Təfəkkür Universiteti niyə bağlandı? - İZAH





"Təfəkkür Universitetinin bağlanma səbəblərindən biri oranı bitirənlərin işlə təmin edilməməsi ola bilər”.

Bunu Sherg.az-a Təfəkkür Universitetinin bağlanması səbəblərinə aydınlıq gətirərkən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. 

Onun sözlərinə görə, universitetdə neçə illərdir yüksək ixtisaslı kadrlar çalışır, onun rəhbərliyi də savadlı şəxslərdən təşkil edilib. Buna görə tədris səviyyəsi aşağı deyil:

"Çox zaman universitetlərin bağlanmalarının altında başqa səbəb axtarırlar, lakin Təfəkkür Universitetində hər hansı qanunsuz halın olacağına inanmıram. Nə saxta diplom, nə də rüşvət kimi mənfi halların baş verməsi real deyil. Səbəb bu ola bilər ki, universitetin məzunları işlə təmin olunmayacaqlarsa, onda abituriyentlər niyə o universiteti seçməlidir. Ona görə də, bu il Təfəkkür Universitetinə qəbul azaldı”.

Ə. Ağayevin fikrincə, başqa hal da ola bilər ki, universitet kollektivi özü işinə xitam vurmaq niyyətindədir:

"Bildiyimiz kimi, indi ali təhsil ocaqlarının birləşdirilməsi, mərkəzlər yaradılması və ya bəzilərinin regionlara köçürülməsi ideyaları aktualdır. Lakin mən özüm də Təfəkkür Universitetində bir neçə dəfə yüksək səviyyəli konfranslarda iştirak etmişəm və onun fəaliyyətində hər hansı qüsur olacağını təsəvvür etmirəm”.

Qeyd edək ki, Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Bu barədə Təhsil Nazirliyi rəsmi açıqlama yayıb.

Aysel Aslan