Təhsildə təmayülləşmə prosesi yaxşı haldır

Əjdər Ağayev: “Problem bundadır ki, bizdə bu üsulla tədris keçə biləcək usta müəllimlər varmı?”



Ölkənin 5 şəhərini və 36 rayonunu əhatə edən daha 124 məktəb tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihəyə qoşulub. Yeni tədris ilindən etibarən 182 məktəbin 10-cu sinfindən başlayaraq tam orta təhsil səviyyəsi təmayüllərlə təşkil olunacaq. Qeyd edilir ki, bu layihənin icrasına 2011-ci ildən başlanılıb və ilkin olaraq 5 məktəbi əhatə edib.

Həmin məktəblərdə təhsil 4 istiqamət - texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri üzrə aparılır. Tədrisin bu formada təşkili şagirdlərə gələcəkdə istədikləri ixtisaslara uyğun biliklərini inkişaf etdirmək imkanı yaradacaq. Həmçinin, dərs saatlarının əksər hissəsinin ixtisas fənlərinə ayrılması şagirdlərin müvafiq istiqamətdə daha çox bilik qazanmalarına yol açır. Təmayüllü siniflərdə ən azı 20 şagird olmalıdır. Nəzərdə tutulur ki, gələcəkdə təmayüllər üzrə tədris bütün məktəblərdə tətbiq edilsin.

Lakin təhsilin təmayülləşməsinin mənfi tərəfləri olduğunu deyənlər də var. Məsələn, bəzi valideynlər hesab edir ki, şagirdlər seçəcəkləri ixtisas üzrə təmayüllü siniflərdə tədris aldıqları zaman digər fənlərdən zəifləyirlər. Diqqət daha çox ixtisas fənlərinə ayrıldığından şagird

bütünlüklə həmin fənlərə köklənir. Bu isə şagirdin biliklərə hərtərəfli yiyələnməsinə mane olur. Digər tərəfdən əgər şagird sonradan ixtisas yönümünü dəyişmək istəyərsə, təmayül üzrə təhsil alması qəbul imtahanlarında ona çətinlik yaradacaq. Təmayül üzrə təhsil şagirdi konkret bir ixtisasa bağlayır. Və belədə yeniyetmə istəklərini dəyişmək şansından məhrum olur.

Təhsil mütəxəssisi, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev isə hesab edir ki, təmayüllər üzrə tədrisin müsbət tərəfləri çoxdur:

- Buna dərinləşdirilmiş tədris, yaxud təmayüllü tədris deyilir. Bu, bizim öz zəngin təhsil təcrübəmizdə illər öncə də olub. Layihənin ilkin icra vaxtlarında məktəblərin sayı 50 idi, indi 124-ə çatdırılır. Şagirdlər 10-11-ci siniflərdə təmayüllər üzrə istiqamətləndirilir ki, uşaq düzgün seçim etsin, təhsilini meylinə uyğun davam etdirsin. Bu layihənin bir məqsədi də peşə yönümünü artırmaqdır. İndiki duruma uyğun bir layihədir. Şagird son hədəfə istiqamətləndirilir. Layihənin icrası zamanı təmayülün adını daşıyan fənlər tam keçiləcək, digər fənlər isə nisbətən az. Təmayüldəki fənlərə, deyək ki, əvvəlcə 4 saat ayrılırdısa, indi 6 saat ayrılacaq. Təmayüldən kənar fənləri isə 2 saat keçəcəklər. Bir qüsur bundadır ki, təmayülləşmə siniflərində informatika proqramdan çıxarılıb. Bundan valideynlər də narazıdır. Çünki müasir dünyada informatika bilikləri çox vacibdir. Heç olmasa, 2 dərs saatı ayırmaq lazımdır. İnformatika da, ana dili də, tarix də bütün təmayüllərdə olmalıdır. Bəziləri irad bildirir ki, şagirdlər təmayülləşdikdə digər fənlərdən zəifləyirlər. Amma burada diqqət etməli nüanslar var. Əhatəli tədris, bütün fənlərlə bağlı orta bilik səviyyəsi, məhz orta məktəb anlayışına aiddir. Yəni, şagird 10-cu sinfə qədər bütün fənləri orta səviyyədə mənimsəyir. Onsuz da, hər şagirdin sevdiyi, maraq göstərdiyi, daha artıq müvəffəqiyyət qazandığı fənlər olur. Kimisi kiçik yaşlarından riyaziyyatı yaxşı mənimsəyir, kimisi ədəbiyyatı, tarixi, coğrafiyanı sevir. Amma orta təhsil bazasında bütün fənlər keçilir. Tam orta təhsil isə artıq 10 və 11-ci siniflərə aiddir. Bu siniflərdə şagirdlərin təmayüllər üzrə istiqamətlənməsi onların bilik səviyyəsinin dərinləşməsinə, konkret istiqamət üzrə təmayülləşməsinə imkan yaradır. Bu, çox yaxşıdır. Problem bundadır ki, bizdə bu üsulla tədris keçə biləcək usta müəllimlər varmı? Təmayülləşmə layihəsinin icrası üçün tədris proqramları tərtib edilib, amma müəllimlər həmin tədris proqramına uyğun dərs keçə biləcəklər, yoxsa elə köhnə qayda ilə işləyəcəklər? Hesab edirəm ki, biz işin bu tərəfinə diqqət ayırmalıyıq.

Məlahət Rzayeva