“İndi bunu edirlər, düşünürlər ki, heç bir ziyanı olmadı. Ancaq onun ziyanı illər keçdikcə özünü göstərəcək”
Tatu etdirmək ilk növbədə sinirləri zədələyir
“Gənclər təəssüf ki, sağlamlıqlarının qədrini bilmir”
“İndi bunu edirlər, düşünürlər ki, heç bir ziyanı olmadı. Ancaq onun ziyanı illər keçdikcə özünü göstərəcək”
“İndi bunu edirlər, düşünürlər ki, heç bir ziyanı olmadı. Ancaq onun ziyanı illər keçdikcə özünü göstərəcək”
Bədənin müxtəlif nahiyələrinə şəkil döydürmək - tatuaj son illərin qaçılmaz dəbi halına gəlib. Bir çox məşhurlar bədənlərinin müxtəlif yerlərinə rəngarəng şəkillər, nəyisə təmsil edən rəmzlər, gah da ad və soyad, bəzən də imza döydürürlər. Tatuaj o qədər yayğınlaşıb ki, hətta karyeradan uzaq, idmanla, podiumla, şou-aləmlə heç bir əlaqəsi olmayanlar da tatuaja meyillənir.
Halbuki, tatuajın orqanizmə bir çox mənfi təsirləri vardır və həyat üçün, sağlamlıq üçün hədsiz zərərlidir.
Bu günlərdə sosial şəbəkədə tatu çəkilən zaman sinəsi partlayan asiyalı bir qızın videosu yayılıb.
İKT.lent.az-ın məlumatına görə, videoçarx bir sıra qərb KİV-lərində dərc olunub. Videomaterialda görünür ki, asiyalı bir qız tatu ustasının xidmətlərindən istifadə edir. Qızın ayaqlarında digər böyük tatular görünür. Ancaq bu dəfə o, tatunu çiyin hissəsinə vurdurur.
Tatu çəkdirən zaman tatu ustası onun sinəsinə toxunub və bundan sonra hava şarının partlamasının səsinə bənzəyən səs eşidilib.
Qərb KİV-ləri məlumat verir ki, videoçarxın qəhrəmanı tatu salonunun sahibidir. Bədəninə yeni rəsm döydürmək istəyən qız, zarafat olaraq öz sinəsini hava şarlarının köməyi ilə "böyütmək” qərarına gəlib.
Bəlkə də bu, sadəcə bir zarafatdır. Başlarına gələn qəribə, məzəli halları videoya çəkib sosial şəbəkələrə ötürənlərin sayı nə qədər desən var. "Qurama partlayış”ın məhz tatu edilən zaman baş verməsi, ümumiyyətlə, tatuajın insan orqanizminə zərəri məsələsini qabartdı.
Məsələyə münasibət bildirən tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında tatuajın orqanizmdə bir çox ağır fəsadlar törədə biləcəyini dedi:
- Tatu sənəti qədim zamanlarda da olub. Amma qədim dövrlərdə tatu təbii boyalarla edilirdi. Buna görə də orqanizmə, sağlamlığa zərəri minimum həddə olurdu. Müasir dövrümüzdə isə tatuaj üçün kimyəvi maddələrdən istifadə edilir. Bu kimyəvi tərkibli boyalar da birbaşa orqanizmə zərərdir. Son illər dünyada geni dəyişdirilmiş meyvə-tərəvəzlərə, kimyəvi qatqılı qida məhsullarına qarşı kampaniya başlanıb. Dünya artıq qəbul edir ki, kimyəvi qatqılı qidalar, genetik modifikasiya olunmuş meyvə-tərəvəzlər orqanizmi məhvə aparır. Görün nə vəziyyətdir müasir insan bunları bildiyi halda, şüurlu şəkildə - əslində şüur ifadəsi yerinə də düşmür, bir insan etdiyi hansısa hərəkətin sağlamlığına ziyan vuracağını bilirsə və buna baxmayaraq səhvini təkrarlamaqda davam edirsə, onun şüurlu olub-olmaması artıq sual altına düşür - bilə-bilə bədəninə zərərli maddələri döydürür. Hətta mütəxəssislər adi saç boyalarının da orqanizmə toksiki təsir etdiyini, bunun da nəticə etibarilə qara ciyəri zədələdiyini bildirirlər. Belə olduğu halda, insan necə bilə-bilə özünü xəstəliklərin içinə atır?! Tatu etdirmək birinci növbədə dərinin tamlığını, strukturunu pozur, dərini və eyni zamanda sinirləri zədələyir. Sinir zədələnməsi çox ağır və geriyə dönüşü olmayan xəstəlikdir. Sinir toxunulmazdır, onu qətiyyən zədələmək olmaz. Çünki bu, bərpa olunmayan prosesdir. Daha sonra, tük diblərinin infeksion xəstəlikləri, tük kisəciklərinin iltihabı, hepatit yoluxması ola bilər. Dəridə, bədəndə müxtəlif şişlərin əmələ gəlməsinə, hətta dəri xərçənginə səbəb olur. Sovet dönəmində oğlanlar əsgərlikdə bəzən qollarına, əllərinin üzərinə müxtəlif yazılar, adlar döydürürdülər. Əsgərlikdən qayıtdıqda, o yazıları pozmaq istəyənlər də olurdu, ancaq bu, çox ağrılı bir prosesə dönürdü. Bəzən yazılar pozulmurdu, dəri zədələnirdi və fəsadlar ortaya çıxırdı. İndi təsəvvür edin ki, o illərdə ancaq bir rəngdə tatu edilirdi, müasir zamanımızda isə rəngarəng tatular döydürürlər. Boya varsa, deməli, kimyəvi qatqı var. Bunun da zərərlərini dedik. Onu da deyim ki, bəzən tatular çox eybəcər, könül
bulandıran olur. Estetik görünüşü də olmur, xoş təsir bağışlamır, əksinə, ikrah hissi oyadır. Gənclər təəssüf ki, sağlamlıqlarının qədrini bilmir. İndi bunu edirlər, düşünürlər ki, heç bir ziyanı olmadı. Ancaq onun ziyanı illər keçdikcə özünü göstərəcək. İnsan hansısa bir xəstəliyə düçar olduqda, yaxud infeksiyaya yoluxduqda fikirləşir ki, "görəsən, niyə belə oldu”. Amma keçmişə boylanıb, həyat tərzini gözdən keçirmir, hansı səhvlərə yol verdiyini düşünmür. Tatu etdirənlər, dodaqaltına gel vurduranlar, müxtəlif dəri dartmaları, göz kənarlarının korreksiyası və s. bu kimi estetik əməliyyatlar etdirənlər illər sonra bunun ağır fəsadlarını görəcəklər. Göz qapaqları sallanacaq, dodaqlar sallanacaq, ağız kənarları büzüşəcək və s. Bir çox ağır fəsadlar ortaya çıxacaq. Zədələnmiş dərini, zədələnmiş sinirləri bərpa etmək isə çox çətindir və hətta mümkünsüzdür. Bilirsiz, tatu etdirmək də insanın intellektual səviyyəsindən xəbər verir. Kimin hansı tatunu döydürməsi o insanın intellektual səviyyəsinin göstəricisidir.
Ş.Namazova tatu üçün kosmetoloqlara müraciət edənlərə də ehtiyatlı olmağı məsləhət gördü:
- Kosmetoloq adı altında çalışanların əksəriyyətinin tibbi savadı yoxdur. Onlar orqanizmin anatomik quruluşunu, dərinin strukturunu bilmirlər. Hardansa nəsə öyrənirlər, salon açıb xidmət göstərməyə başlayırlar. Orqanizmə zərər vurulması da belə baş verir. Hələ mən müxtəlif infeksiyaların bədənə düşməsindən danışmıram. Kimyəvi maddələr çox təhlükəlidir. Onlar dəridən qram-qram sorulur. İllər keçməlidir ki, dəriyə yeridilmiş kimyəvi boya və ya maddələr orqanizmdən sorulsun. Bu illər ərzində də kimyəvi maddələr, kimyəvi qatqılar öz işini görür və orqanizmi zədələyib ən müxtəlif ağır xəstəliklərin yaranmasına səbəb olur.
Məlahət Rzayeva