Təhlükəli sevinc: Əyləncə mərkəzlərində açılmış tirlərə nəzarət varmı?
Məktəblilərin daha çox getdiyi bu yerlərdə təhlükəsizlik qaydalarına əməl olunmur
Bakıdakı əyləncə mərkəzlərindən birində bədbəxt hadisə baş verib. Paytaxtın Nizami rayonu, B.Nuriyev küçəsi 2 ünvanında yerləşən "Akvarium” əyləncə mərkəzində orta məktəb şagirdi xəsarət alıb.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Hüseyn Mübariz oğlu Baxşəliyevin əlində olan tir tüfəngindən açılan atəş nəticəsində 13 yaşlı Aysel Nicat qızı Allahverdiyeva boğaz nahiyəsindən xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Polisdən həmçinin bildirilib ki, H Baxşəliyev və A.Allahverdiyeva 76 saylı orta məktəbin şagirdləridir. Onlar 6-cı sinifdə oxuyurlar.
Verilən məlumatdan belə görünür ki, orta məktəb şagirdləri əyləncə mərkəzinə istirahətə gediblər. Bəlkə də şagirdlər tədris ilinin başa çatması münasibətilə əylənmək istəyiblər. Amma baş vermiş hadisə uşaqların sevincini yarımçıq qoyub.
Ümumiyyətlə, son illər istirahət və əyləncə mərkəzlərində, atraksionlarda müxtəlif bədbəxt hadisələr tez-tez baş verir. Bu da həm təhlükəsizlik qaydalarına riayət edilməməsi, həm də valideyn məsuliyyəti, uşaqların nəzarətsiz qalmasıyla bağlıdır.
"Akvarium” əyləncə mərkəzində baş vermiş faciəli hadisə isə tirlərin nə dərəcədə düzgün fəaliyyət göstərməsi problemini önə çıxarır. Paytaxtın müxtəlif ərazilərində, parklarda açılmış tirlərə nəzarət varmı?
Araşdırmalarımız nəticəsində məlum oldu ki, tirlərin fəaliyyətinə lisenziyanı Daxili İşlər Nazirliyi təqdim edir. Bununla bağlı Nazirlər Kabinetinin "Tir atıcılığının təşkili üçün xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında” 1998-ci il qərarı qüvvədədir. Qərarda tirlərin fəaliyyətinə hansı hallarda razılıq veriləcəyi, hansı hallarda razılığın ləğv edilə biləcəyinə dair hər bir detal qeyd olunur.
Qərarın maddələrində xüsusi qeyd edilir ki, tirlərdə vətəndaşların təhlükəsizliyi təmin olunmalıdır, tirlərdə odlu silah və döyüş sursatları yalnız bunun üçün xüsusi ayrılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq təlimatının tələblərinə cavab verən ayrıca otaqlarda saxlanılmalıdır. Silahın təhlükəsiz saxlanılmasına və yalnız məqsədəuyğun surətdə istifadə edilməsinə təyin olunacaq məsul şəxs və təşkilat rəhbərliyi məsuliyyət daşıyır, tirlərə buraxılış qaydaları təlimatı təşkilatın rəhbərliyi tərəfindən hazırlanır və yerli polis orqanı ilə razılaşdırılır, təlimatda tirlərə giriş, çıxış, silah və sursatın gətirilməsi, istifadə olunması, çıxarılması qaydalarına ciddi riayət olunması nəzərdə tutulmalıdır...
Qərardan göründüyü kimi, tir sıradan bir əyləncə və atraksion vasitəsi deyil. Burada silahlarla təmas məsələsi olduğundan hər bir detala ciddi diqqət edilməlidir. Necə olur ki, 6-cı sinif şagirdinin əlinə tüfəng verilir və bu tüfəng də, bədbəxtlikdən şagirdin sinif yoldaşına tuşlanmış olur və atəş açılır?
Hadisə ilə bağlı "Şərq”ə danışan İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay tirlər də daxil, bütün atraksionlarda təhlükəsizilk qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğuladı:
- Biz bəzən şahidi oluruq ki, hansısa əyləncə mərkəzində, istirahət parkında nəsə bir bədbəxt hadisə baş verdi, atraksionlarda kimlərsə xəsarət aldı, hətta bəzən ölümlə nəticələnən faciəli hadisələr də yaşanır. Bunun səbəbi odur ki, nəzarət mexanizmi kifayət qədər deyil, təhlükəsizlik qaydalarına riayət edilmir. Tirlərdə silahlardan istifadə edilir, bunlar pnevmatik silahlardır. Hansı ki, bu cür silahlardan Silahlı Qüvvələrdə, hüquq-mühafizə orqanlarında da təlim məqsədilə istifadə edilir. Bir yerdə ki, istifadə olunan alət silahdır, orada çox ciddi nəzarət mexanizmi təşkil edilməli, ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri alınmalıdır. İndi görürsünüz, orta məktəb şagirdləri istirahətə gediblər, əylənmək istəyiblər, amma qaydaların pozulması, təhlükəsizliyə riayət olunmaması hansı ağır nəticəyə gətirib çıxarıb. Bildiyim qədər sovet vaxtı tirlər "DOSAAF” deyilən bir quruma daxil idi. Bu təşkilat təlim, öyrənmək məqsədilə tir atışları həyata keçirirdi. Şəhərin müxtəlif yerlərində, bulvarda olurdu belə tirlər. İnsanlar yaxınlaşırdı, atış qabiliyyətlərini yoxlayırdılar. Hətta hədəfi düzgün vuranlara da hədiyyə də verilirdi. Yəni, tirlərə nəzarət bir nöqtədə birləşdirilmişdi. Çünki belə atraksionları başlı-başına buraxmaq olmaz. Harda ki, insan həyatı üçün təhlükə yaranma ehtimalı var, orada güclü nəzarət olmalıdır. Tir fəaliyyəti ilə məşğul olanların, əyləncə mərkəzində tir atışları təşkil edənlərin məsuliyyəti olmalıdır, cavabdehlik daşımalıdırlar. Tir ərzaq mağazası deyil ki, kim istəyir girib-çıxsın. Tirlərdən istifadənin xüsusi instruksiyası var və ora gələn adama da bunlar bildirilməlidir, qaydalar öyrədilməlidir. 6-cı sinif şagirdi silahla davranma qaydalarını bilməz. Orada mütləq bir nəzarətçi, instruktor olmalıdır ki, istiqamət versin, qaydaları başa salsın. Hətta tirdə hədəfləri dəyişdirənə güllə dəyməsi halları da bəzən olur. Yəni, naşı insanın əlində silah çox təhlükəlidir.
İ.Altay uşaqların nəzarətsiz qalmasının bədbəxt hadisələrə səbəb olduğunu da vurğuladı:
- Çox zaman müşahidə edirik ki, bir qrup məktəbli əyləncə mərkəzlərinə istirahətə gedir, əyləncə mərkəzlərində müxtəlif şənliklər keçirir, tədris ilinin başa çatmasını qeyd edirlər. Amma baxırsan ki, yanlarında nə bir böyük, nə məktəb rəhbərliyindən, müəllimlərdən kimsə var. Valideynlər də bəzən uşaqlarını başlı-başına buraxır ki, get şənlik keçir. Bunu uşaqların üzərində daimi nəzarət kimi qəbul etmək lazım deyil. Valideyn elə edə bilər ki, uşaq ona kənardan nəzarət olduğunu və ya ata-anasının ona güvənmədiyini heç hiss etməz. Təəssüf ki, bizim valideynlər də laqeyddirlər. Düzdür, hüquq-mühafizə orqanları əlamətdar günlərdə gücləndirilmiş iş rejimində çalışır, amma hesab edirəm ki, əyləncə və istirahət mərkəzlərinə, parklarda polis nəzarəti daha da gücləndirilməlidir. Məktəblilər də istirahət edərkən, əylənərkən məktəb rəhbərliyindən mütləq kimlərsə orada iştirak etməlidir.
Qeyd edək ki, hadisənin baş verdiyi "Akvarium” əyləncə mərkəzi ilə dünən əlaqə saxladıq. Mərkəzin əməkdaşı hazırda istintaq aparıldığını və buna görə də hər hansı açıqlama verə bilməyəcəklərini dedi.
Məlahət Rzayeva