Təcavüz olunan qadınlar aqressivləşir

Təsəvvür edin ki, ana zorlanan qızına inanmırsa, cəmiyyət onun haqqında nələr düşünməz ki?!
Elə qızlar var ki, bəhanələrlə ailə qurmaqdan imtina edir


Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, Sabunçu qəsəbə sakini, 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Ehsanə Cəfərovanı boğaraq qətlə yetirib. Qətlə ilkin səbəb kimi qızın təcavüzə məruz qalması göstərilib. 14 yaşlı qız, anasına bu etirafı edərək, ondan kömək istəyib. 35 yaşlı ananın isə köməyi qızını şərflə boğaraq, öldürməkdən ibarət olub.

Mahiyyət etibarı ilə kifayət qədər dəhşətli olan bu hadisə ölkədə bir o qədər də təəccüb doğurmadı. Niyə?! Qətlin səbəbinə görə. Namus qatilləri bizim cəmiyyətdə "hörmət”, "izzət” sahibi olur. Əksinə, təcavüzə məruz qalan o qıza anası dəstək olsa, var-gücünü cinayətkarın cəzalandırılmasına həsr eləsə, bax bu bizim üçün əsl sürpriz olardı. Axı biz təcavüzə məruz qalan qadınların ataları, qardaşları tərəfindən qətlə yetirilməsinin çox şahidi olmuşuq. Ən yaxşı halda zorlanan qızlar başına gətirilən faciəni gizlədərək içdən-içə özünü "yeyir”.

Yəni, zorlanmış, travma almış, fiziki və mənəvi əzablar çəkən qızların, qadınların susması, məruz qaldığı vəhşiliyi gizləməsi, susmağı ilə cinayətkarı qoruması üçün hər şeyi edir ictimai rəy. Azərbaycanda zorlama yeganə cinayət növüdür ki, cəzalanan qurbanlar cəzalanan cinayətkarlardan daha çox olur. Buna görə də zorlamalar artır. Cəzasızlıq, qınağa daha çox qurbanın məruz qalacağına inamdır bu cinayətlərin sayını artıran.

Amma xarici ölkələrdə bəxti gətirməyən xanımlar heç də həmişə bədbəxt olmurlar. Qərb ölkələrində istər cinsi, istər fiziki, istərsə də məişət zorakılığı ilə üzləşən şəxslər üçün xüsusi reabilitasiya mərkəzləri fəaliyyət göstərir.

İsveçdə dövlət xəstəxanası yanında açılan xüsusi mərkəz cinsi istismara məruz qalan qadınlar və qızlara mənəvi yardım təklif edir. Bu mərkəz ildə 600-700 qadına psixoloji dəstək olur. Almaniyada isə zorakılıq hadisələri nadir hallarda baş verdiyi üçün, iqtisadi əməkdaşlıq və inkişaf nazirliyi ölkədə xaricdə zorlanmış qadınlar üçün bərpa mərkəzi açmağa qərar verib.

Bizdə isə insanlar "belə” qızlara barmaqarası, əxlaqsız kimi baxırlar. Onlar isə özlərinə qapılırlar, çox nadir hallarda bu faciəni yaşamış qadın normal həyat qura bilir.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, ictimai rəydə təcavüzə məruz qalan qadın birmənalı günahkardır: "Cəmiyyət hesab edir ki, qadının zorlanmasına səbəb onun davranışlarında yol verdiyi nöqsanlardır. Hətta atalarımız da hesab edir ki: "Düyə göz eləməsə, buğa sıçramaz”. Məhz bu kimi səbəblərdən cinsi zorakılığa məruz qalan qadınların bir çoxu qorxu və təşviş içində yaşayır. Onlar həyatdan küsmüş halda ömürlərini davam edirlər. Ən əsası və təhlükəlisi isə onlar bu haqda kiməsə danışmağa belə özlərində güc tapmırlar. Əgər hansısa ailədə ata hegemon varlıq olaraq qəbul edilirsə, o zaman vəziyyət daha ciddi olur. Ailənin bütün yükünü, uşaqların tərbiyəsini bütünlüklə ananın üstünə atan kişilər qızlarının başına belə bir hadisə gələndə sadəcə onu yox, həyat yoldaşını da gözdən çıxarır. Ata hesab edir ki, ana qızına düzgün tərbiyə verməyib, vaxtlı-vaxtında nəzarət etməyib.

Belə ailələrdə zorakılığa məruz qalan qızla yanaşı, ana da "namus cinayəti”nə qurban gedir. Hətta belə anlarda analar öz canını xilas etmək üçün qızlarını ələ verirlər. Bu isə artıq özünümüdafiə instinktidir. Hesab edirəm ki, konkret hadisədə də ana özünü təmizə çıxarmaq, onun üçün əxlaq normalarının hər şeydən üstün olduğunu sübut etmək üçün qızını qətlə yetirib”. M.Zeynalovanın sözlərinə görə, təcavüz qurbanı olan qızların bu barədə susmasının da əsas səbəbi elə budur: "Mənim bir tanışım var. Hazırda qadının 60-a yaxın yaşı var. Ali təhsilli xanım idi, müəllim işləyirdi. Gənc vaxtlarında işə gedərkən avtobusda təcavüzə uğramışdı. İnandırım sizi ki, həmin xanım ömrü boyunca bu hadisəni anasından, ailəsindən gizlətdi. Başına gələnlərin üstü açılmasın deyə, müxtəlif bəhanələrlə ailə qurmaqdan imtina elədi. Eləsi də var ki, ailəsi sahib çıxmır deyə pis yola düşür. Cinsi istismarla üzləşən yeniyetmə qızlar hətta polisə müraciət etməkdən də qorxurlar. Onların fikrincə, təcavüz edən şəxsə heç bir cəza verilməyəcək. Belə qadınlara nəinki fiziki, həm də mənəvi zərər vurulub. Onların həyatı zindana dönüb. Hüquq-mühafizə əməkdaşlarının əksəriyyəti kişilərdi deyə, onlar da bəzi hallarda qadınlara inanmır, onları günahlandırırlar ki, qadın meyilli olmasa, heç kəs onu zorlamaz. Təsəvvür edin ki, ana zorlanan qızına inanmırsa, cəmiyyət onun haqqında nələr düşünməz ki?! Qurban olmasına rəğmən qadının günah keçisi elan olunması isə son nəticədə cinayətkarların cəzasız qalmasına gətirib çıxarır”.

Birlik sədrinin sözlərinə görə, təcavüzə məruz qalan qadınlara adlarının gizli saxlanılacağına dair bir təminat verilsə, bəlkə də bu istiqamətdə hansısa irəliləyişlərə nail olmaq olar: "Hər nə qədər gizlətsələr də, ört-basdır etsələr də, Azərbaycanda təcavüz qurbanı olan qadınlar kifayət qədərdir. Bizim sığınacağa müraciət edən qadınlar var ki, əksəriyyəti yeniyetmə, gənc yaşlarında zorlandıqlarını, lakin ölməmək, "ləkəli” adını almamaq üçün zamanında susduqlarını deyir. Bu günün özündə təcavüzə uğradıqdan sonra əməliyyatla bakirəliyini bərpa etdirib, həyatına davam edən o qədər qadınlar var ki! Amma hamı bu qədər cəsarətli ola bilmir. Bəzi hallarda təcavüz şəxsiyyətin aşınmasına səbəb olur. Qadın yalana öyrəşir, ətrafındakı insanlara qarşı aqressiv olur. Bütün bunların qarşısını almaq üçün də cinayətkarın cəzalanması mexanizmi özünü doğrultmalıdır. Biz təcavüzə məruz qalan qadını yox, onun başına bu oyun açan "kişi”ləri ictimailəşdirməliyik”.

Şəymən