Tarixi hadisə baş tutdu

Bakı-2015 I Avropa Oyunlarının rəsmi açılış mərasimi möhtəşəm oldu
Dünən Azərbaycanın paytaxtı Bakı şəhərində tarixi hadisə gerçəkləşdi. 68 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda "Bakı-2015” - I Avropa Oyunlarının rəsmi açılış mərasimi reallaşıb.
Bakı vaxtı ilə saat 21.00-da mərasim muğam ustası Alim Qasımovun ifasında muğamla başlayıb.
50 nağaranın ritmik sədaları altında 24-dən 0-a qədər geriyə sayım başlayıb. Bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini göstərir.
Səhnə 1000-dək rəqqasənin Azərbaycanın məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəkləri ilə örtülüb.
Sonra tamaşaçılar Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikkini salamlayıblar.
Azərbaycanın Dövlət Himni səsləndirilib, Dövlət Bayrağı qaldırılıb. Daha sonra təxminən 5500 km məsafəni qət edən Avropa Oyunlarının məşəlini sonuncu məşəlçi - paralimpiyaçı İlham Zəkiyev stadiona gətirib.
Səhnəyə İlkin Aslanovun canlandırdığı dahi Nizami çıxıb, onun əlindəki tərəzinin hər gözündə bir gəlincik fiquru olub. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər - Leyli və Məcnundur. Leyli obrazını Patrisiya Zarnoviçian, Məcnun obrazını Markez Skot canlandırıblar.
Daha sonra I Avropa Oyunlarında iştirak edən 50 ölkəni təmsil edən 6 min idmançının paradı başlayıb.
Paradın önündə Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstan təmsilçisi gedib.
Azərbaycan istisna olmaqla, digər ölkələrin komandaları Yunanıstanın arxasında əlifba sırası ilə düzülüb. Paradı ev sahibi kimi Azərbaycan idmançıları başa vurub.
Açılış mərasimində paraddan sonra tanınmış müğənni Ledi Qaqa mahnı ifa edib. Piano arxasında əyləşərək, Ledi Qaqa "İmagine” (Xəyal Et) mahnısını ifa edib. Sözləri Con Lennonun klassik pop mahnısına aid olan bu musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyib.
Stadiona Avropa Olimpiya Komitəsinin bayrağını Avropanın müxtəlif ölkələrindən olan 8 tanınmış qadın və kişi gətirib. Bayraq Avropa Olimpiya Komitəsinin 50 üzvünü təmsil edir.
Mehriban Əliyeva: "Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə fəxr edirəm”
"Azərbaycana, Birinci Avropa Oyunlarına xoş gəlmisiniz. Oyunların açılış mərasimi ilə bağlı Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm”.
Bu sözləri "Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva oyunların rəsmi açılış mərasimində çıxışında deyib.
Mehriban Əliyeva bildirib ki, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlar nəticəsində bu gün Avropa Oyunlarının tarixində yeni səhifə yazılır: "Bu səhifəni biz, Azərbaycan xalqı yazır. Qoy Tanrı hər zaman Azərbaycanı qorusun. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir. Atəşgahda alovlanan ruh hər birimizi bir araya gətirir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə bu oyunların Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edirəm”.
M. Əliyeva Azərbaycanın zəngin mədəniyyətə, tarixə malik, tolerant bir ölkə olduğunu vurğulayıb: "2017-ci ildə biz İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyik. Azərbaycanın inkişafı bu cür tədbirin keçirilməsinə imkan yaratdı. Qısa dövrdə Avropa Olimpiya Oyunlarına hazırlaşdıq. Mən dəstək verən hər kəsə, beynəlxalq tərəfdaşlarımıza, könüllülərə təşəkkür edirəm. Burada 6 min Avropa idmançısı iştirak edir. Bu, sizin üçündür. Bakı 17 gün ərzində sizə ikinci ev kimi olacaq. Mən bu gün Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə fəxr edirəm. Gələn il Avropa Oyunlarının məşəli nə qədər uzaqda olsa da, o ruh Azərbaycanda olacaq”.
Avropa Oyunları Komitəsinin prezidenti: "Bu gün qitə oyunlarına çatışmayan beşinci həlqəni əlavə edirik”
"Bu, Avropa Oyunları tarixində ən fərəhləndirici məqamdır. Biz bu gün qitə oyunlarına çatışmayan beşinci həlqəni əlavə edirik”.
APA-nın məlumatına görə, bunu da "Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində çıxış edən Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikki söyləyib.
P. Hikki deyib ki, bütün bunlara görə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkür edir: "Siz qürur doğuran yoldasınız, sizinlə bu yolda addımlamaqdan şərəf duyuruq. İdmançılar üçün möhtəşəm səhnə hazırlandı. İdmançıların bir çoxu növbəti Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaq. Sizi adınızı Avropanın şanlı idman tarixinə yazmağa çağırıram”.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev "Bakı-2015” I Avropa Oyunlarını rəsmi şəkildə açıq elan edib.
İyunun 28-də başa çatacaq Birinci Avropa Oyunlarında Avropanın 50 ölkəsinin 6 min idmançısı 20 idman növü üzrə 253 medal uğrunda yarışacaq.
17 gün davam edəcək I Avropa Oyunlarında medal qazanan idmançılar həm də 12 idman növü üzrə "Rio-2016” Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər. Azərbaycan Birinci Avropa Oyunlarına 291 idmançı ilə qatılır, 20 növün hər birində yığmamız mübarizə aparacaq.
Nəhayyət "Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimi başa çatıb.
Muğam ifaçısı Alim Qasımovun ifası altında "Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimində səhnəyə Azərbaycanda yazın gəlişini simvolizə edən Novruzu, "küləklər şəhəri” Bakını, Yanardağı, Qobustan heroqliflərini təcəssüm etdirən qadın (Nərgiz Nəsirzadə) və kişi (Aydəmir Aydəmirov) çıxıblar.
Onların hekayəti bəşəriyyətin birliyə və anlaşmaya ehtiyacı olduğunu tərənnüm edib.
Qobustan qayaüstü abidəsini canlandıran səhnə nümayiş etdirilib və kişi qayadakı daşların birinin üzərində səhnəyə çıxıb. Daha sonra səhnədə alovlu dairə nümayiş olunub. Alov söndükdən sonra kişi və qadın böyük Avropa Oyunları məşəlini alovlandırıblar. Ardınca təntənəli atəşfəşanlıq olub.
Sonda axşamın 2000 ifaçısı səhnəyə toplaşaraq mərasimi sevinclə təntənəli şəkildə başa çatdırıblar. Onlar əl-ələ verərək Azərbaycanın milli rəqsi "Yallı”nı oynayıblar.
Qeyd edək ki, rəsmi açılış mərasimində qonaq qismində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Serbiya prezidenti Tomislav Nikoliç, Monteneqro prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, Belarus prezidenti Aleksandr Lukaşenko, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan prezidenti Emoməli Rəhmon, Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri, Monako Knyazlığının şahzadəsi II Albert, San-Marinonun dövlət başçıları - Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini, Bolqarıstanın baş naziri Boyko Borisov, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Qırğızıstanın baş nazirinin birinci müavini Tayrıbek Sarpaşov, Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek, Slovakiya Parlamentinin sədri Peter Pelleqrini, Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf, Latviya Parlamenti sədrinin müavini Andrey Klementiyev, Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron, Ukrayna Dövlət Fiskal Xidmətinin sədri, Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun başçısı Roman Nasirov, Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah bin Mosaad, Küveytin informasiya və gənclər naziri Şeyx Salman Əl-Hamoud Əl Sabah, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi, İran İslam Respublikasının idman və gənclər naziri Mahmud Qudərzi, Türkiyənin energetika naziri Taner Yıldız, Böyük Britaniyanın xarici işlər nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud, Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De Toca, İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Latviyanın sabiq Prezidenti Valdes Zatlers və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.