulduğunu deyib:
"Düzdür, daha çox bu Universitetin məhz Ağdam, Füzuli, Tərtər rayonlarında fəaliyyət göstərməsi düşünülür, lakin bu ərazilərə xaricdən tələbə cəlb etmək çətindir.
Universitetin qəbul aparılacaq ixtisasları daha çox yerli əmək bazarı üçün nəzərdə tutulmur. Bununla bərabər universitetin nəzdində kollec və peşə təhsili nəzərdə tutulur ki, burda da Qarabağ mətbəxi ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsi planlaşdırılır”.
Tarixçi alimin dediyinə görə, Universitetin yerli publika üçün ixtisasları daha çox hərbi hazırlıq, mülki müdafiə kimi ixtisaslar üzrə aparılması layihədə əks olunub:
"Tədris olunacaq fənlər arasında Qarabağ tarixi, Qarabağ mədəniyyəti kimi fənlər məcburi fənlər kimi təqdim olunub. Layihədə tam şəkildə hazırdır, yalnız iqtisadi və siyasi dəstək vermək lazımdır. Bu Azərbaycan üçün mükəmməl və mühüm əhəmiyyət kəsb edir”.
Şəymən