«Ona görə də ölkəmiz barədə məlumatların mobil internet versiyası yaradılmalıdır»
«Uzun illərdir Respublikamızda siyasi və iqtisadi sabitliyin hökm sürməsi, ölkə iqtisadiyyatının yüksələn templə inkişafı, dövlət rəhbərliyinin turizmin inkişafına diqqət və qayğı göstərməsi, türizm mərkəzlərinin, otel və hotellərin yaradılması və onların fəaliyyətlərinin təkmilləşdirilməsi, yerli və xarici turistlər üçün əlverişli şəraitin yaradılması və sair Azərbaycana gələn turistlərin sayını ilbəlil artırmaqdadır. Ancaq bununla belə əksər əcnəbilər ölkəmizlə bağlı yetərli məlumata malik deyillər. Hətta xarici ölkə vətəndaşlarının əksəriyyəti ölkəmiz barədə elementar, adi məlumatları belə bilmirlər. Söhbət isə sıravi vətəndaşlardan gedir».
Bu barədə «Sherg.az»a açıqlamasında Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı bildirib. Onun sözlərinə görə, bir neçə gündür «Facebook» sosial şəbəkəsində xarici ölkələrdən olan dostları arasında respublikamıza həsr olunmuş bir sorğu keçirir. Amma nəticələr mənzərənin ürəkaçan olmadığını göstərir: "
«2010-cu ildən «Facebook» sosial şəbəkəsinin istifadəçisiyəm. Burada olan dostlarımın böyük əksəriyyəti əcnəbilərdir. Demək olar ki, dünyanın əksər dövlətlərindən, məsələn, Hindistan, Banqladeş, Filippin, İndoneziya, Komboca, Tailand, Amerika, Pakistan, Avstriya, Avstraliya, Yaponiya, Qana, Keniya, Nigeriya, Zambiya, Serbiya, Bosniya, Xorvatiya, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam və digər xarici ölkələrdən dostlarım var. Onların əksəriyyəti ilə mütəmadi ünsiyyətdə olur, hərdən mobil rabtə vasitəsilə əlaqə saxlayır, bəzən də «Skype»də və ya «Facebook»dakı «videocall» vasitəsilə danışırıq. Əcnəbilər arasında keçirdiyim sorğum üç 3 sualdan ibarətdir. «Azərbaycan Respublikası haqqında nələri bilirsiniz?» birinci, «Ölkəmizə gəlmək istəyərdinizmi?» ikincisi, «Respublikamıza nə üçün gəlmək istəyirsiniz?» isə əcnəbilərə ünvanlanmış üçüncü sualımdır. 5 gündür 100-dən artıq əcnəbiyə ünvanladığım suallara yalnız 9 nəfər cavab verib. Onlardan 3-ü Serbiya, 2-si Qana, 1-i Fillipin, 1-i Kamboca, 1-i Tailand, sonuncusu isə Banqladeş vətəndaşıdır. Bir neçə xarici vətəndaş sualları cavablandırmaq üçün məndən bir neçə günlük möhlət istəyiblər. Amma əcnəbilərin böyük əksəriyyəti Azərbaycan haqqında hər hansı bir məlumata malik olmadıqlarını etiraf ediblər. Hətta xaricilərdən bəziləri Azərbaycanın hansı ölkə olduğunu və harada yerləşdiyini belə bilmir və bəziləri isə ölkəmizi Rusiya və Türkiyə ilə dəyişik salırlar. Düzdür, onlara «google.com»da «Search» («Axtarış») vasitəsilə ölkəmiz barədə məlumatla tanış ola biləcəklərini demişəm. Amma xarici dostlarım bildiriblər ki, onlar imkanlı və varlı şəxslər olmadıqları üçün bahalı telefonlardan istifadə edə bilmirlər. Satın aldıqları ucuz telefonlarla əksər internet portallarına daxil olmaq imkanları çox məhduddur. Bəzi əcnəbilər isə deyirlər ki, Azərbaycanla bağlı internetdə yerləşdirilmiş mətnlərin və şəkillərin həcmi çox böyükdür. Həmin faylları açmaq, yazıları oxumaq və şəkillərə baxmaq çox müşkül məsələdir».
Təbriz Vəfalı sözügedən problemin həlli üçün iki təklif irəli sürür. Baş redaktorun birinci təklifinə görə, xarici ölkələrdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzləri, Azərbaycan Mədəniyyət Evləri və diaspora qurumları, eləcə də respublikamızla əməkdaşlıq edən xarici təşkilatlar yerli vətəndaşlar arasında ölkəmizlə bağlı sorğu keçirsinlər:
«2003-cü ildən üzübəri sorğu keçirdiyim üçün bəzi sorğuların böyük rezonans doğurmasının və ictimai rəy yaratmasının şahidi olmuşam. Ona görə də düşünürəm ki, xarici ölkələrdə keçiriləcək sorğular mütləq əcnəbilərin Azərbaycanla bağlı müəyyən məlumatları öyrənmələrində böyük rol oynayacaq. İkinci təklifim isə budur ki, Azərbaycanla bağlı məlumatların sadə mobil internet versiyası yaradılsın. Əgər bu təklifim də reallaşsa, əcnəbilər istənilən mobil telefonda belə ölkəmiz barədə bəzi məlumatları oxuya, həqiqətləri öyrənə bilərlər. Bu təklifin reallaşması həmçinin respublikamıza turist axınını da sürətləndirə bilər. Bütün bunlar isə həm Azərbaycanın informasiya müharibəsində daha böyük uğurlar əldə etməsinə, həm ölkəmizdə turizmin və digər sahələrin inkişafına, həm də daxilolmaların həcminin artması nəticəsində dövlət büdcəsinin zənginləşməsinə gətirib çıxara bilər».
Ayyət Əhməd