Təhsilini yarımçıq qoyan tələbələr minlərlədir

Hökumət göstəriş verməlidir ki, I kursda da təhsil haqları hissə-hissə ödənilsin



Millət vəkili Qənirə Paşayevanın fikrincə, ali təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan 1-ci kurs tələbələrindən illik təhsil haqqının öncədən tamamilə ödənilməsinin tələb edilməsi doğru deyil. Millət vəkilinin sözlərinə görə, bu, ailəsinin maddi vəziyyəti çətin olan bəzi tələbələrin öz təhsilindən imtina etməsinə səbəb olur. Təhsil haqqının hissə-hissə ödənilməsini vacib hesab edən Q.Paşayeva deyib ki, təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır. Onun sözlərinə görə, özəlliklə bu problem kənd rayonlarında çox ciddidir, ona görə də təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə ciddi genişlənməlidir.

Qeyd edək ki, tələbə adını qazanmış şəxslər qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçərkən illik təhsil haqqını tam şəkildə ödəməlidir. Əks halda, onlar qeydiyyatdan keçə bilmir. Ikinci kursda hissə-hissə ödəmək imkanı yaradılsa da, birinci kursda belə bir güzəşt yoxdur. Tələbə adını qazanmış şəxslər təhsil haqqını ödəyə bilmədiyi üçün dəfələrlə DİM qeydiyyat vaxtını uzadıb ki, tam ödənişə nail olunsun.

Amma tələbə bunu necə ödəsin? Uzun müddət repetitor yanında hazırlaşmış, kifayət qədər vəsait xərcləmiş adamlar birdəfəlik ödəniş etməyə qadir deyillər.

Sabiq təhsil naziri Firudin Cəlilov da hesab edir ki, dövlət ali təhsil müəssisələrinə təhsil haqqını hissə-hissə almaq göstərişi verilməlidir: "İnsanların maddi imkanını nəzərə almaq lazımdır. Əlbəttə ki, özəl ali təhsil müəssisələrinə bunu diktə etmək olmaz. Amma dövlət ali təhsil müəssisələrinə göstəriş vermək olar ki, 1-ci kursda da təhsil haqqını hissə-hissə alın. Burada çətin heç nə yoxdur. Bu, tələbə kreditləri məsələsini də gündəmə gətirir. Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, reallaşdırılmır. Çünki oxumaq havayı deyil. Oxumaq üçün pul ödəmək lazımdır. Bunu da ya dövlət ödəməlidir, ya da tələbənin valideyni. Özəl ali təhsil müəssisələrində valideynlərin özləri ödəyir. Amma dövlət hesabına olan universitetlərdə bunu valideyn ödəməməlidir. Tələbə krediti olarsa, tələbə təhsil haqqını ödəyər, sonra da bir neçə il işləyib o pulu geri qaytarar”.

Təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, təhsil haqqının yüksək olması, ölkəmizdə valyuta və beyin axınına səbəb olur: 

"Bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Çünki ali məktəblərə daxil olsalar da, ilk gündən ondan imtina edən və ya I, II kurslardan sonra təhsillərini yarımçıq qoyan tələbələrin sayı artıq yüzlərlə deyil, minlərlədir. Elə təkcə Tibb Universitetində bəzi ixtisaslarda illik ödənişin 4000-4500 manat olmasını cəmiyyətin sərt təpki ilə qarşılaması, vəziyyətin nə qədər arzuolunmaz olduğunun bariz göstəricisidir. Bir çox məzunlarımız isə nisbətən ucuz ödəniş axtarışı ilə xarici universitetlərə üz tuturlar. Bu, təbii ki, ölkəmizdən valyuta və beyin axınını şərtləndirir”.

Ekspertin sözlərinə görə, aidiyyəti qurumlar bu məsələni yenidən götür-qoy etməlidirlər:

 "Həm Təhsil Nazirliyi, həm ali və orta ixtisas müəssisələri, həm Dövlət İmtahan Mərkəzi, həm də Tarif Şurası ödənişli qəbul sayının, nisbət faizinin mümkün qədər aşağı endirilməsi və ya təhsil haqlarının azaldılması barədə təkliflərə dəstək verməli, müvafiq qərar qəbul edilməsinə öz səylərini əsirgəməməlidirlər. Çünki universitetlərə 500-600 və ya ondan çox balla daxil olan abituriyentlər əsasən ödənişli əsaslarla təhsil almalı olurlar. Bu, əhalinin əksər sosial kateqoriyaları üçün əlçatmazdır”.

Şəymən