Tədqiqat işlərində erməni mənbələrindən istifadə etmək olarmı? - İZAH

Firdovsiyyə Əhmədova:"Azərbaycanın maraqları saxtalaşdırılır, zərbə altına alınırsa, tələbə də tədqiqatında bunu dəstəkləyirsə, o iş müəllim və ya müdafiə komissiyası tərəfindən narazılıqla qarşılana bilər"


"Müxtəlif mənbələrə müraciət etmək və mövcud tarixşünaslıqdan istifadə etmək tədqiqatçının hüququdur”.

Bunu Sherg.az-a tələbələrin tədqiqat işlərində, elmi araşdırmalarda bəzən erməni mənbələrindən istifadə edilməsinə münasibət bildirərkən tarix elmləri üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova deyib. 

O bildirib ki, bir tələbənin və tədqiqatçının buraxılış işində, tədqiqatında istifadə etdiyi mənbələrdə heç bir milli barier yoxdur:

"Amma təbii ki, müəllifin özünün yanaşma tərzi, yazılanlara münasibəti olmalıdır. Bir məzunun buraxılış işindən söhbət gedirsə, universitet məzunu müvafiq olaraq ədəbiyyatlardan istifadə edir. Belə olan halda birbaşa mövzuya aid olan əsərdirsə, ədəbiyyat müəlliflərinin milliyyəti rol oynamır.

Buna baxmayaraq həmin əsərdə verilən yanaşma obyektiv və ya subyektiv ola bilər. Tədqiqatçı öz mövqeyini ortaya qoymalıdır.

Konkret situasiyada ola bilər ki, Azərbaycanın maraqlarına cavab verməyən qərəzli erməni müəllifinin fikirlərindən istifadə olunsun. Tələbənin həmin müəllifi dəstəkləməsi birmənalı qarşılana bilməz. Azərbaycanın maraqları saxtalaşdırılır, zərbə altına alınırsa, tələbə də tədqiqatında bunu dəstəkləyirsə, həmin iş müəllim və ya müdafiə komissiyası tərəfindən narazılıqla qarşılana bilər. Amma sırf həmin ədəbiyyata müraciət edib, yaxud onunla tanış olub, ondan istifadə edibsə, tələbəni qınamaq düzgün deyil”.

Aysel Aslan