Nabatəli Qulamoğlu: “Biz köhnə təhsil sistemi ilə nə qədər çalışsaq, eyni nəticələr əldə edəcəyik”
Təhsildə ciddi dəyişiklik olmalıdır
Şahlar Əsgərov: “Bu iş təkcə nazirlikdən də asılı deyil. Cəmiyyət də bununla bağlı ortaya mövqe qoymalıdır”
Nabatəli Qulamoğlu: “Biz köhnə təhsil sistemi ilə nə qədər çalışsaq, eyni nəticələr əldə edəcəyik”
Nabatəli Qulamoğlu: “Biz köhnə təhsil sistemi ilə nə qədər çalışsaq, eyni nəticələr əldə edəcəyik”
Azərbaycanda təhsilin səviyyəsi getdikcə aşağı düşür. Yəni "İl ildən sərt gəlir” məsələni belə yerdə deyiblər. Builki buraxılış imtahanlarının nəticələri daha dözülməz olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının nəticələrinin statistik göstəricilərini açıqlayıb.
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85 faizi ana dili fənni üzrə, 57.98 faizi riyaziyyat fənni üzrə "2” və "3” qiyməti alıb. 11-ci sinif şagirdlərinin 45.67 faizi ana dili fənni üzrə, 35.39 faizi riyaziyyat fənni üzrə "2” və "3” qiyməti alıblar.
20 ildir Azərbaycan təhsilinin bu gündə olduğunu vurğulayan təhsil üzrə ekspert, sabiq millət vəkili Şahlar Əsgərovun sözlərinə görə, təhsilin hazırkı vəziyyətinin üstünə ciddi düşülməsə, növbəti illərdə bizi daha ağır fəsadlar gözləyir: "Azərbaycan elminin hazırkı vəziyyətindən çıxış yolu haqqında mən "Təhsilimiz bu gün, sabah” adlı kitab yazmışam. Problemdən çıxış yollarını orada göstərmişəm. Ciddi dəyişiklik olmalıdır. Gələn il də belə olacaq. Təhsildə hərtərəfli struktur islahatları getməli, proqram təminatı yaxşılaşdırılmalıdır. Məzmun islahatı aparılmalıdır”. Ş.Əsgərovun qənaətincə, bu sahədə islahatlar aparmaq üçün əvvəlcə müəllimlərlə, tələbələrlə, eləcə də valideynlərlə işlər getməlidir: "Təhsilin bugünkü vəziyyəti mediada, televiziyada qabardılmalıdır. Təhsil Nazirliyi əlindən gələni etməyə və vəziyyəti düzəltməyə çalışır. Bunu hiss edirik. Bu iş təkcə nazirlikdən də asılı deyil. Cəmiyyət də bununla bağlı ortaya mövqe qoymalıdır. Baş nazirindən TQDK-sına kimi hər kəs bu işə qol qoymalıdır. Hazırkı problemin 100 halqası var. Bir halqasını düzəltməklə o demək deyil ki, məsələ həll olunacaq”.
Azərbaycanda təhsilin sadəcə sözdə prioritet olduğunu vurğulayan təhsil eksperti Nabatəli Qulamoğlu bildirib ki, reallıq tamam başqa cürdür:
"Hər nə qədər statistika ilə manipulyasiya edib, Azərbaycan təhsilinin inkişafda olduğunu vurğulasalar da, nəticə göz önündədir. Bilmirəm bunlar hansı inkişafdan danışırlar? Düzdür, müəyyən "qaymaq” şagirdlər var ki, onların bilgiləri ildən-ilə həqiqətən də genişlənir. Amma 10 şagirdin ötən ilki buraxılışdan daha yüksək nəticə göstərməsi inkişaf deyil axı! Təhsilin səviyyəsi məktəblərdəki ümumi vəziyyətlə əlaqəlidir ki, bu sahədə də nəticələr çox acınacaqlıdır. Ən pisi də odur ki, bu nəticələr stabildir”.
Azərbaycanda təhsil sisteminin quruyan ağaca bənzədiyini vurğulayan ekspertin sözlərinə görə, təhsili inkişaf etdirməyin yeganə yolu kardinal islahatlar keçir: "Qurumuş ağacı nə qədər suvarsan, yenə də ondan bir nəticə görə bilməyəcəksən. Bu baxımdan biz köhnə təhsil sistemi ilə nə qədər çalışsaq, eyni nəticələr əldə edəcəyik. Artıq bu sahədə ciddi dəyişikliklərin vaxtı çatıb. Təhsil sistemini yenidən işləyib hazırlamaq lazımdır. Bu istiqamətdə daha dərin islahatlar aparılmalıdır. Bu hökumət isə köklü islahatlara razı deyil. Hardadır Təhsil Strategiyasının nəticələri? Təhsili Azərbaycanda prioritet sahə etməyiblər. Yaxın gələcəkdə də olacağını güman etmirəm. Azərbaycanda məqsədyönlü şəkildə təhsili məhv edirlər. Bu gedişlə gələn il də eyni nəticələri əldə edəcəyik. Bizim orta məktəbi bitirən məzunların arasında maksimum 15 faiz normal səviyyəli şagird olur. 2 ildən artıq Strategiya qəbul olunub, amma hələ də ortada işlək mexanizm yoxdur”.
Azərbaycan təhsilində prestij olmadığını vurğulayan N.Qulamoğlunun sözlərinə görə, cəmiyyətdə yanlış bir rəy formalaşıb ki, elm, təhsil arxasınca düşənlərin gələcəkləri perspektivsiz olur: "Baxırlar ki, biliyə qiymət verən yoxdu. Yaxşı biliyin, savadın olsa da, əmək bazarında özünə bir yer tuta bilmirsən”.
Ekspertin qənaətincə, göstəricilərin aşağı olması sistemin ağırlığı və tərtib olunan test suallarının mahiyyətindən bir o qədər də asılı deyil: "Buraxılış imtahanları hələ ki köhnə sistem əsasında aparılır, kurikulum sisteminə keçilməyib. Ona görə də "sistem ağırdır” iddiasını qəbul etmirəm. Bir tədqiqatçı olaraq, Azərbaycan dilindən Tələbə Qəbulu Dövlət Komissiyasının test materiallarını dəfələrlə təhlil etmişəm. Hər il test imtahan sualları ilə tanış olub, araşdırma aparıram. Doğrudur, müəyyən səhvlər olur, amma ən azından iradlardan nəticə çıxarırlar. Buraxılış imtahanlarının sualları o qədər də çətin olmur. Qəliz sualların miqdarı azlıq təşkil edir. Deyək ki, TQDK test imtahanları şagirdlərin göstərdiyi müvəffəqiyyətlərin 10 faizini təşkil eləsin. Bəs, qalan nəticələri kimin ayağına yazaq?”
Şəymən