Tarixə baxış...
Şamaxıda niyə tez-tez zəlzələlər baş verir?
1902-ci ilin fevralında alimlər zəlzələ nəticəsində baş verən böyük dağıntıların və qurbanların iki səbəbini təyin etdilər. Birinci səbəb Şamaxının çox hissəsinin zəif qruntlar üzərində, yəni yumşaq, su ilə təmin edilmiş torpaqlarda yerləşməsi idi
Görkəmli yazıçı, uşaq hekayələrinin əvəzsiz ustası Süleyman Sani Axundovun «Qorxulu nağıllar» silsiləsindən «Qaraca qız»ı hansımız sevməmişik ki?! Xüsusilə də görkəmli rejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı «Qaraca qız» filmini sevməyən tapılmaz yəqin ki. Qaraca qız – Tutu uşaqların da, böyüklərin də ən sevimli qəhrəmanları sırasındadır.
Yadınızdadırsa, film zəlzələ səhnəsi ilə başlayır. Çöldə çadır qurmuş qaraçı dəstəsi yaxınlıqda zəlzələ baş verdiyi xəbərini alır və hər kəs ora köməyə tələsir. Dağılan evlər, uçqun altda qalmış insanlar, zəlzələnin nəfəs kəsən dəhşəti… və təpənin üstdə yalqız qalmış qızcığaz. Qaraçı qızı Yasəmən qızcığazı qucağına alır və qaraçı dəstəsinə gətirir… Bəli, bu, məhz Şamaxı zəlzələsi barədə öncə Süleyman Sani Axundovun qələminə, sonra da kino lentinə köçmüş acı xatirələridir.
Şamaxıda tarix boyu bir neçə dəfə dəhşətli zəlzələlər baş verib.
Tarixi mənbələrdə Şamaxıda ilk zəlzələnin 1667-ci ildə baş verdiyi göstərilir. Bəlkə ondan da əvvəl baş veribmiş, lakin bu barədə tarixi mənbələrə rast gəlinmir. O zaman zəlzələ 6.9 bal gücündə olub. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilir.
Sonra 1669-cu ildə 5.7 bal gücündə zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib. 1828-ci ildə 5.7 bal gücündə zəlzələ olub, ölən və yaralananlar haqda məlumat verilməyib.
1859-cu ildə 5.9 bal gücündə olan zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılıb və məhz bu dəhşətli hadisədən sonra Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb, quberniyanın özünün adı da yenilənərək Bakı quberniyası adlanıb. Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişib. Məhz bu zəlzələnin gücü o qədər böyük olub ki, həmin hadisədən sonra "Şamaxı batan kimi” ifadəsi yaranıb.
Bu zəlzələdən bir il sonra, 1860-cı ildə Şamaxıda tədqiqatlar aparan alman geoloqu və professoru German Abix Şamaxıda daha bir güclü və dağıdıcı zəlzələnin baş verə biləcəyi proqnozunu vermişdi. Buna baxmayaraq imperiya rəhbərliyi bu xəbərdarlıqları qulaqardına vuraraq Şamaxı şəhərində tikinti işlərini genişləndirərək burada əhalinin sayının artmasına şərait yaradırdı. 1902-ci il zəlzələsi baş verən ana qədər şəhərdə 22.000 sakin yaşayırdı.
1872-ci ildə yenə 5.7 bal gücündə zəlzələ baş verib və şəhərdə dağıntılara səbəb olub.
Şamaxı şəhəri və ətraf regionlar həmişə seysmoaktiv zona hesab olunub. Təkcə 1806-1902-ci illər ərzində şəhərdə 9 güclü zəlzələ baş verib ki, bunların ən güclüsü 1859-cu ildə baş vermiş Şamaxı zəlzələsi olub.
1902-ci il Şamaxı zəlzələsi də güclü olub - 6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.
Zəlzələ və sonrakı hadisələr
1902-ci il yanvar ayının 31-də gündüz saat 12 radələrində, baş vermiş sonuncu təbii fəlakət zamanı bu antik şəhər tamamilə dağılıb, maddi mədəniyyətimizin sonuncu ən unikal nümunələri də yerlə-yeksan olaraq torpağın dərin qatlarına gömülmüşdü.
Təsadüfi deyil ki, o zamanın bir sıra mətbuat nümunələri bu təbii fəlakəti "Qiyamət günü" ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc ediblər. Məlumatlara görə, 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub. Şəhərdə zəlzələ sonrası böyük panika yaşanıb, əhali qorxu içərisində qaçışmağa başlayıb. Zəlzələ nəticəsində şəhərdəki 5.000 evdən 4.000-ni tamamilə dağılmış, həmçinin Şamaxı qəzasında yerləşən 126 kənddə 3.000-dən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılmışdı. Zəlzələdən sonra hökumət rəsmiləri və Qırmızı Xaç Komitəsi əhaliyə yardım etmək üçün əraziyə gəlib. Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan "Niva" adlı dərginin 97-ci sayında rəsmən öz təsdiqini tapıb. Hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanmaqdadır.
Şamaxı zəlzələsinin, onun səbəblərinin və nəticələrin öyrənilməsi artıq 1902-ci ildə başlandı. Birinci hadisə yerinə Qafqaz dağlıq idarəsinin tapşırığı üzrə mədən mühəndisi Şahqulu Mirzə gəldi. Onun apardığı araşdırmaların nəticələrinə əsasən Şamaxı zəlzələsinə aid ilk yazılar 1902-ci ildə nəşr olundu, 1903-cü ildə zəlzələ haqqında yazılan kitab işıq üzü gördü.
Artıq 1902-ci ilin fevralında alimlər zəlzələ nəticəsində baş verən böyük dağıntıların və qurbanların iki səbəbini təyin etdilər. Birinci səbəb Şamaxının çox hissəsinin zəif qruntlar üzərində, yəni yumşaq, su ilə təmin edilmiş torpaqlarda yerləşməsi idi. İkinci səbəb şəhərdəki tikinti işlərinin pis aparılmasından ibarət idi. Əhali zəif gil məhlulundan hazırlanmış yerli daşdan evlər tikirdi, evlərin damı ağır və yastı olurdu. Onlar şəhərin digər hissəsində tikilmiş taxta evlərlə müqayisədə daha asan dağılırdılar.
Bu zəlzələ haqqında ən dəqiq məlumat, Şamaxı rayonunu zəlzələdən sonra gəzmiş olan geoloq V.Veberin rus dilində nəşr olunan "Şemaxinskoe zemletryasenie 31-qo yanvarya 1902 q." monoqrafiyasında verilib.
Qeyd edək ki, dövrün ziyalıları və xeyriyyəçiləri 20-ci əsrin əvvəlində Müsəlman Xeyriyyə Cəmiyyəti yaratmışdılar. Cəmiyyətin nəzdində "Fəlakət və hərbzədələrə yardım şöbəsi" də fəaliyyət göstərirdi. Dövrün bir sıra varlı şəxsləri, neft maqnatları – Hacı Zeynalabidin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov və başqaları, həmçinin ziyalılar, o cümlədən milli mətbuatımızın banisi Həsən bəy Zərdabi də cəmiyyətin üzvü idi. Həsən bəy Zərdabinin Şamaxı zəlzələsindən sonra şəhərə getdiyi və vəziyyəti öyrənmək üçün orada olan bir qrup şəxslə çəkdirdiyi foto dəyərli tarixi sənəddir.
1902-ci il Şamaxı zəlzələsi haqqında hətta o zaman ABŞ-ın «Nyu-York Tayms» qəzetində də məqalə verilibmiş. Məqalədə zəlzələ barədə məlumatın Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqdan alındığı qeyd edilir və tələfatlar barədə də məlumat verilirdi.
Məlahət Rzayeva