Şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi normal haldır
Əlbəttə, valideynlər üçün şərait yaradılmalıdır, əgər məktəb evdən uzaqdadırsa, kəndin bələdiyyələri və icra nümayəndələri avtobus təşkil eləməlidir, kiminsə gedib-gəlmək imkanı yoxdursa, müəyyən şərait yaradılmal
Masallı rayon Kürdəbaz kənd ümumi məktəbinin ləğv edilərək başqa məktəblə birləşdiriləcəyi deyilir. Lakin məktəbin müəllim və şagird heyəti məktəblərinin ləğv edilməsini istəmir.
Valideynlər müraciətlərində bildiriblər ki, Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov məktəbinin göstəricilərinin çox zəif olduğunu deyir, amma bu, yalandır: "Hazırda məktəbdə 87 şagird, 14 müəllim heyəti var. Kürdəbaz kənd ümumi məktəbi 1989-cu ildən fəaliyyət göstərir və rayon sakinləri tərəfindən tikilib”.
Şikayətçilər deyir ki, Kürdəbaz kənd ümumi məktəbi qonşu Qarğalıq kənd məktəbi ilə birləşdiriləcək: "Kəndlər arasında 4 km məsafə var. Tutaq ki, birləşdirilsə, soyuq havalarda uşaqlar üçün çətin olacaq. Bizim kəndi ümumiyyətlə təcrid etmək istəyirlər. Kəndimizdə nə kitabxana, nə mədəniyyət klubu var. Məktəbi də yox etmək istəyirlər”.
Oxşar hadisə Tovuzun Düz Qırıqlı kənd orta məktəbində də qeydə alınıb. Millət vəkili Qənirə Paşayeva şəhid Nağı Əmiraslanov adına Düz Qırıqlı kənd orta məktəbinə gedib. Məktəbin müəllim və valideyn heyəti Təhsil Nazirliyi tərəfindən məktəbin bağlanması, müəllim və şagirdlərin digər məktəbə köçürülməsi ilə bağlı verilən qərara görə narahatlıqlarını dilə gətiriblər. Q.Paşayeva onları narahat edən məqamlarla bağlı Təhsil Nazirliyinin rəhbər şəxslərinə təkrar müraciət edib, müzakirə aparılıb. Onlar bildiriblər ki, müəllimləri və valideynləri narahat edən bütün məsələlərin öz həllini tapması üçün addımlar atılacaq.
Məktəblərin birləşdirilməsi məsələsində Təhsil Nazirliyinin mövqeyini dəstəklədiyini deyən təhsil üzrə ekspert Əjdər Ağayev bildirib ki, nazirlik məktəblərdəki tələbə kontingentinin sayını nəzərə alır və şagirdləri az olan məktəbləri birləşdirirlər:
"Təhsil Nazirliyi bu qərarı əsaslandıraraq verir. Valideyn subyektiv şərhlərlə bildirir ki, "mənim uşağım yaxınlıqdakı məktəbə getməlidir”. Amma nəzərə almır ki, az uşaqla bir məktəb saxlamaq xeyli xərc tələb edir. Ona görə də vəsait çox olduğu üçün, bu, dövlətə sərf eləmir.
Əlbəttə, valideynlər üçün şərait yaradılmalıdır, əgər məktəb evdən uzaqdadırsa, kəndin bələdiyyələri və icra nümayəndələri avtobus təşkil eləməlidir, kiminsə gedib-gəlmək imkanı yoxdursa, müəyyən şərait yaradılmalıdır. Yəni bu işə kompleks olaraq yanaşılmalıdır və hər kəs üzərinə düşən işi görməlidir.
Məktəblərin birləşdirilməsini Təhsil Nazirliyi məsləhət bilir, bu hadisə göydəndüşmə ola bilməz. Nazirliyin bu tədbirini məqbul hesab edirəm. Lazım bilir ki, birləşdirmək istəyir”.
Yeganə Bayramova