Təbrizə sarı...

İran dünya bazarına yük daşımaq üçün və yaxud dünyadan mal qəbul etmək üçün ən böyük limana - Bandar Abbas limanına sahibdir





"İran Bakı-Tbilisi-Qars dəmir yolunun Təbriz şəhərinə qədər uzadılmasını təklif edib”. Bu barədə İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi deyib. Nazir bildirib ki, bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə müzakirə aparılıb və memorandum imzalanıb:

"Çox böyük layihədir və üzərində iş gedir. Layihə reallaşarsa, dairəvi dəmir yolu yaranacaq. İran və Türkiyə layihə üzrə razılıq ifadə edib”. Axundi İran və Azərbaycan arasında infrastruktur sahəsində əməkdaşlığın çox yaxşı davam etdiyini də söyləyib

"Astara-Astara dəmir yolunun tikintisi davam edir. Azərbaycan tərəfi ilə Astaradan Rəştə qədər olan dəmir yolunun tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar apardıq. Bununla bağlı memorandum imzaladıq. Layihə ilə bağlı müqavilənin imzalanması da nəzərdə tutulur. Bundan sonra Azərbaycan layihənin inkişaf etdirilməsində iştirak edəcək”. 

Qonşu dövlətin BTQ-yə qoşulmaq istəməsini "Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, İranın Bakı-Tbilisi-Qars layihəsinə maraq göstərməsi həmin layihə üzrə yükdaşımaların artmasında pozitiv rol oynaya bilər. Ekspertin sözlərinə görə, yükdaşımaların həcmi artdıqca, layihənin rentabelliyi və gəlirliyi də artacaq: 

"Sadəcə nəzərə almaq lazımdır ki, İran kifayət qədər böyük liman infrastrukturuna malikdir. İran dünya bazarına yük daşımaq üçün və yaxud dünyadan mal qəbul etmək üçün ən böyük limana - Bandar Abbas limanına sahibdir. Cənub qonşumuz fars körfəzi vasitəsi ilə bütün dünyaya mal göndərə, yaxud qəbul edə bilər. Gəmilərlə yükdaşımalar qatarlardan daha ucuz başa gəlir. İran hələlik limanlardan istifadə etməyi daha üstün tutur. Amma region ölkələri, xüsusən, İranla Qazaxıstan və Gürcüstan arasındakı yükdaşımaları həyata keçirmək üçün BTQ marşrutundan istifadə oluna bilər. Bu, layihənin həm rentabelliyini, həm də gəlirliliyini artırar.

Əgər layihənin İranın təklif etdiyi kimi Təbrizə qədər uzanması reallaşarsa, bu, yükdaşımaların artması, tarixi köklərimizin və istisadi-mədəni əlaqələrimizin bərpası baxımından kifayət qədər ciddi perspektivə malik olar. Lakin layihənin maliyyə mənbələrinin tapılması, hansı zamanda həyata keçirilməsi hələlik bəlli deyil. Fikrimcə, həm İran, həm də Türkiyə tərəfi Azərbaycanı investor kimi dəvət edəcək. O zaman Azərbaycan dəyərləndirmə aparmalıdır. Yəni öyrənməlidir ki, çəkilən xərclərin müqabilində yük dövriyyəsinin artması yolun rentabelliyinə nə qədər təsir göstərəcək”.

İsmayıl