Gənclər xaricə oxumağa orda universitetlərdə ödənişlər bizdən aşağı olduğuna görə gedirlər
Qəbul imtahanlarında maksimum nəticə toplayan şagirdlərin, həmçinin magistr üzrə təhsil almaq istəyən tələbələrin əksəriyyəti təhsilini davam etdirmək üçün xarici ölkəyə üz tuturlar. Onların belə addım atmaları ilə bağlı hər zaman müxtəlif suallar yaranır.
Bəs, şagirdlərin xarici ölkələrə üstünlük vermələrinin əsas səbəbi nədir? Maraqlıdır, yerli təhsil sistemi onları qane etmir, yoxsa bu hal mentalitetlə bağlı olan bir məsələdir?
Xaricdə təhsilini davam etdirmək istəyən şagirdlərdən biri də Jalə Məmmədovadır. O, iyulun 22-də keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplayıb: "İlk imtahanda iştirak edəndə yalnız bir suala cavab verə bilmədiyim üçün 695 bal toplamışdım. Qarşıma məqsəd qoydum ki, ikinci imtahanda mütləq şəkildə 700 bal yığacam və istəyimə də nail oldum. Hansı ali təhsil müəssisəsini seçəcəyim barədə dəqiq qərarım yoxdur. Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram”.
Ölkəmizdə təhsil almaq üçün xaricə üz tutanların hər zaman olduğunu deyən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, inqilaba qədərki dövrdə bir çox azərbaycanlı ziyalılarımız, tanınmış şəxsiyyətlərimiz xaricə tələbələr göndəriblər:
"O vaxtlar elə dövr idi ki, bizdə hansısa sahə yoxuydu və dünyaya inteqrasiya lazım idi. Amma sovet dönəminin son vaxtlarında da bizdən Rusiyaya kütləvi göndərmələr olurdu. İndi isə xaricdə təhsilə elə də ehtiyac yoxdu. Düzdü, bizdə dövlət proqramı oldu və müəyyən qruplar xaricə təhsil almağa getdi. Dövlət proqramı başa çatdıqdan sonra bu məsələdə müəyyən dəyişiklik edildi. Dəyişikliyə əsasən xaricdə təhsil almaq yalnız magistratura və doktorantura sahəsinə aid edildi. Şübhəsiz ki, bu bizdə birmənalı qarşılanmadı və əks təsir yaratdı. Belə addımı insan hüquqlarının pozulması kimi qiymətləndirdilər”.
Ekspert həmçinin söyləyib ki, xaricdə təhsilə üstünlük verilməsi qiymətlərin ölkəmizə nisbətən ucuz olmasıdır:
"Burda da bir həqiqət görürəm. Bir vaxtlar var idi ki, küçələrdə, tinlərdə, marketlərdə xaricdə təhsillə bağlı reklamlar və elanlar olurdu. Sonra məlum oldu ki, bu ölkələrin diplomları ölkəmizdə təsdiqlənmir və problemlər yaranır. Şəxsən mən xaricdə təhsilin müəyyən qədər məhdudlaşdırılmasının tərəfdarıyam. Elə sahələrə adam göndərməliyik ki, bizdə o sahə olmasın və ya zəif olsun. Xaricdə təhsilin müsbət tərəfləri kimi mənfi tərəfləri də var. Əvvəla, Azərbaycandan beyin axını və külli miqdarda valyuta gedir. Həmçinin bizim universitetlər inkişafdan qalırlar. Xaricə gedən bakalavrların böyük əksəriyyəti geri qayıtmır, çünki gedib xarici mühitə öyrəşirlər. Amma magistr və doktorların qayıtma ehtimalı çoxdur. Çoxusu ailə qurur deyə istər-istəməz qayıtmalıdır. Xarici ölkələrdə əksər universitetlərin ödənişləri bizdən xeyli aşağıdır. Lakin biz ödənişləri qaldırmaqda davam edirik. Ödənişlərin qaldırılması bu prosesi bir az sürətləndirə bilər. Ona görə də universitetlərdəki təhsil haqqı ilə bağlı məsələlər nizama salınmalıdır”.
Yeganə Bayramova